Bu ilin yanvar-may aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 21,9 milyard manat təşkil edib.
Bu barədə Baki-baku.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin ilk 5 ayı ilə müqayisədə 0,8 milyard manat və ya 3,8 % çoxdur.
Bu ilin 5 ayında paytaxtda sənaye məhsulunun 72,9 %-i mədənçıxarma, 23,4 %-i emal, 2,8 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,7 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,2 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,8 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin iyunun 1-nə 540 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 37,7 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 27,5 milyard manatlıq və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2 % çox sənaye məhsulu istehsal edilib, məhsul istehsalı neft-qaz sektorunda 0,9 % azalıb, qeyri neft-qaz sektorunda isə 5,8 % artıb.