Bakı Zooloji Parkı və Bakı Abadlıq Xidməti uşaqlarda canlı təbiətə marağı artırmaq, onlarda heyvanlar aləminə sevgi və qayğı hissini gücləndirmək məqsədilə yeni layihəyə başlayıb.
Bakı Abadlıq Xidmətindən Baki-baku.az-a bildirilib ki, layihə çərçivəsində Bakı Zooloji Parkında hər ay uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq. Məqsəd hər ziyarəti uşaqlar üçün daha maraqlı, əyləncəli və unudulmaz etməkdir.
Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva bildirib ki, canlı təbiətlə ünsiyyət uşaqların tərbiyəsi, dünyagörüşlərinin formalaşması üçün çox vacibdir:
“Mərhəmət hissi, məsuliyyət hissi uşaqların gələcəyində mühüm yer tutacaq. Bu məqsədlə Bakı Abadlıq Xidməti və Bakı Zooloji Parkı ayda bir neçə dəfə uşaqlar üçün əyləncələr təşkil edir. Məqsəd odur ki, uşaqlar Bakı Zooloji Parkına daha həvəslə gəlsinlər, hər dəfə buradan daha xoş xatirələrlə, təəssüratlarla ayrılsınlar”.
Əyləncə günləri həm xüsusi günlərdə, həm də adi günlərdə keçiriləcək.
Qeyd edək ki, tədbirlərlə bağlı elanlar Bakı Zooloji Parkının rəsmi sosial media səhifəsində paylaşılacaq.











