Qazaxıstanın Daxili İşlər Nazirliyinin (DİN) Milli Qvardiyasının nümayəndə heyəti Bakıya səfər çərçivəsində azərbaycanlı həmkarlarının ictimai asayişin təmin edilməsi üzrə iş təcrübəsi ilə tanış olub.
Bu barədə Baki-baku.az Qazaxıstan DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
“Qazaxıstan nümayəndə heyətinin rəhbəri, daxili işlər nazirinin müavini, Milli Qvardiyanın Baş komandanı Ansaqan Baltabekov Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovla görüşüb. Onunla ictimai asayişin təmin edilməsi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələlərini müzakirə edib. O, həmçinin Azərbaycanın Daxili Qoşunlarının komandanı Şahin Məmmədovla görüş keçirib”, – nazirliyin məlumatında bildirilib.
Bundan əlavə, Qazaxıstanın nümayəndə heyəti Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş İctimai Təhlükəsizlik İdarələrinin fəaliyyəti ilə tanış edilib.
Görüşlər zamanı A.Baltabekov ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində son illər ərzində əldə edilmiş təcrübə və ən yaxşı praktikalarla mübadilənin vacibliyini qeyd edib.
Azərbaycan Daxili Qoşunlarının komandanı general-leytenant Şahin Məmmədov öz növbəsində xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi üçün Qazaxıstan tərəfi ilə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.
DİN-dən qeyd edilib ki, Qazaxıstan nümayəndə heyəti Bakı şəhərində ictimai asayişi təmin edən hərbi hissə ilə tanış edilib, silah və texnika növləri təqdim edilib.
Qazaxıstan nümayəndə heyəti, həmçinin 2014-cü ildən kursantlara təlim keçən Daxili Qoşunların hərbi institutunu ziyarət edib. “Tərəflər zabit kadrlarının hazırlanması, təlim metodikası barədə fikir mübadiləsi aparıblar, həmçinin iki ölkənin hüquq-mühafizə qoşunlarının təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər”, – məlumatda qeyd olunub.