Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/16/2026

Paylaşın

TARİX

Babək Xürrəmi və Xürrəmilər Dövləti – Tarixin yenidən oxunuşu

WhatsApp Image 2026-04-16 at 09.28.45

Təbəri: “Babək Xürrəminin rəhbətlik etdiyi Xürrəmilər adlı dövləti, Bəzz adlı paytaxt şəhəri, ordusu, sərkərdələrdən və qoşun başçılarından ibarət Hərbi Şura adlı idarəetmə orqanı, al rəngli bayrağı və 22 il 5 ay ərzində nəzarət etdiyi tarixi ərazilər olmuşdur”.

Millət, məmləkət, dövlət də insan kimidir, yaddaşı ilə yaşayır. Yaddaşımızda silinməz izlər qoyan, milli kimlik uğrunda mücadilənin sərkərdələrindən birinə çevrilən, “Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq xoşbəxtlikdir!” nidası ilə tarix yaradan Babək Xürrəminin milli kimliyi ilə bağlı suallar yüz illərdir insanları düşündürür. Tarixə məlum olan çoxsaylı faktlara istinadən qeyd edə bilərik ki, 20 il Ərəb Xilafətinə qarşı savaşan Babək Xürrəmi təkcə Xürrəmilər hərəkatının öndəri deyil, Ərəb Xilafətindən asılı olmayan qüdrətli Azərbaycan dövlətinin hökmdarıdır. Babək Xürrəmini Xürrəmilər hərəkatının öndəri və Abbasilərə qarşı üsyanın rəhbəri kimi qəbul edənlər, onu həm də işğala və istilaya qarşı mücadilənin Lideri kimi qəbul edirlər. Tarixdən bəllidir ki, hər bir üsyanın məntiqi nəticəsi ya müəyyən müddətdən sonra məğlub olmaq, ya da qalib gələrək öz hədəflərini genişləndirmək olur. Qədim dövr tarixində heç zaman bir üsyanın 20 ildən artıq davam etdiyi isə görülməyib. Deməli, 816–838-ci illər ərzində Babək Xürrəminin və Xürrəmilərin mücadiləsini adi bir üsyan olaraq qəbul etmək mümkün deyildir. Ona İslam dininə qarşı çıxan Türk sərkərdəsi olaraq da qəbul etmək olmaz. Tarixi faktlar sübut edir ki, Babək Xürrəmi İslam dininə qarşı deyil, ərəb istilasına qarşı mücadilə etmişdir.

Babək Xürrəmi Alban knyazları, Bizans İmperiyası Abbasilər Xilafətinin baş sərkərdəsi Afşin ibn Kavusla və Təbəristan valisi Məziyyarla rəsmi şəkildə məktublaşırdı

Tarixi qaynaqlarda Babək Xürrəminin kimliyini müəyyən etmək üçün xeyli sayda faktlar vardır. Mənbələrin məlumatları göstərir ki, Babək Xürrəmi yalnız bir üsyan başçısı olmayıb, həm də Ərəb Xilafətinə qarşı Xürrəmilərin başladığı Milli Azadlıq hərəkatının məntiqi nəticəsi kimi bölgədə yaranmış, Xilafətdən asılı olmayan müstəqil bir dövlətin hökmdarı olub. “Erkən orta əsrlərdə dövlətlərin varlığını bu amillər müəyyən edirdi: xalqın iradəsini ifadə edən xalq üsyanı, işğalçıya qarşı xalq azadlıq hərəkatı dalğası və ya konkret ərazilər üzərində hərəkat rəhbərliyinin davamlı nəzarəti, idarəetmə orqanının mövcudluğu. Dövlətçilik atributlarının – bayraq, taxt-tac, möhür, pul sikkəsi, digər amillərin mövcud olması, nəzarət edilən ərazilərin paytaxtının olması, həmin ərazilərin qorunmasını təmin edən ordunun varlığı, tarixi qaynaqlarda dövlət və onu idarə edən hökmdarın varlığını göstərən məlumatlar və əraziləri idarə edən şəxsin başqa xarici dövlətlərin hökmdarı ilə əlaqələri və idarəetmə sahəsindəki əməli fəaliyyəti şərt olaraq qəbul edilirdi.

Babək Xürrəminin rəhbətlik etdiyi Xürrəmilər adlı dövləti, Bəzz adlı paytaxt şəhəri, ordusu, sərkərdələrdən və qoşun başçılarından ibarət Hərbi Şura adlı idarəetmə orqanı, al rəngli bayrağı və 22 il 5 ay ərzində nəzarət etdiyi konkret ərazilər olmuşdur. Bundan əlavə, Babək Xürrəmi vilayət və şəhərlərə valilər təyin edir, dövlətin təməlinə zidd üsyan və qiyamları yatırırdı. Alban knyazları, Bizans İmperiyası Abbasilər Xilafətinin baş sərkərdəsi Afşin ibn Kavusla və Təbəristan valisi Məziyyarla rəsmi şəkildə məktublaşırdı”.

“Sən mənim yolumla getsəydin və öz sülalənin varisi olsaydın, onda varislik sənə keçə bilərdi”

Bu günə kimi Babək Xürrəminin kimliyi barədə yalnız ona düşmən mövqe tutan mənbə müəlliflərinin qeydləri əsas götürülüb, halbuki bu qüdrətli şəxsiyyətin, dövlət xadiminin məqamını onun öz dilindən bilmək daha doğru yanaşmadır. Bu baxımdan Babək Xürrəminin özü barədə söylədiyi fikirlərə diqqət yetirsək, onun özünü bir dövlətin hökmdarı kimi gördüyünün şahidi oluruq.

Təbərinin “Tarix Əl-Rüsul vəl Müluk” adlı əsərində Babək Xürrəminin Araz vadisindəki meşəlikdə olduğu zaman oğlundan gələn məktuba verdiyi cavabda bu cümlələrə yer verilib: “Bəlkə də mən bu gündən sonra çox yaşamadım, amma mən hökmdar adını daşıyıram. Və mən harada olsam, yaxud mənim barəmdə harda nə danışsalar, yenə də mən hökmdar olaraq qalıram”. Akademik Ziya Bünyadov Xürrəmilərlə bağlı “Azərbaycan VII-IX əsrlərdə” kitabında Babək Xürrəminin bu məktubundakı “hökmdar” kəlməsini padşah və şah kimi qeyd edir.

Burada diqqəti cəlb edən daha bir məqam Babək Xürrəminin özünü konkret bir sülalənin banisi kimi görməsi və oğlunun varislik hüququndan danışmasıdır: “Sən mənim yolumla getsəydin və öz sülalənin varisi olsaydın, onda varislik sənə keçə bilərdi; onda bir neçə gün qabaq sən həqiqətən mənim oğlum sayılırdın”. Səhl Sumbatla etdiyi söhbətdə Babək Xürrəmi bu faktla bağlı narahatlığını dilə gətirir və məlum olur ki, Babək Xürrəminin oğul övladlarının bəzisi idarəetmədən uzaq, digərləri də azyaşlı olduqları üçün Bəzz qalasının süqutundan sonra o, qardaşı Abdullahı öz yerinə varis təyin etmək fikrindədir və bu səbəbdən onu mənbələrdə İbn İstifanus kimi qeyd olunan Beyləqan hakimi Əbu Musa Yesayinin yanına göndərir.

Mənbədə bu haqda əks olunan məlumatda deyilir: “Yaxşı olmaz ki, mən və qardaşım bir yerdə qalaq, çünki birisi bizlərdən birinin izinə düşərsə, o biri salamat qalıb yaşayacaq. Mən özüm səninlə qalacağam, qardaşım Abdullah isə İbn İstifanusun yanına gedəcəkdir. Çünki biz nə olacağını bilmirik və sonradan bizim sülaləni davam etdirə biləcək varisimiz yoxdur”. Sənin çoxlu oğlanların var, deyə İbn Sumbat ona müraciət edir. Babək Xürrəmi cavab verir: “Onların arasında bir nəfər də olsun münasib olanı yoxdur”.

Babək Xürrəminin hökmdar olduğunu söyləməyə əsas verən daha bir mühüm fakt Cəlaləddin əs-Süyutinin “Tarix Əl-Xülafə” əsərində əks olunub. Akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” kitabında Süyutinin “837-ci ildə Mötəsim Azərbaycan padşahını əsir almışdır” deyə yazdığını bildirir. Əhməd İbn Əsəm əl-Kufinin “Kitab Əl-Fütuh” əsərində isə Babəkin oğluna yazdığı cavab məktubda onun məşhur kəlamı aşağıdakı şəkildə qeyd olunub: “Babək oğlunun məktubu ilə tanış olduqdan sonra məktubu gətirənin boynunu vurdu. Xəlifənin fərmanını isə heç açmayıb onun sinəsi üstə qoydu və ikinci elçiyə dedi: oğlumun yanına get və bu sözləri ona çatdır. Bir gün hökmdar kimi yaşamaq, qırx il qul qalmaqdan daha üstündür”.

Fizuni Astarabadinin “Kitabi Büheyrə” əsərində Babəkin cəlladlarının sayı 20 nəfər göstərilir

Tarixçi alim Səid Nəfisi isə öz əsərlərində Babək Xürrəminin geniş bir ərazidə hökmranlıq etməsindən danışır və bu ərazilərin coğrafi təsvirinə yer verir. Təbərinin “Tarixi Rusul Müluk”, Nizamülmülkün “Siyasətnamə”, Həmdullah Müstofvinin “Tarixi Qozide”, Qazi Əhməd Qaffarinin “Nigaristan”, Fəsih Heyrəvinin “Mücməli Fəsih”, Habili Zinət “Əl-Məcalis” əsərlərində Babək Xürrəminin cəlladları haqqında məlumat verilir. Hətta Fizuni Astarabadinin “Kitabi Büheyrə” əsərində onun cəlladlarının sayı 20 nəfər göstərilir.

Təkcə bu fakt  özü belə sübut edir ki, Babək Xürrəmi nə sıradan bir ölkənin lideri, nə də sıradan bir sərkərdə-xaqan olub. Elə olmasaydı, Babək Xürrəminin edam edilməsi üçün xüsusi məhkəmə və cəza mexanizmi işlənməzdi”.  Bu faktla bağlı aparılmış tədqiqatlarda diqqətdən qaçan daha bir maraqlı məqam isə şübhəsiz ki, bu qüdrətli sərkərdə-xaqanın irsi, şəxsiyyəti, hərəmxanası ilə bağlıdır. Sovet dövründə məlum səbəbdən təqdim etdiyimiz bu faktın üzərindən sükutla keçilib. Mənbələr onun arvadlarından ikisi – Bəzz qalasının sahibi olmuş Cavidanın dul qadını və Sünik – Zəngəzur Knyazı Vasakın qızı İbnət Əl-Kəldaniyə barədə daha ətraflı məlumat verir. Daha doğrusu bu fakt üstün bir məqam kimi təqdim olunur. Nüfuzlu alim, Xürrəmilər hərəkatı ilə bağlı ciddi əsərlərin müəllifi Səid Nəfisinin araşdırmalarına istyinad edərək deyə bilərik ki, görünür, Babək Xürrəminin bir neçə arvadı – həyat yoldaşı varmış. Onun qeydlərinə görə, Samirəyə aparılan əsirlər içərisində bir neçə qadın Babəkin arvadları idi.

Alban knyazları Babəkə mərtəbə baxımından özlərindən daha böyük nüfuz sahibi kimi yanaşıblar

İmadəddin İbni Kəsir “Əl-Bidaya və Nihaya” adlı əsərində Babək Xürrəminin Afşin tərəfindən ələ keçirilən ailə üzvləri barədə yazır: “Babəkinin 17 oğlu və özü ilə oğullarının 23 arvadı ələ keçirilmişdi.” Daha bir məqam Pavlikyanlar üsyanının yatırılması məqsədi ilə Babək Xürrəminin Quzey Azərbaycan ərazilərinə qoşun çəkməsidir ki, bu fakta da ayrıca diqqət yetirmək lazımdır. Belə ki, bu üsyanın yatırılması üçün Alban knyazları Babək Xürrəmiyə müraciət edərək ondan yardım istəmiş, yalnız onun bu işi həll edə biləcəyini bildirmişdilər. Alban knyazlarının “üsyanı yatırtmaq üçün başqa bir üsyan başçısına müraciət etməsi ağlabatan deyil. Aydındır ki, Alban knyazları Babəkə mərtəbə baxımından özlərindən daha böyük nüfuz sahibi kimi yanaşıb və hökmdar qismində onun bu üsyanı yatırmasını xahiş ediblər”.

Bundan başqa Babək Xürrəminin taxtı, bayrağı, Bəzz şəhərindəki sarayı, bu sarayı qoruyan 600 nəfərlik xüsusi mühafizə dəstəsi, məktublarına vurduğu möhürü və digər rəsmi dövlət atributları olub. Bu barədə İbnən Nədim, Əhməd Əsəm Əl-Kufi, Təbəri, Məqsudi kimi məşhur tarixçilər məlumat verib.

Dünya tarixçilərini düşündürən digər bir fakt isə Babək Xürrəminin hökmdarlığı dönəmində Xürrəmilərin pul vahidinin tarix elminə məlum olmamasıdır. Ciddi tarixçilər, tədqiqatçı alimlər bunu sadə bir fakta bağlayırlar: Babək Xürrəminin edamından sonra Xəlifənin əmri ilə onun pul vahidləri etibarsız hesab olunaraq dövriyyədən çıxarılmış, müasir İran ərazisində arxeoloji qazıntıların aparılmasına qoyulan qadağalar da tarixin bu sualını cavabsız qoymuşdur. Bunun digər bir ciddi səbəbi isə İran İslam Respublikası rejiminin Güney Azərbaycanda Səfəvilərdən, Əfşarlardan, Qacarlardan əvvəl qüdrətli bir Türk – Azərbaycan dövlətinin olmasını qəbul etməməsidir.

Bir gün hökmdar kimi yaşamaq, qırx il qul kimi yaşamaqdan daha üstündür!

Sadalanan faktlar sübut edir ki, həqiqətən də Babək Xürrəmi yalnız bir üsyan başçısı, Ərəb Xilafətinə qarşı Milli Azadlıq hərəkatının öndəri deyil, Xilafətdən asılı olmayan müstəqil Xürrəmilər Dövlətinin banisi, ilk və son hökmdarıdır. Hökmü isə belədir: “Mən hökmdar adını daşıyıram. Harada olsam, yaxud mənim barəmdə harada nə danışsalar, yenə də mən hökmdar olaraq qalıram. Bir gün hökmdar kimi yaşamaq, qırx il qul kimi yaşamaqdan daha üstündür!” Bu əzəməti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Azərbaycan xalqı Babək Xürrəmidən 1200, Nadir şah Əfşardan 300 il sonra Xudafərin körpüsündə, Şuşa qalasında Bayrağa döndüyü gün – 2020-ci il noyabrın 8-də yaşadı!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Bank Avrasiya" ASC bu ilin I rübünü 937 min manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni

Ən son

GÜNDƏM

Azərbaycanda aprelin 17-də 22 dərəcə isti olacaq.

GÜNDƏM

Azərbaycanda aprelin 17-də 22 dərəcə isti olacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin