Hər il 2 iyul tarixində Azərbaycanda Polis Günü qeyd olunur. Bu tarix ölkədə ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizədə xidmət göstərən polis əməkdaşlarının peşə bayramıdır.
Azərbaycan polisinin tarixi 1918-ci il iyulun 2-də, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının yaradılması ilə başlayır. Məhz buna görə də Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli Fərmanı ilə 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Bu il isə Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü qeyd olunur.
Ötən əsrdə müxtəlif tarixi mərhələlərdən keçən daxili işlər orqanları dövlətçiliyin möhkəmləndirilməsi, ictimai sabitliyin qorunması və hüquq qaydasının təmin edilməsində mühüm rol oynayıb. Xüsusilə müstəqilliyimizin ilk illərində ölkədə sabitliyin bərpası, cinayətkarlığa qarşı mübarizə və təhlükəsizliyin təmin olunması istiqamətində polis əməkdaşları fədakarlıq nümayiş etdiriblər.
Azərbaycan polisi Vətən uğrunda döyüşlərdə də böyük qəhrəmanlıq göstərib. Ermənistanın hərbi təcavüzünə qarşı aparılan mübarizədə yüzlərlə polis əməkdaşı şəhid olub, minlərlə əməkdaş yaralanıb. Onların bir çoxu göstərdikləri igidliyə görə yüksək dövlət təltiflərinə, o cümlədən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bu gün də Azərbaycan polisi müasir çağırışlara uyğun fəaliyyət göstərərək ictimai asayişin keşiyində dayanır, vətəndaşların hüquq və azadlıqlarının qorunması, təhlükəsizliyin təmin olunması istiqamətində məsuliyyətli xidmətini davam etdirir.
2 iyul – Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını təbrik edir, xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qəhrəmanların xatirəsini dərin ehtiramla yad edirik.