Nəşr edilmişdir 11/22/2024

Paylaşın

TARİX

Azərbaycan tacirləri Venesiyada (XVI-XVII əsrlər)

Venesiya XVI-XVII əsrlərdə Səfəvi ipək ticarəti üçün Avropaya əsas çıxış qapısı rolunu oynayırdı. Bundan əlavə, Venesiyanın ticarət baxımından yerləşməsinə görə Səfəvi saray təsərrüfatı üçün lazım olan əşyaları sifariş etmək və almaq üçün əlverişli yer hesab edilirdi. Xüsusilə, I Şah Abbasın hakimiyyəti dövründən etibarən diplomatik və ticarət məqsədləri ilə bir sıra Venesiyaya səfər edən Səfəvi tacirlərinə saray təsərrüfatına məxsus müxtəlif malların, o cümlədən ipəyin satışını həyata keçirmək və saray üçün lazım olan əmtəələri satın almaq həvalə olunurdu. Şah Abbasın Səfəvi taxtına çıxması Venesiya Respublikası ilə əlaqələrdə ticarət məsələlərinin möhkəmlənməsi dövrünün başlanğıcı oldu. Hər iki dövlət arasındakı münasibətlərdə ticarətin çəkisinin artması nəticəsində diplomatiya və ticarət bir-birindən ayrılmaz hala gəldi.

Ticarət məqsədləri ilə Səfəvilər dövləti və Venesiya arasında vaxtaşırı gedib-gəldikləri üçün tacirlər elçilik vəzifəsi üçün ideal namizəd hesab edilirdilər. Müharibə dövründə belə, hər kəsə bağlı olan sərhədlər tacirlərin üzünə açıq olduğu üçün onlar bu hərəkət azadlıqlarından da istifadə edirdilər.

Venesiya arxiv sənədlərində həmin şəhərdə Azərbaycan tacirlərinin fəaliyyəti ilə bağlı məlumatlara rast gəlmək mümkündür. Azərbaycanlı tacirlər ipəkdən əlavə, Venesiyaya çoxlu miqdarda tibbi faydalara malik bitkilər, mixək və s. ədviyyatlar gətirirdilər.

Azərbaycanlı tacirlər arasında Təbriz şəhərindən olanlar üstünlük təşkil edirdilər. Bu da təsadüfi deyildi. Belə ki, Təbriz hələ erkən orta əsrlərdən etibarən ticarətin inkişaf etdiyi və beynəlxalq ticarət yollarının kəsişməsində yerləşən şəhərlərdən idi. Təbrizli tacirlərdən Sücəddin Əsəd bəy və Hacı Eyvaz müxtəlif illərdə Səfəvi elçiləri kimi Venesiyaya da göndərilmişdilər. Venesiyada ticarətlə məşğul olan təbrizli Xoca Əli isə 1570-ci ildə Venesiya hökumətinin məktubunu I Şah Təhmasibə çatdırmaq üçün Səfəvi sarayına göndərilmişdi.

Venesiya arxiv sənədləri əsasında Təbrizlə bərabər, Naxçıvan və Ərdəbildən olan tacirlərin də Venesiyaya səfər etdikləri məlum olur. Naxçıvanlı tacirlər arasında Venesiyaya rəvənd gətirən Xəlil Miri oğlunu, Venesiyaya 20 bağlama ipək gətirmiş Qaraxan Hacı Bayram oğlunu, Hüseyn Əli oğlunu və Həsən Hacı Əbülqasım oğlunu göstərmək olar. Ərdəbilli tacirlərdən isə güzgü və şüşə ticarəti ilə məşğul olan Baba Əli Qələndər oğlunun adını çəkmək olar.

Azərbaycan tacirləri Venesiyaya səfərləri zamanı harda qaldıqları yəqin ki, sizə maraqlı olar. Tacirlər həmin şəhərin Rialto körpüsü və San Marko meydanı ətrafında yerləşən əsas ticarət mərkəzlərinə yaxın yerlərdə qalırdılar. Maraqlısı odur ki, XVI əsrdə Rialto körpüsünün yaxınlığında Səfəvi tacirlərinin alış-verişlə məşğul olduqları ayrıca karvansaranın mövcud olduun deyirlər. XVI əsrin sonunda həmin karvansarada 50 anbar və 6 dükanın olduğu bildirilirdi.

XVI əsrdə və XVII əsrin ilk rübündə isə Venesiyada pərakəndə şəkildə yaşayan Səfəvi tacirlərinin əksəriyyəti digər müsəlman tacirləri kimi özlərinə bir ərazi qurmuşdular. 1621-ci ildə həmin şəhərdə “Türk karvansarası”nın (Fondaco dei Turchi) açılışından sonra ora köçməyə başladılar. Buna baxmayaraq, həmin karvansaranın açılışından sonra belə Səfəvi tacirlərindən fərdi evlərdə yaşayanlar da var idi. Bu səbəbdən, “Venesiya Ticarət Şurası”nın 1662-ci il 10 iyun tarixli qərarı ilə Səfəvi tacirləri “Türk karvansarası”na məcburi şəkildə köçməli idilər. Bu olduqca vacib bir qərar idi. Belə ki, “Türk karvansarası”na köçməyən Səfəvi tacirlərini həbs və sürgün cəzaları gözləyirdi.

Azərbaycanlı tacirlərdən Venesiyada həyatlarını itirənlər də var idi. Belə ki, Molla Nəcəf (Moria Nariaf) 1690-cı ildə Venesiyada 86 yaşında vəfat etmişdi.

Həmin dövrdə Venesiya səyahətçilər və əcnəbi tacirlər üçün bahalı şəhər hesab edilirdi. Məsələn, Venesiya dojuna məktub yazan Səfəvi taciri həmin şəhərin bahalı olduğunu vurğulamışdı.

O zamanlar da indiki kimi logistika işləri brokerlərin yardımı ilə nizamlanırdı. Səfəvi tacirləri italyan dilini bilməmələrinə görə venesiyalı brokerlərlə alqı-satqı işləri zamanı türk dilini bilən yerli mütərcimin (dragomano) xidmətindən yararlanırdırlar. Eyni zamanda, Səfəvi elçilərinin Venesiya Kollegiyasında qəbulları zamanı tərcümə işləri türk dili üzrə mütərcimlər tərəfindən həyata keçirilirdi. Səfəvi elçilərinin Venesiyada qəbul mərasimləri ilə bağlı arxiv sənədlərinin verdiyi məlumatlardan onların türk dilində danışdıqları məlum olur.

Əhməd Quliyev

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası

Ən son

GÜNDƏM

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri

GÜNDƏM

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı reysini icra edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında

GÜNDƏM

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını