Azərbaycanda Musa Nağıyev adını bilməyən az adam var. Bu şəxsin haqqında əfsanələr dolaşır. Onun varidatının kifayət qədər çox olması barədə mənbələrdə məlumatlara rast gəlmək olar. Azərbaycanda məşhur milyonçunun sağ ikən 413 milyon qızıl pulu olduğu qeyd edilir. Lakin Sankt-Peterburqda buraxılan kataloqda onun 2 dəfə çox, 690 milyon qızıl pulu olduğu qeyd edilir.
Nağıyevin pulunun miqdarını heç kim bilmirdi. 1919-cu ildə Ağa Musa Nağıyev vəfat edəndən sonra məhkəmə prosesi gedir. Mərhumun bütün əmlakı iki həyat yoldaşı arasında bölünür. Bu sənədlər məhkəmənin arxivində saxlanılır. 200 min qızıl sikkədən ibarət rubl bölünüb. Amma bunlar görünən tərəf idi.
Musa Nağıyevin var-dövlətinin çox olması keçmiş Rusiya imperiyasında oğrulara da bəlli idi. Lakin Nağıyevin qorumasına, yerli polisə görə qoçular ona yaxın dura bilmirdi. Lakin Musa Nağıyevi oğurlayıb ondan pul alan bir dəstə olub. Bu dəstənin başında isə sonradan Stalin adı ilə tanınacaq gürcü oğrusu Koba dururdu. Bunun da tarixi barədə müxtəlif versiyalar var”.
Alim bildirib ki, əsl həqiqət bu cür olub:
“Koba və onun 8 nəfərlik dəstəsi (sonradan onlar bolşevik hökumətində vəzifə tutdular, bir müddət sonra isə hər biri müəammalı şəkildə öldürüldü) Bakıda neft mədənlərində təbliğat işi aparırdılar. Bir neçə dəfə neft mədənlərində baş verən iğtişaşlardan sonra Bakı milyonçuları Kobanı fəhlələr arasında çaxnaşma yaratdığına və quldur dəstəsinə başçılıq etdiyinə görə öldütdürüb, Bibiheybətdəki neft quyularından birinə atmaq istəyirdi. Hətta bunun üçün Bakı qoçularından Nəcəfqulu ilə razılaşma da olmuşdu. Plana görə, Koba Qız qalasının yanında çalışan çəkməçi gürcü dostunun yanına gələndə onu ordan götürüb Qalanın yanındakı quyuya, axşamüstü isə Bibiheybətdə neft quyusuna atıb öldürməli idilər. Bu iş üçün qoçulara pul vermək lazım gəlir, Ağa Musa 10 min pul verəcəyənə boyun olur. Bu söhbətdən o zaman Bakı şəhər rəisinin müavini polkovnik T.P.Şubinski də xəbər tutur və bu barədə Kobaya məlumat göndərir ki, bəs Bakı milyonçuları belə bir plan qurublar, başında Nağıyev durur.
28 yaşlı Koba bunu bilən kimi qisas almaq üçün plan hazırlayır. Ağa Musanı oğurlamaq qərarına gəlir. Bunun üçün indiki “28 May” metrostansiyasının yanında olan ərazidən Ağa Musanın faytonu keçərkən Kobanın dəstəsi faytona daxil olub, onun gözlərini və əllərini bağlayır. Şəhərin bir neçə küçəsindən sakitcə keçib, onu Kobanın “qərargah” kimi istifadə etdiyi binaya gətirirlər. Koba o binanın zirzəmisində gizli görüşlər keçirirdi.
Nağıyevi burda saxlayırlar. Lakin bəzilərinin yazdığı kimi, onun əllərini qollarını bağlamayıblar. İçəridə gürcü və rus qızları, Almaniya istehsalı pianino, qramafon olub, yemək-içmək süfrəsi açılıb. Qızlar Ağa Musaya qulluq ediblər. Onunla yaxşı rəftar edirdilər, xanımlar onu əyləndirirdi. Yeməyi də yaxşı və vaxtında verirdilər.
Koba gecə yarısı gəlir və onunla səhərə qədər söhbət edir. Onu niyə öldürmək istədiyini soruşur. İlk saatlar müzakirə ağır keçir, lakin sonradan Ağanın şirin danışığı Kobanın zəhmini qırır. O, Ağaya bolşevik partiyası, “Bakinski raboçi” qəzeti və “Nina” mətbəəsinin saxlanması üçün 1 milyon pul lazım olduğunu deyir. Koba “Məni öldürmək üçün 10 min verəcəkdin, indi yaşamaq üçün 1 milyon verməlisən” deyir.
Ağa Musa isə bu qədər pulunun olmadığını və yalnız 10 min manat verə biləcəyini deyir. Koba ona deyir ki, əgər o istədiyi məbləği almasa, təkcə Ağa Musa ölümlə canını xilas edə bilməyəcək, eyni zamanda bütün mədənləri, mülkləri yandırılacaq. Koba ona onun hansı mədəninə necə gecə daxil olub od vura biləcəyinin xəritəsini göstərir.
Musa Nağıyev bütün bu söhbətlərdən sonra məbləği yalnız 100 minə qaldırır. Mənbənin yazdığına görə, bunu eşidən Koba qəzəblə ayağa durub otaqdan çıxaraq, “Şen xarbixar, şentan puli ar qamova!” (Xəsisin birisən, sənin canından pul çıxar?) deyir.
Növbəti gün işə Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev və digərləri işə qarışır. Digər tərəfdən də Şəmsi Əsədullayev də xəbər göndərir ki, kim Ağa Musanı tapıb azad eləsə, ona 100 min rubl mükafat verəcək.
Bir sözlə, Bakı qoçuları da bir tərəfdən onu axtarırlar. Hətta işə Məhəmməd Əmin Rəsulzadə də qarışır. Koba 500 minə endirir məbləği. Lakin Ağa Musa razılaşmır. Üç gün davam edən söhbətdən sonra Ağa Musa Kobaya 250000 rubl verməyə razı olur. Lakin təklif edir ki, getsinlər Sankt-Peterburq şəhərinə, orda onun hesabından çıxardıb verəcək. Koba ona inanmadığını deyir.
Ağa Musa deyir:
– Mən ölümdən qorxan adam deyilən. Oğlum İsmayılın vəfatından sonra dünyanın var-dövləti gözümdə deyil. Ancaq mənliyimi, bir də namusumu heç kimə qurban verməmişəm. Musa Nağıyev üçün bir kişilik, bir də kişi sözü hər şeydən ucadır!
Kobanın bu söz xoşuna gəlir və faytona qoyub Ağa Musanı Tağıyevin evinə yola salır. Ağa Musa evə gələndən sonra heç kimə heç nə demir və 10 gündən sonra Sankt-Peterburqa gedir, ordan da Moskvaya Şəmsi Əsədullayevin yanına. Şəmsi bəy pul məsələsini eşidəndə çox qəzəblənir və “mən özüm qoçuyam, kimsə mənə qoçuluq edə bilməz, dostlarıma toxuna bilməz” deyib yanında olanlara silahlanmağı əmr edir. Lakin Ağa Musa “Şəmsi, mən kişi sözü vermişəm” deyib pulun dalınca gələn üç gürcüyə 250 min rublluq çeki verir.
Koba Ağa Musanın sözünü tutmasını yüksək qiymətləndirir. Deyilənə görə, Ağa Musa dəfn ediləndən sonra Koba onun məzarı üstünə gül də göndərir”.
İstinad: tarixçi alim, dosent Zaur Əliyev