Bakının ən məşhur, adı çox çəkilən küçələrindən biri də Abbas Mirzə Şərifzadə küçəsidir. Bəs biz Abbas Mirzə Şərifzadə necə görkəmli bir şəxsiyyət olduğunu bilirikmi?
Baki-baku.az həmin şəxsiyyətin kimliyini təqdim edir:
Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru, kino redaktoru, Azərbaycan SSR Əməkdar artisti, Azərbaycan SSR Xalq artisti Abbas Mirzə Şərifzadə 22 mart 1893-ci ildə Şamaxıda anadan olub.1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra ailəsi şəhəri tərk edib Bakıya köçüb.
Abbas Mirzə oyun, tamaşa anlayışı ilə ilk dəfə əmisi Mirzə Məmməd Tağının sayəsində tanış olub. Teatr sənətinə meyllənən Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayırmış. Günlərin birində də o, “Şəbeh” tamaşasında əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır. Özü isə bu tamaşada Şümüru oynayırmış.
Ancaq Abbas Mirzə Şərifzadə ilk rolunun öhdəsindən gələ bilmir. Tamaşada cərəyan edən hadisələrin ən kuliminasiya nöqtəsində, əlində qılınc olan Şümür əsir qızın üstünə yeriyən anda, Abbas Mirzə qışqıra-qışqıra bir kənarda toplaşıb, bu səhnəyə baxan qadınların arasında olan anasının yanına qaçır. Dindarların mərasimini pozan 9 yaşlı uşağa camaat möhkəm qəzəblənir.
Abbas Mirzə 1903-cü ildə gimnaziyaya daxil olur. Məhz bu illərdə də səhnə ilə maraqlanmağa başlayır. Bütün tədbirlərdə o, fəal iştirak edib. Get-gedə bu həvəs onda daha da artıb. Atasının çinovnik, ya da ticarət işçisi görmək istədiyi Abbas mühitin həqarətlə yanaşdığı aktyorluq sənətinin sehrinə düşür. Abbas nə atasının, nə də mühitin etirazına məhəl qoymayıb, özü kimi həvəskarlarla birgə tamaşalar hazırlamağa başlayır.
1917-ci ildə Bakıda “Müsəlman Artistləri İttifaqı” yaradıldı. 1918-ci ilin mart ayınadək fəaliyyət göstərən bu ittifaqa Abbas Mirzə Şərifzadə rəhbərlik edib. O, ilk dəfə 1908-ci ildə Molyerin “Zorən Təbib” əsərində epizodik rolda oynayıb. 1910-cu ildə “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir neçə rolda çıxış edən Abbas Mirzə 1911-ci ildə, onu bir sənətkar kimi təsdiq edən ilk obrazını yaradır. Bu, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar” faciəsinin əsas qəhrəmanı Qacar obrazı idi.
Bu istedadın sayəsində onun yaratdığı zəngin rol qalereyasında – Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur ağa, Səyavuş, Eyvaz, Dəli knyaz, Hamlet, İblis – ən üstün xüsusiyyət təbiilik və müxtəliflik olub.
Abbas Mirzə “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd Şah Qacar”, “Qaçaq Kərəm” əsərlərini səhnələşdirib, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarının quruluşçu rejissoru olub. “Bismillah”, “Hacı Qara”, “Gilan Qızı”, “Məhəbbət Oyunu” filmlərini çəkən Abbas Mirzə ilk kino rejissorumuz olub.
Çox təəssüf ki, Abbas Mirzə kimi ziyalımız da repressiya qurbanlarından biri olub. 1937-ci ildə dekabrın 4-də öz evində həbs edilib. 1938-ci il oktyabrın 19-da məhkəmə öz hökmünü verir: “Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun!”. Ancaq Şərifzadə haqqında çıxarılan bu hökm, təxminən, bir ay sonra – noyabrın 16-da yerinə yetirilir.
Xanım Aydın