Təxminən dörd min il əvvəl bir it hələ qurumamış gil parçasının üzərindən keçərək orada pəncə izini qoyub. Adi bir təsadüf nəticəsində yaranan bu iz minilliklər boyu qorunub saxlanılıb və günümüzə qədər gəlib çatıb.
Baki-baku.az xəbər verir ki, Türkiyənin Kütahya vilayətində aparılan arxeoloji qazıntılar zamanı üzərində it pəncəsinin izi olan qədim kərpic tapılıb.
Tədqiqatçıların fikrincə, təxminən dörd min il əvvəl kərpic hazırlanarkən günəş altında qurumağa qoyulub. Bu zaman ərazidən keçən it təsadüfən yaş gilə basıb və pəncəsinin izi orada qalıb.
Sonradan bərkiyən kərpic qədim yaşayış məskənindəki tikililərdən birində istifadə olunub. Minilliklər keçsə də, həmin iz silinməyib.
Bu kiçik tapıntı qədim insanların gündəlik həyatına fərqli tərəfdən baxmağa imkan verir. Bəzən tarixdə iz qoymaq üçün sadəcə bir addım kifayət edir.
Hacı Cavadov