İçərişəhərin küçələri ilə addımlayanda bəzən elə gəlir ki, bu qədim daşların yaddaşı insan yaddaşından daha güclüdür. Onlar neçə-neçə əsrin şahidi olub, hökmdarların gəlişini-gedişini, karvanların səsini, sənətkarların çəkic döyüntüsünü, məscidlərdən yüksələn azanları eşidib. Bu daşların arasında elə tikililər var ki, zahirən sadə görünsələr də, özlərində bütöv bir tarixin izlərini qoruyub saxlayırlar. Hacı Bani məscidi də onlardan biridir.
Şirvanşahlar Sarayı Kompleksinin şimalında, İçərişəhərin qədim küçələri arasında yerləşən bu məscid XVI əsrin memarlıq yadigarlarından biridir. Onun haqqında danışan ən etibarlı şahid isə elə öz divarları üzərindəki kitabələrdir. Fasadında yerləşən kiçik epiqrafik yazı məscidin XVI əsrdə memar Hacı Bani tərəfindən inşa edildiyini xəbər verir. Sanki əsrlərin o üzündən gələn bu yazı tikilinin kimliyini bu gün də qoruyub saxlayır.
Daşların dil açdığı memarlıq nümunəsi
Hacı Bani məscidi İçərişəhərin bəzi digər məscidləri kimi hündür minarəsi ilə uzaqdan diqqət çəkmir. Onun memarlıq gözəlliyi daha çox quruluşunda, daşların ahəngində və məkanın özünəməxsus həllində gizlənir. Məscidin mərkəzi planı günbəzlidir. Kub əsas üzərində yüksələn daş, konusvari günbəz Abşeron memarlığına xas xüsusiyyətləri özündə birləşdirir.
Məscidin daxilində diqqəti ilk çəkən elementlərdən biri girişlə üzbəüz yerləşən mehrabdır. İri hörgü ilə qurulmuş, stalaktit yaruslarla bəzədilmiş bu memarlıq elementi ibadət zalının əsas kompozisiya mərkəzidir. Mehrabın forması və işlənmə xüsusiyyətləri orta əsr Şərq memarlığının incəliklərini xatırladır.
Burada memarlıq yalnız daşın, hörgünün, günbəzin bir araya gəlməsi deyil. Hər detalın öz funksiyası, hər memarlıq elementinin öz mənası var. Məscidin ümumi görünüşündəki sadəlik isə onun tarixi və estetik dəyərini azaltmır, əksinə, yerli memarlıq ənənələrinin özünəməxsus ifadəsinə çevrilir.
1902-ci il: məscidin ikinci memarlıq həyatı
Hacı Bani məscidinin tarixində xüsusi yer tutan hadisələrdən biri də XX əsrin əvvəllərində aparılan bərpa və yenidənqurma işləridir. Fasad üzərindəki digər kitabə bu hadisənin tarixini dəqiq göstərir: hicri-qəməri təqvimi ilə 1320-ci il, miladi təqvimi ilə 1902-ci il.
Həmin dövrdə məsciddə müəyyən dəyişikliklər aparılıb. Binaya vestibül – giriş dəhlizi və qadınların ibadəti üçün nəzərdə tutulmuş ayrıca şəbistan hissəsi əlavə edilib. Mərkəzi ibadət zalının işıqlandırılmasını gücləndirmək məqsədilə yarımdairəvi formalı pəncərələr açılıb. Beləliklə, məkanın funksional imkanları genişləndirilib, eyni zamanda onun ənənəvi memarlıq görünüşü qorunub saxlanılıb.
Maraqlı məqam budur ki, yenidənqurma zamanı Avropa memarlıq ənənələrinin təsiri hiss olunsa da, məscidin milli memarlıq üslubu və Abşeron tikinti ənənələri itirilməyib. Daş günbəz, kub əsaslı quruluş və ümumi kompozisiya bu tarixi irsin əsas xüsusiyyətləri kimi günümüzə gəlib çatıb.
İbadət səslərinin susduğu illər
Hər tarixi abidənin divarları arasında yalnız tikildiyi dövrün deyil, sonrakı əsrlərin də hekayəsi yaşayır. Hacı Bani məscidinin tarixində isə ağrılı səhifələrdən biri sovet hakimiyyəti illərinə təsadüf edir.
Azərbaycanda sovet işğalından sonra dini ibadət yerlərinin fəaliyyətinə ciddi məhdudiyyətlər qoyulmağa başlandı. 1928-ci ildən etibarən dinə qarşı dövlət siyasəti daha sərt xarakter aldı. Həmin ilin dekabrında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə bir sıra məscid, kilsə və sinaqoqlar maarifləndirici məqsədlər adı altında müxtəlif klubların istifadəsinə verildi.
Rəqəmlər həmin dövrün mənzərəsini aydın göstərir: 1917-ci ildə Azərbaycanda 3 minə yaxın məscid olduğu halda, 1927-ci ildə onların sayı 1700-ə, 1933-cü ildə isə cəmi 17-yə qədər azalmışdı.
Bu prosesdən Hacı Bani məscidi də kənarda qalmadı. Onun ibadət məkanı kimi fəaliyyəti dayandırıldı. Bir vaxtlar insanların dua etmək, mənəvi rahatlıq tapmaq üçün üz tutduğu bu məkan zamanla öz ilkin funksiyasından uzaqlaşdı.
Bəzən bir abidənin tarixində ən böyük dəyişiklik onun zahiri görkəmində deyil, daxilində yaşanan taleyində baş verir. Hacı Bani məscidinin də divarları qorunub qalsa da, burada əsrlər boyu davam edən ibadət ənənəsi qırıldı.
Bu gün: tarixlə müasir həyatın kəsişməsində
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tarixi-mədəni irsin qorunması istiqamətində mühüm addımlar atıldı. Hacı Bani məscidi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edildi.
Lakin bu gün məscidin taleyində diqqət çəkən başqa bir məqam var: tarixi tikili artıq ibadət məkanı kimi fəaliyyət göstərmir və yaşayış evi kimi istifadə olunur.
Bu fakt İçərişəhərin tarixi abidələrinin qorunması məsələsinə bir daha diqqət çəkir. Çünki abidəni qorumaq yalnız onun daş divarlarını, günbəzini, fasadını zamanın aşınmasından xilas etmək deyil. Həm də onun tarixini, ilkin təyinatını, memarlıq xüsusiyyətlərini və mədəni yaddaşını gələcək nəsillərə çatdırmaqdır.
Hacı Bani məscidi bu gün də İçərişəhərin tarixi mənzərəsinin bir parçasıdır. Onun fasadındakı kitabələr XVI əsrin memarını və XX əsrin əvvəllərində aparılmış bərpanı xatırladır. Daş günbəzi Abşeron memarlığının izlərini yaşadır, mehrabı isə bir zamanlar bu məkanda səslənən duaların səssiz şahidi kimi qalır.
Xanım Aydın