Noyabrın 9-dan 15-dək İtaliyanın Apuliya regionunun Molfetta və Bişelye şəhərlərində ilk dəfə keçirilən Aralıq dənizi Beynəlxalq Dirijorluq Müsabiqəsi (Mediterranean International Conducting Competition 2026) baş tutub.
Baki-baku.az xəbər verir ki, görkəmli italyan dirijoru və musiqi pedaqoqu Maestro Mariano Pattinin xatirəsinə həsr olunan müsabiqədə dünyanın 30-dan çox ölkəsindən 100-ə yaxın gənc dirijor iştirak edib.
Beynəlxalq musiqi yarışmasının diqqətçəkən məqamlarından biri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru Əyyub Quliyevin münsiflər heyətində təmsil olunması olub. O, bu nüfuzlu müsabiqənin münsiflər heyətində Azərbaycanı ilk dəfə təmsil edib.
Münsiflər heyətinə İtaliya, İsveçrə, Argentina, Fransa, Rumıniya, Finlandiya, ABŞ və Almaniyadan tanınmış dirijorlar və musiqi mütəxəssisləri daxil olublar. Heyətə italiyalı Maestro Marco Guidarini sədrlik edib.
Müsabiqənin seçim turları və yarımfinal mərhələsi Molfetta şəhərindəki Auditorium Madonna della Rosa konsert zalında, final mərhələsi isə noyabrın 15-də Bişelye şəhərinin tarixi Teatro Garibaldi teatrında keçirilib.
Tədbirin təntənəli bağlanış mərasimi Orchestra Sinfonica Federiciana simfonik orkestrinin iştirakı ilə baş tutub. Finalçılar orkestrin müşayiəti ilə dirijorluq bacarıqlarını nümayiş etdiriblər.
İlk dəfə təşkil olunan Mediterranean International Conducting Competition gənc dirijorların peşəkar inkişafına dəstək, beynəlxalq musiqi əməkdaşlığının genişləndirilməsi və müxtəlif ölkələrin musiqi mədəniyyətləri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilir.
Əyyub Quliyevin beynəlxalq münsiflər heyətində iştirakı Azərbaycan dirijorluq məktəbinin beynəlxalq musiqi platformasında təmsilçiliyi baxımından diqqətəlayiq hadisədir.

