Böyük Britaniyanın “Collins” ingilis dili lüğəti 2026-cı ilin sözü kimi “mogging” ifadəsini seçib. Bu söz kimisə və ya nəyisə kölgədə qoymaq, üstünlüyünü nümayiş etdirmək mənasında işlədilir.
Baki-baku.az xəbər verir ki, “mogging” ifadəsi xüsusilə Z və Alfa nəsilləri arasında populyarlaşıb. Gənclər bu sözdən əsasən bir şəxsin görünüşü, davranışı və ya hansısa xüsusiyyəti ilə başqalarını geridə qoyduğu vəziyyətləri təsvir etmək üçün istifadə edirlər. İfadə çox vaxt yumoristik və istehzalı çalar daşıyır.
Sözün mənşəyi gənclər arasında işlədilən AMOG — “Alpha Male Of the Group” ifadəsi ilə əlaqələndirilir. Bu abbreviatura “qrupun alfa erkəyi” mənasını verir.
İlin sözü seçimi üçün qısa siyahıya “carspreading” (avtomobildə həddindən artıq yer tutmaq), “firewave” (od dalğası), “ghost jobs” (saxta vakansiyalar), “manchesterism” və digər ifadələr də daxil edilib.
Qeyd edək ki, 1979-cu ildən nəşr olunan “Collins” lüğəti 2025-ci ilin sözü kimi “vibecoding” terminini seçmişdi. Bu ifadə süni intellektin köməyi ilə, əsasən, təbii dildə verilən tapşırıqlar və intuitiv yanaşma əsasında proqramlaşdırma üsulunu təsvir edir.