Ailə cəmiyyətin təməlidir, amma bu təməli möhkəm saxlamaq üçün təkcə qanunlar kifayət edirmi? Müasir dövrdə ailə dəyərlərinin dəyişməsi, boşanmalar, valideynlərlə övladlar arasındakı münasibətlər və qadının üzərinə düşən məsuliyyət yeni suallar doğurur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ilə söhbətimizdə ailə institutunun qarşısında dayanan çağırışlardan, qadının cəmiyyətdəki yerindən və nəsildən-nəslə ötürülən mənəvi dəyərlərdən danışdıq.
– Uzun illərdir ailə siyasəti, ailə institutu ilə bağlı problemlərin həlli ilə məşğul olmuş, qanunvericilik bazasının qurulması prosesində iştirak etmisiniz. Elə bir qanun varmı ki, qəbul edilməsini çox istəmisiniz, amma hələ mümkün olmayıb?
– Ailə insanın şəxsiyyət kimi formalaşdığı ilk sosial mühit, milli-mənəvi dəyərlərimizin və genofondumuzun qoruyucusudur. Buna görə də ailə siyasəti dövlətin əsas prioritetlərindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayaraq bu istiqamətdə mühüm addımlar atılıb, müstəqillik illərində Ulu Öndər Heydər Əliyev tərəfindən ailə siyasətinin əsasları formalaşdırılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da ailə dəyərlərinin qorunmasına xüsusi diqqət yetirirlər.
Ailə siyasətinin həyata keçirilməsi üçün güclü qanunvericilik bazası və institusional mexanizmlər vacibdir. Mən həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, həm də Milli Məclisin müvafiq komitəsinin sədri kimi bir çox mühüm qanunların qəbulunda iştirak etmişəm. Bununla belə, zaman dəyişdikcə ailələrimiz və övladlarımız qarşısında yeni çağırışlar, təhdidlər yaranır. Bu da qanunvericiliyə mütəmadi əlavə və dəyişikliklərin edilməsini zəruri edir.
– Bu gün Azərbaycan ailəsini ən çox iqtisadi çətinlik sarsıdır, yoxsa mənəvi transformasiya? Biz çox vaxt “ailə dəyərləri zəifləyir” deyirik. Bəs konkret hansı dəyərlər itib? Hansılar isə əksinə, əvvəlkindən daha güclüdür?
– Bu gün dünyada qloballaşma, texnoloji inkişaf, miqrasiya və iqtisadi dəyişikliklər ailə institutunu ciddi sınaqlarla üz-üzə qoyur. İqtisadi çətinliklər, məşğulluq və mənzil problemi xüsusilə gənc ailələr üçün aktualdır. Azərbaycanda güzəştli ipoteka və mənzil proqramları, təhsil tələbə kreditləri, məşğulluq və sahibkarlıq imkanları mövcuddur. Lakin bu imkanlar barədə gənclərin məlumatlandırılması gücləndirilməlidir.
Düşünürəm ki, ailə dəyərlərinə təsir edən əsas amil iqtisadi çətinliklərdən daha çox mənəvi transformasiyadır. Çünki iqtisadi problemlər həyatın müxtəlif mərhələlərində yarana bilər, amma dünyagörüşünün, həyat tərzinin və dəyərlər sisteminin sürətlə dəyişməsi ailə münasibətlərinə də təsir edir. Əsas vəzifəmiz milli-mənəvi dəyərlərimizi qorumaq, onları gələcək nəsillərə ötürmək və bu istiqamətdə maarifləndirmə işlərini gücləndirməkdir.

– Ailə institutunu qorumaq qanunların işidir, yoxsa tərbiyənin? Dövlət hansı həddə qədər müdaxilə etməlidir? Sevgi ailə qurmaq üçün kifayətdirmi, yoxsa bu gün münasibətlərin davamlılığını tamam başqa amillər müəyyənləşdirir?
– Həm qanunun, həm də tərbiyənin rolu böyükdür. Azərbaycan Konstitusiyasının 17-ci maddəsinə əsasən, ailə dövlətin xüsusi himayəsindədir, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddə isə nikahın könüllülüyünü, ər-arvadın hüquq bərabərliyini və ailənin dövlət tərəfindən qorunmasını təsbit edir. Ailə Məcəlləsində də ailə münasibətlərinin qarşılıqlı hörmət, yardım və məsuliyyət əsasında qurulması nəzərdə tutulur.
Ailə yalnız hüquqi və bioloji bağlardan deyil, sevgi, qayğı və qarşılıqlı anlayışdan formalaşır. Münasibətlərin davamlılığı üçün sevgi ilə yanaşı, hörmət, məsuliyyət və düzgün tərbiyə də vacibdir. Uşaqların milli-mənəvi dəyərlərə bağlı, sağlam ruhda böyüməsində ailə, məktəb və cəmiyyətin rolu əvəzsizdir.
Dövlət ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində qanunvericilik və maarifləndirmə tədbirlərini davam etdirməlidir. Bununla yanaşı, qanunların icrasına nəzarət və mövcud problemlərin həlli də vacibdir. Cəmiyyət isə ailələrdəki problemlərə biganə qalmamalı, çətinlik yaşayanlara dəstək göstərməli və ictimai məsuliyyət nümayiş etdirməlidir. Ailəni qorumaq yalnız dövlətin deyil, hər birimizin vəzifəsidir.
– Sizcə, bu gün qadının üzərindəki görünməyən ən böyük yük nədir? Karyera ilə ailə arasında seçim dilemması həqiqətən mövcuddur, yoxsa bunu cəmiyyət özü yaradıb?
– Azərbaycanda qadın siyasətinin zəngin tarixi var və bu istiqamətdə həyata keçirilən tədbirlər qadınlarımız üçün geniş imkanlar yaradır. Bu gün qadınlarımız təhsil alır, peşəkar inkişaf edir, sahibkarlıqla məşğul olur, ictimai-siyasi həyatda fəal iştirak edirlər.
Lakin əsas məsələlərdən biri qadınların özünə inamı və karyera ilə ailə məsuliyyətləri arasında balans yarada bilməsidir. Bunun üçün əlverişli iş şəraiti, körpələr evi və uşaq bağçalarının, məktəblərin və digər sosial infrastrukturun inkişafı vacibdir. Qadın həm ana, həm də cəmiyyətin fəal üzvü kimi özünü reallaşdırmaq üçün arxayın olmalıdır.
Düşünürəm ki, qadın karyera ilə ailə arasında seçim etməyə məcbur qalmamalıdır. Bunun üçün həm dövlətin yaratdığı imkanlardan səmərəli istifadə olunmalı, həm də maarifləndirmə gücləndirilməlidir. Ən əsası isə qadınlar öz potensiallarına inanmalı, hüquqlarını bilməli və inkişafdan çəkinməməlidirlər. “Mən bacararam” düşüncəsi qadına həm ailədə, həm də cəmiyyətdə öz layiqli yerini tutmağa kömək edir.
– Müasir gənclər informasiya baxımından valideynlərindən daha sürətlə inkişaf edir. Emosional baxımdan necə, onlar əvvəlki nəsildən daha güclüdürlər, yoxsa daha həssas?
– Azərbaycan gəncinin gücü, rəşadəti, biliyi, bacarığı, vətənpərvərliyi göz önündədir. Və bu 44 günlük Vətən müharibəsi, 1 gündən də az davam edən anti-terror əməliyyatı, idman və bilik yarışlarında qazanılan Zəfər, dalğalanan Azərbaycan bayrağı, səslənəni dövlət himni ilə təsdiq olunub. Əlbəttə ki, informasiya və texnologiya dövründə yetişən gənclər öz valideynlərindən daha sürətlə inkişaf edirlər. Emosionallıq baxımından isə vəziyyət daha həssasdır.
– Valideynlər övladlarına yaxşı həyat verməyə çalışırlar. Amma bəzən onların yanında olmaq əvəzinə, hər şeyi alıb verməyə üstünlük verirlər. Sizcə, bu, gələcəkdə hansı nəticələrə gətirib çıxaracaq?
– Valideyn hər zaman övladı üçün yaxşı olanı düşünür. Lakin, valideyn həm də övladının dostu olmalıdır. Onun maraqlarını, ətrafını, düşüncələrini, yoldaşlarını yaxından tanımalı, daha çox ünsiyyət qurmalı və birgə vaxt keçirməlidir. Biz dərk etməliyik ki, övladımız həm də şəxsiyyətdir, cəmiyyətin bir üzvüdür. Onun özünəməxsusluğunu qəbul etməli, rəyini, fikirlərini soruşmalıdır.
– Kamran Hüseynov kimi qüdrətli bir dövlət xadiminin ailəsində böyümüş, uzun müddət ölkənin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə rəhbərlik etmiş bir alim və millət vəkili kimi sizə sual etmək istəyirəm: Yaxşı ailənin meyarı nədir? Uzunömürlü olması, xoşbəxt olması, yoxsa böhranları birlikdə aşa bilməsi?
– Mən böyük bir ailədə böyümüşəm. Atam, rəhmətlik Kamran Hüseynov, Sumqayıtın inşasına rəhbərlik edən ilk tikinti trestini təşkil edib, müxtəlif rayonlarda rəhbər vəzifələrdə çalışıb, 13 il Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. O, həmçinin Ümumittifaq Həmkarlar İttifaqının katibi, tarix elmləri doktoru, 16 kitabın müəllifi idi. Prezident Heydər Əliyev onu “Şöhrət” ordeni ilə təltif etmiş, “nadir şəxsiyyət” adlandırmışdı.
Anam evdar qadın olsa da, hər zaman atama dayaq olub. Valideynlərim çətinliklərə baxmayaraq, ümidlərini itirməyib, bizə qarşı tələbkar olublar. Ailəmizdə doğulan ilk beş uşaq erkən yaşlarda vəfat etmişdi. Sonra dünyaya gələn beş övladın hamısı ali təhsil aldı, elmi fəaliyyətlə məşğul oldu. Valideynlərimiz bizə savadlı olmağı, ictimai həyatda fəallığı, müstəqil qərar verməyi, peşəkarlığı və daim öz üzərimizdə işləməyi öyrədirdilər. Atam mənə xüsusi etimad göstərir, məsuliyyətli tapşırıqlarını mənə həvalə edirdi. O, mənim bacarığıma inanırdı.
Atamın bu sözləri onun həyat fəlsəfəsini çox gözəl ifadə edir: “Taleyimdən razıyam, onu özüm yaratdım. Oxutmadılar, oxudum. Evləndirmədilər, evləndim. Böyütmədilər, böyüdüm. Dayağa söykənmədim, dayaq oldum”. Bu sadə fikirlərin arxasında onun mənalı ömür yolu və həyat fəlsəfəsi dayanır.
– Ailə hər bir azərbaycanlı üçün dəyər, eyni zamanda nailiyyətdir. Ölkəmizdə hansı ailələri, onların ailə prinsiplərini model olaraq qəbul etmək olar.
– Təəssüf ki, son dövrlərdə Azərbaycanda da boşanmaların sayı artıb. Bunu əsasən sosial və iqtisadi problemlərlə əlaqələndirsələr də, mən düşünürəm ki, ailənin möhkəmliyi təkcə maddi vəziyyətdən asılı deyil. Çətin dövrlərdə, hətta müharibə şəraitində belə, çoxuşaqlı və nümunəvi ailələr qurulub. Uzun illər birgə yaşayan ağsaqqal və ağbirçəklərimizin həyat təcrübəsi gənc ailələr üçün örnəkdir.
Azərbaycan ailəsində həm ağsaqqalın, həm də ağbirçəyin nüfuzu böyükdür. Xüsusilə anaya olan hörmətin qorunması və nəsildən-nəslə ötürülməsi vacibdir. Mən öz fəaliyyətimdə həyat yoldaşımın dəstəyini daim hiss etmişəm və bu dəstəyin uğurlarımda böyük rolu olub.
Digər mühüm məsələ qız uşağının ailədə ata sevgisi və qayğısı ilə böyüməsidir. Çünki ata qız üçün ilk kişi modelidir. Atanın ona münasibəti qızın şəxsiyyət kimi formalaşmasına, özünə inamına və gələcəkdə quracağı ailəyə təsir göstərir.
Söhbətləşdi: Xanım Aydın