Dilimiz çox rəngarəng və əlvan çalarlıdır. Amma elə sözlər var ki, onları lüğətlərdə axtarmaqdan çox, uşaqlığımızın keçdiyi həyətlərdə, qonşu qapılarının ağzında, nənələrimizin söhbətlərində tapmaq olar.
Köhnə Bakı təkcə daş küçələri, taxta eyvanları, həyət-bacası, mehriban qonşuluğu ilə deyil, özünəməxsus danışıq dili ilə də yaddaşlarda yaşayır. Bu dilin elə sözləri var ki, onları eşidən kimi adamın gözləri önündə bir zamanların Bakısı canlanır.
Baki-baku.az-ın bu dəfəki nostalji səfəri elə həmin sözlərin izinə düşür.
“Cuvanəzən” – evin əlindən iş gələn xanımı
Köhnə Bakıda bir xanım haqqında “cuvanəzəndır” deyirdilərsə, bu, əsl tərif idi. Belə qadın ev işlərinin öhdəsindən məharətlə gələr, hər şeyi öz qaydasında saxlayar, evində səliqə-sahman yaradar, əl atdığı işi yarımçıq qoymazdı. İndiki dillə desək, həm bacarıqlı, həm də işgüzar ev xanımı idi. Belə qadınların əlindən yemək bişirmək, tikiş tikmək, ev-eşiyi qaydaya salmaq, qonaq qarşılamaq gələrdi. Üstəlik, bütün bunları elə bir təmkinlə edərdilər ki, sanki heç yorulmurdular. “Filankəs cuvanəzəndir” ifadəsini eşidəndə də bilirdin ki, söhbət iş bacaran, səliqəli-sahmanlı bir xanımdan gedir. Bu sözün içində bir az heyranlıq, bir az da köhnə Bakı qadınına xas məharətə ehtiram vardı.
“Kötürüm düşmək” – yorğunluğun Bakı variantı
Bu ifadənin ilkin mənası heç də yüngül deyil. Kötürüm düşmək hərəkət qabiliyyətini itirmək, iflic olmaq, yatağa məhkum olmaq mənasında işlədilir. Amma bakılıların danışığında bu ifadənin daha bir çaları vardı: həddindən artıq yorulmaq, əldən düşmək!
Təsəvvür edin, səhərdən bazara gedən, evin işlərini görən, qonaq qarşılayan, bir də üstəlik, gün ərzində neçə dəfə pilləkən qalxıb-enən bir bakılı xanım axşam özünü divana atıb deyir: “Vallah, bugün kötürüm düşmüşəm!”
Burada heç bir tibbi vəziyyətdən söhbət getmir. Sadəcə, yorğunluq o həddə çatıb ki, adamın tərpənməyə də həvəsi qalmayıb. Bakılıların ifadələrindəki bu şişirtmə, yumor və özünəməxsus danışıq tərzi də elə dilimizin dadıdır.
“Tifil” – yazıq deməkdir, amma sevgi ilə deyiləndə…
“Tifil” sözü aciz, zavallı, yazıq mənasını daşıyır. Ancaq bakılılar bu sözü, xüsusilə də uşaqlardan danışanda, başqa bir nəvazişlə işlədərdilər. Uşaq xəstələnəndə, yorulanda, yuxusu gələndə, yaxud bir küncdə sakitcə oturanda böyüklərdən biri köks ötürüb deyərdi: “Ay mənim tifilim!”
Bu ifadədə uşağı alçaltmaq yox, ona acımaq, əzizləmək, könlünü almaq vardı. Bəzən bir sözün mənası onu deyənin səsində dəyişir. “Tifil” də bakılıların dilində elə sözlərdəndir: lüğətdə zavallı olan uşaq, doğmalarının dilində dünyanın ən əziz varlığına çevrilir.
“Despiri” – bakılıların özünəməxsus müqayisəsi
Köhnə Bakı danışığında “despiri” sözü “kimi”, “tək”, “tərzində”, “sayağı” mənalarında işlədilirdi. Bu söz də yerli danışıq dilinin özünəməxsus çalarlarından birini daşıyırdı. Belə sözlər gündəlik söhbətlərə xüsusi ahəng verirdi. İndi çoxumuzun işlətdiyi adi ifadələrin yerini vaxtilə bu cür yerli sözlər tuturdu.
Onları başa düşmək üçün bəzən uzun izaha ehtiyac yox idi – bircə cümlə, bircə intonasiya kifayət edirdi.
“Şappaxeyir” – körpənin gəlişinə qurulan məclis
Köhnə Bakı adətlərinin ən maraqlı izlərindən biri də “Şappaxeyir” sözüdür. Bu söz uşaq dünyaya gələndə qurulan məclislə bağlı işlədilirdi.
Bir körpənin doğulması ailə üçün böyük sevinc idi. Xoş xəbər qohum-qonşuya çatdırılar, evdə hazırlıq görülər, süfrə açılar, doğmalar bir araya gələrdilər. Yeni bir canın dünyaya gəlməsi təkcə bir ailənin deyil, elə bil, bütün yaxın çevrənin bayramına çevrilərdi. “Şappaxeyir” sözü də həmin sevincin, təbrikin, körpənin gəlişinə görə bir araya toplaşmağın yaddaşda qalan adlarından idi. Bu sözü eşidəndə göz önünə bir vaxtlar qapısı qonağa açıq olan, süfrəsi bərəkətli, sevinci bölüşməyi bacaran Bakı evləri gəlir.
Bu sözlər, bəlkə də, indiki nəslin gündəlik danışığında əvvəlki qədər eşidilmir. Amma onları xatırlayanlar üçün hər birinin öz səsi, öz adamı, öz xatirəsi var. “Cuvanəzən” deyəndə işgüzar bir ana, “kötürüm düşmüşəm” deyəndə yorğunluğunu zarafatla dilə gətirən bir bakılı, “tifilim” deyəndə uşağın başını sığallayan nənə, “Şappaxeyir” deyəndə isə sevincli bir ailə məclisi yada düşür.
Dil də şəhər kimidir: zaman keçdikcə dəyişir, bəzi küçələri unudulur, bəzi sözləri gündəlik həyatımızdan çəkilir. Amma yaddaşda qalan ifadələr var ki, onları heç bir yeni söz əvəz edə bilmir.
Köhnə Bakı sözləri də elədir. Onlar təkcə danışıq nümunəsi deyil, bir şəhərin xarakteri, məişəti, yumoru və insan münasibətlərinin kiçik yadigarlarıdır. Bəzən bir şəhərin keçmişini anlamaq üçün onun tarix kitablarını vərəqləmək yox, elə köhnə bakılıların söhbətinə qulaq asmaq kifayətdir.
Xanım Aydın