Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsində yol nişanlanması ilə bağlı sürücülərin manevr imkanlarına dair vətəndaş narazılığı yaranıb. Sosial şəbəkədə paylaşılan görüntüdə düzünə və sağa hərəkət istiqamətini göstərən nişanlanmanın daha əvvəl tətbiq edilməli, yaxud qırıq-qırıq xəttin uzadılmalı olduğu bildirilib. Şikayətçinin fikrincə, bu, sürücülərə sağa dönmək üçün əvvəlcədən düzgün zolağa keçməyə və manevri vaxtında etməyə imkan verərdi.
Məsələ ilə bağlı Baki-baku.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən ərazidə hər hansı uyğunsuzluq yoxdur.
Qeyd olunub ki, sürücülər ictimai nəqliyyata yol verərək zolaq dəyişə və sağa dönə bilərlər. Qırıq-qırıq nişanlanma xətti də mövcud standartlara uyğun təşkil edilib.
Agentliyin məlumatına görə, xəttin kənardan tam görünməməsi videonun çəkilmə bucağı ilə əlaqədardır. Həmçinin nəqliyyatın intensiv hərəkəti səbəbindən nişanlanma xətlərinin çirklənməyə məruz qaldığı, bu çirklənmənin isə təmizlik işləri zamanı aradan qaldırıldığı bildirilib.