Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 8-də paytaxtın və Abşeron rayonunun bir sıra ərazilərində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq.
Baki-baku.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində transformator məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Dadaş Bünyadzadə, Mirəli Seyidov, Nazim Hikmət və Tağı Şahbazi küçələri, eləcə də İnşaatçılar prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Yeni Komplekt Transformator Məntəqəsinin (KTM) quraşdırılması işləri ilə əlaqədar Səbail RETSİ-nə daxil olan Badamdar şossesinin bəzi ərazilərində, eləcə də 2-ci yaşayış massivinin 2-ci dalanında saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından qidalanan 6 kV-luq ikidövrəli “Binəqədi-1” və “Binəqədi-2” hava xətləri üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri aparılarkən saat 10:00-dan 16:00-dək 10 May küçəsi və Binəqədi kəndinin bir sıra ərazilərində enerjinin verilişi məhdudlaşdırılacaq.
Abşeron RETSİ-nə daxil olan 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 15:00-dək rayonun Abşeron, Ağaxan Abdullayev, Akim Abbasov, Alı Mustafayev, İlyas Bayramov, İstiqlaliyyət, Qəzənfər Əlizadə, Mirvari Dilbazi, Mübariz İbrahimov, Rəşad Hüseynov, Rizvan Həşimov, Şıxəli Qurbanov və Turqud Xəlilbəyli küçələrini də əhatə edəcək.
Bununla yanaşı, bir sıra rayon elektrik şəbəkələrində (EŞ) yarımstansiyalarda və müxtəlif gərginlikli hava elektrik verilişi xətlərində təmir, eləcə də xətlərə toxunan ağacların budanması işləri aparılacaq.