Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/06/2026

Paylaşın

GÜNDƏM

“Fly to Baku”nun interaktiv layihələrinin məzmunu açıqlanıb

30 oktyabr – 1 noyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” proqramı müasir incəsənətin müxtəlif ifadə formalarını bir araya gətirməklə yanaşı, tamaşaçını sənət prosesinin birbaşa iştirakçısına çevirən performans, immersiv və interaktiv layihələri də təqdim edəcək.
Bu barədə Baki-baku.az-a “Fly to Baku” festivalının mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, proqramın bu hissəsində insan və təbiət münasibətləri, ekoloji məsuliyyət, yaddaş, inklüzivlik və gələcək nəsillərə ötürüləcək irs kimi mövzular araşdırılır.
“Çəkic” sənədli filmi “Sotheby”s” hərrac evinin keçmiş sədri de Purinin həyat və karyerasına nəzər salır. Rejissor Simon Vallon tamaşaçını incəsənət və biznes dünyasının kəsişməsinə apararaq, sənət əsərlərinin hərrac bazarında qazandığı dəyəri və bu prosesin arxasındakı münasibətləri araşdırır. Film de Purinin Bazeldə başlayan karyerasından, “Sotheby”s”dəki fəaliyyətindən və Damien Hirst, Jan-Mişel Baskiya və Pol Qogen kimi rəssamların əsərləri ilə bağlı hərrac rekordlarının formalaşmasındakı rolundan bəhs edir.
Gənc kəşfiyyatçılar üçün nəzərdə tutulmuş “Vəhşi beşlik” interaktiv ekoloji proqramı iştirakçıları Qafqazın beş rəmzi heyvanı – imperator qartalı, Qafqaz bəbiri, boz canavar, ceyran və qonur ayı ilə fərqli duyğular vasitəsilə tanış edir. Beş interaktiv ustad dərsində iştirakçılar heyvanların görmə, eşitmə, hərəkət və digər xüsusiyyətlərini təcrübə etməklə təbiəti onların qavradığı kimi hiss etməyə çalışırlar. Musiqi, hərəkət, səs və təbii materiallardan istifadə olunan proqramın sonunda iştirakçılar “Vəhşi beşlik”in simvollarını əks etdirən əl işləri hazırlayırlar. Bu proqramda müxtəlif yaş qruplarından uşaqlar iştirak edə bilərlər.
Proqramın davamı olaraq təqdim edilən “Vəhşi beşlik” performansı 30 dəqiqəlik teatr və musiqi tamaşasıdır. Aktyorların canlandırdığı imperator qartalı, Qafqaz bəbiri, boz canavar, ceyran və qonur ayı obrazları, maskalar, fiziki performans və canlı səslər tamaşaçını vəhşi təbiətin dünyasına aparır. Külək, otların xışıltısı, heyvan nəfəsi, qanad çırpıntısı və canavar ulaması vahid musiqi kompozisiyasında birləşir. Həm interaktiv proqram, həm də performans Daş Salnamə Muzeyində təqdim olunacaq. Bu tədbirə 10 yaşdan yuxarı uşaqlar qatıla bilərlər.
Rusiyalı sənətçi Konstantin Soldatovun “Bizim ev” adlı immersiv audiovizual tamaşa-meditasiyası isə tamaşaçını şəxsi yaddaş və Bakı ilə bağlı çoxqatlı səs dünyasına aparır. Təxminən 35 dəqiqə davam edən layihədə ənənəvi səhnə və tamaşaçı zalı anlayışı yoxdur. Məkanın memarlığı və interyeri dramaturgiyanın bir hissəsinə çevrilir. Tamaşaçı Xəzərin, xəzrinin, qağayıların və İçərişəhərin səsləri, yazıçının səsi və müxtəlif dillərdə səslənən personajlar vasitəsilə Bakının yaddaşında səyahət edir. Layihə Maqsud İbrahimbəyovun ev-muzeyində təqdim olunacaq.
“DanceAbility Azerbaijan”ın “Sərhədsiz uçuş” adlı inklüziv multidisiplinar layihəsi isə 30 oktyabr – 1 noyabr tarixlərində Müasir İncəsənət Mərkəzində keçiriləcək. Layihə imperator qartalı, digər yırtıcı quşlar və Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş quş növlərinə diqqət çəkir, insan fəaliyyəti və infrastrukturun onların yaşayış mühitinə təsirini araşdırır. İnklüziv rəqəmsal rəqs performansı, mətn və illüstrasiyalar, interaktiv oyunlar və panel müzakirələrini birləşdirən layihə əlilliyi olan insanların birbaşa iştirakı ilə hazırlanıb.
Daş Salnamə Muzeyində Orxan Nəbizadənin “Qədim daş, müasir yaddaş” əsəri Qobustanın qayaüstü sənətindən ilhamlanaraq Azərbaycanın təbii irsinin beş simvolunu müasir heykəltəraşlıq dili ilə təqdim edəcək. Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və imperator qartalı əsərdə müasir yaddaşın obrazlarına çevrilir. Layihə qədim qayaüstü təsvirlərdən bu günə uzanan xətt vasitəsilə gələcək nəsillərə hansı təbii dünyanı miras qoyacağımız barədə düşünməyə dəvət edir.
Daş Salnamə Muzeyində təqdim olunacaq növbəti layihə – Elvin Nəbizadənin “Məsuliyyət radiusu” interaktiv əsəri insanla vəhşi təbiət arasındakı görünməz əlaqəni araşdırır. Qafqaz bəbiri və ceyranı təsvir edən iki heykəl xüsusi işıqlandırma vasitəsilə ziyarətçinin hərəkətinə reaksiya verir: insan əsərə yaxınlaşdıqda öz bədəni ilə işığın qarşısını kəsir və heyvan qaranlıqda qalır, geri çəkildikdə isə yenidən görünür. Əsər şəxsi davranışın nəticələrini və kollektiv məsuliyyət anlayışını fiziki təcrübəyə çevirir.
Miniatür Muzeyinin “Gələcəyin gəmisi” layihəsi isə canlı aləmin qorunması mövzusunu Nuhun gəmisi obrazı üzərindən araşdırır. İnsanlar, heyvanlar, quşlar və bitkilərlə dolu gəmi təbiət və sivilizasiyanın qarşılıqlı bağlılığının simvoluna çevrilir. Layihə klassik bestiarın canlı varlıqların obrazlarını qorumaq ənənəsini gələcəyin qorunması ideyası ilə əlaqələndirir.
Həmçinin qeyd olunub ki, festival proqramı üçün “Flay to Baku” mobil tətbiqi də istifadəyə verilib.
“Fly to Baku” mobil tətbiqi “İncəsənət həftəsonu”nun proqramını, tədbir və sərgi məkanlarını, yenilikləri və əvvəlki buraxılışlardan seçilmiş materialları bir platformada birləşdirir. Tətbiq ziyarətçilərə festival proqramını izləməklə yanaşı, Bakını incəsənət, mədəniyyət və yaradıcı təcrübələr vasitəsilə kəşf etmək imkanı yaradır. Tətbiqi yüklədikdən sonra qeydiyyatdan keçmək, iştirak etmək istədiyiniz tədbirləri və ziyarət saatlarını seçmək vacibdir. Qeydiyyatdan sonra profilinizdəki QR kod bütün seçdiyiniz tədbirlərinizə biletinizdir.
Festival proqramı Heydər Əliyev Mərkəzindən Şirvanşahlar Sarayına və Daş Salnamə Muzeyinə qədər Bakının müxtəlif mədəniyyət məkanlarını bir araya gətirir. Proqramın interaktiv xəritəsi ziyarətçilərə sərgi, performans və digər bədii layihələrin keçirildiyi məkanları kəşf etmək və incəsənət təcrübəsi ilə şəhər boyunca səyahət etmək imkanı yaradır. Beləliklə, 30 oktyabr – 1 noyabr tarixlərində keçiriləcək “İncəsənət Həftəsonu” çərçivəsində tətbiq vasitəsilə şəhərin müxtəlif məkanlarında təqdim olunacaq sərgilər, performanslar və digər layihələr haqqında məlumatları bir platformada izləmək mümkün olacaq.
“Fly to Baku” mobil tətbiqi Android və iOS istifadəçiləri üçün əlçatandır.
Əlavə suallar yarandıqda isə info@bakuartweekend.az ünvanına müraciət edə bilərsiniz!

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Sabah" – "Slaviya" (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə

Ən son

HƏR ŞEYDƏN

1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə Aşqabad sakinləri yatmışdılar və bir neçə dəqiqə sonra

HƏR ŞEYDƏN

1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə Aşqabad sakinləri yatmışdılar və bir neçə dəqiqə sonra
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin