Bakının Yasamal rayonu, Hüseyn Cavid prospekti, Azərbaycan Texniki Universitetinin qarşısında günorta saatlarında küçə işıqlandırma dirəklərinin aktiv vəziyyətdə olması diqqət çəkib.
Belə halın günün işıqlı saatlarında müşahidə olunması ərazidən keçənlərdə işıqların nə üçün yandırıldığı ilə bağlı sual yaradıb.
Baki-baku.az məsələ ilə bağlı “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə sorğu ünvanlayıb.
Müəssisədən bildirilib ki, sözügedən ərazidə işıq dirəklərinin gündüz saatlarında yandırılması profilaktik tədbirlərlə əlaqədardır.
Qeyd olunub ki, bu cür tədbirlər şəhərin küçə işıqlandırma sisteminin texniki vəziyyətinin yoxlanılması və profilaktik işlərin aparılması məqsədilə həyata keçirilir. Bu zaman işıqlandırma sisteminin fəaliyyətinin yerində yoxlanılması üçün dirəklərin və işıqlandırma avadanlıqlarının aktiv vəziyyətə gətirilməsi zərurəti yarana bilər.
Müəssisənin açıqlamasından aydın olur ki, gündüz saatlarında işıqların yanması həmin ərazidə küçə işıqlandırmasının gecə rejimindən kənar, texniki-profilaktik məqsədlə aktivləşdirilməsi ilə bağlıdır. Belə yoxlamalar zamanı işıqlandırma sisteminin işlək vəziyyəti nəzərdən keçirilir və aşkar edilə biləcək texniki məsələlərin vaxtında müəyyənləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür.

