Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi reklam qanunvericiliyinin tələblərini pozan “ABC-Telecom” (“Kontakt Home” mağazalar şəbəkəsinin sahibi) və “Tam Store” MMC-lər barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Bu barədə Baki-baku.az-a Agentlikdən bildirilib.
Məlumata görə, protokollar reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi, habelə reklamı qadağan olunmuş məhsul, texnika və xidmətlərin reklam olunması faktları üzrə İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi əsasında tərtib olunub.
Belə ki, “ABC-Telecom”un “Reklam haqqında” qanunun 4.2-ci və 7.1.4-cü maddələrinin tələblərini pozduğu, “Tam Store”un isə həmin qanunun 4.2-ci, 7.1.2-ci və 7.1.4-cü maddələrinin müddəalarına əməl etmədiyi üzə çıxıb.
428.10-cu maddə reklamı qadağan olunmuş məhsulların, texnikanın və xidmətlərin reklamına, həmçinin reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə məsuliyyət nəzərdə tutur.
Eyni zamanda, “Tam Store” qeyri-qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb, bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələbini pozub. Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması faktına görə Məcəllənin 447.0.1-ci maddəsinin əlamətləri ilə şirkət haqqında protokol tərtib olunub.