Bir vaxtlar Bakı evlərinin bir küncündə mütləq bir sandıq olardı. Böyük, ağır, bəzən taxtadan, bəzən də dəmirdən hazırlanmış, üstü naxışlı, bəzəkli… Elə sandıq ki, evdə hamı onun yerini bilərdi, amma içində nələr olduğunu heç kim tam bilməzdi.
Bu sandıq qadının ata evindən ər evinə gətirdiyi cehizin bir parçası idi. Bəzən qızın cehizi ilə birlikdə gəlir, yeni evdə bir küncə qoyulurdu. Sonra illər keçdikcə sandıq təkcə cehiz sandığı olmaqdan çıxır, evin yaddaşına çevrilirdi.
Sandığın qapağı uşaqlar üçün sanki başqa bir aləmə açılan qapı idi.
Ana sandığı açanda evin uşaqları hardansa peyda olardılar. Birinin başı qapağın üstündən boylanar, o biri içəri baxmağa çalışar, üçüncüsü isə əllərini uzadıb “Mənə də göstər!” deyərdi. Ana isə əvvəlcə onları uzaqlaşdırardı:
– Əl vurmayın, dağınıq salmayın!
Amma uşaqların marağı sandığın qapağından da ağır idi. Onlar mütləq bilmək istəyirdilər: görəsən, sandığın içində nə var?
Çünki o sandıq adi şkaf deyildi. Orada gündəlik istifadə olunan əşyalar saxlanmazdı. Sandığın içində sanki başqa bir həyat yaşayırdı.
Təzə yaylıqlar…
Heç taxılmamış, kənarları səliqə ilə tikilmiş, naxışlı yaylıqlar. Bəzilərinin rəngi o qədər parlaq olardı ki, uşaqlar onları bir-birinin başına bağlayıb güzgünün qarşısında dayanmaq istəyərdilər.
Parçalar vardı. Bəzən çiçəkli, bəzən xırda naxışlı, bəzən də sadə, amma çox qiymətli görünən parçalar. Ana onları əlinə alıb sığallayar, qatlarını düzəldər, yenidən sandığa qoyardı.
Ətirli sabunlar vardı. O sabunların qoxusu sandığın qapağı açılan kimi bütün otağa yayılardı. Bəzən uşaqlar sabunu götürüb qoxlayar, sonra analarının səsini eşidərdilər:
– Qoy yerinə, o təzədir! Özü də importnıdı…
Elə bil sandıqda saxlanan hər şeyin öz vaxtı vardı. O yaylıq bu gün taxılmayacaqdı. O parça bu gün kəsilməyəcəkdi. O sabun bu gün istifadə olunmayacaqdı.
Hamısının gələcək üçün bir günü vardı.
Bəlkə də sandığın ən maraqlı tərəfi elə bu idi: orada bu gün üçün yox, sabah üçün saxlanılan şeylər vardı.
Ana illərlə bəzi əşyaları yığıb saxlayardı. “Qızımın cehizinə qoyaram”, deyərdi. Qızı hələ məktəbə gedərdi, amma ananın sandığında onun gələcək evi üçün bir yaylıq, bir parça, bir xırda əşya artıq hazır olardı.
O vaxt uşaqlar bunu başa düşməzdi. Onlar üçün sandıq sadəcə maraqlı bir qutu idi. İçində gizli xəzinələr vardı. Bəzən sandığın dibindən köhnə məktublar, saralmış şəkillər, yadigar parçalar da çıxardı. Ana onları əlinə götürəndə üzündə qəribə bir ifadə yaranardı. Bir anlıq susardı. Sonra yenidən qatlayıb yerinə qoyardı.
Uşaqlar isə anlamazdı: ana niyə bu kağıza baxanda susdu?
Çünki sandıqda təkcə cehiz yox idi. Orada qadının gəncliyi də qalırdı. Ata evindən gətirdiyi xatirələr, toy gününün həyəcanı, anasının əlləri ilə bir-bir yığdığı cehizlər… Hər əşyanın öz hekayəsi vardı.
Sandığın üstü də özlüyündə bir başqa aləm idi. Naxışlar, çiçəklər, bəzəklər, butalar… Bəzən üstündəki naxışlara baxıb uşaqlar özlərinə görə ad qoyardılar. Bir çiçəyi “gül”, o birini “ulduz” adlandırardılar. Sandığın kilidi isə uşaqların gözündə xüsusi əhəmiyyət daşıyardı. Çünki sandığın açarı kimdədirsə, sirr də onda idi.
Adətən ana açarı yaxşı qoruyardı. Bəzən paltarlarının arasında, bəzən dolabın hansısa gözündə saxlayardı. Uşaqlar isə həmin açarın yerini tapmağı az qala böyük bir kəşf hesab edərdilər.
Amma sandığın qapağını bir dəfə açan uşaqlar yəqin ki, o hissi – Taxta qapağın cırıltısını, ətirli sabunun qoxusunu, təzə parçaların toxunuşunu və ananın “əl vurma, qızım, cehizlikdir” deyən səsini hələ də xatırlayırlar.
Bakı qadınlarının sandığı belə ümidlə, xatirə ilə, sevinclə dolu olardı…
Xanım Aydın