Yay mövsümünün başa çatması ilə Bakı üçün turizm baxımından növbəti dövr başlayır. Payız aylarında paytaxtda keçiriləcək beynəlxalq və yerli tədbirlərin zənginliyi şəhərin həm işgüzar, həm də mədəni və idman turizmi baxımından diqqət mərkəzində qalmasına imkan yaradır. Xüsusilə xaricdən gələn qonaqların iştirak etdiyi irimiqyaslı tədbirlər turist axınının yalnız ayrı-ayrı günlərdə deyil, ümumilikdə payız mövsümündə canlanmasına təsir göstərə bilər.
Sentyabrın ikinci yarısından etibarən Bakıda keçiriləcək tədbirlər arasında müxtəlif istiqamətləri əhatə edən layihələrin olması da diqqət çəkir. Formula 1, beynəlxalq sərgilər, qastronomiya festivalları, tikinti və şəhərsalma ilə bağlı tədbirlər, eləcə də incəsənət layihələri fərqli ölkələrdən, müxtəlif məqsədlərlə Bakıya gələn insanların sayını artıra bilər. Bu baxımdan payız təqvimi şəhərin turizm potensialının daha geniş auditoriyaya təqdim olunması üçün əlavə imkan yaradır.
Payızın tədbirlər təqvimi nikbinlik üçün əsas verir. Bakı 7–11 sentyabrda BMT-nin IV İqlim Həftəsinə ev sahibliyi etdi. Eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi də keçirildi. Bunu tədbirlərin miqyasca bərabərliyi kimi deyil, Bakının London və Nyu-Yorkun da tanındığı şəhər iqlim fəaliyyəti həftələri xəttinə qoşulması kimi qiymətləndirmək daha düzgündür. BMT-nin 2026-cı il rəsmi İqlim Həftələri isə Koreya Respublikasının Yeosu şəhərində və Bakıda keçirilib. Bu cür tədbirlər şəhərin beynəlxalq görüşlər və işgüzar turizm məkanı kimi mövqeyini gücləndirir.
Bunu Baki-baku.az-a açıqlamasında “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi deyib.
O bildirib ki, qarşıda 24–26 sentyabrda Formula 1 Azərbaycan Qran-prisinin 10 illik yubiley buraxılışı, 30 sentyabr–2 oktyabrda ADEX və “Securex Caspian”, oktyabrın 3–4 və 10–11-də “GastroFest”, 14–16 oktyabrda Xəzər İnşaat Həftəsi, 28 oktyabr–8 noyabrda “Baku International Arts Festival” və 30 oktyabr–1 noyabrda “Fly to Baku Art Weekends” keçiriləcək. Belə idman, mədəniyyət və işgüzar tədbirlər yaxşı payız göstəriciləri üçün real zəmin yaradır. Lakin nəticə yalnız tədbir günlərində hotellərin dolması ilə deyil, bütün mövsüm üzrə turist sayı, gecələmələr, orta qalma müddəti və səfər xərcləri ilə qiymətləndirilməlidir.
Payız təqviminin üstünlüklərindən biri də tədbirlərin bir-birini əvəz etməsi ilə Bakıda turist marağının mövsüm ərzində qorunmasına imkan yaratmasıdır. Formula 1 üçün şəhərə gələn xarici qonaqlar əsasən idman turizmi auditoriyasını təşkil etdiyi halda, beynəlxalq sərgilər işgüzar səfərləri, festivallar və incəsənət tədbirləri isə mədəni və qastronomik turizm marağını ön plana çıxarır. Bu müxtəliflik Bakının payız aylarında fərqli turist qrupları üçün cəlbedici qalmasına şərait yarada bilər.
Eyni zamanda tədbir iştirakçılarının şəhərdə keçirdiyi vaxtın uzadılması da turizm baxımından əhəmiyyətlidir. Bakıya konkret tədbir üçün gələn qonağın səfərini bir neçə gün uzadaraq şəhərin tarixi məkanlarını, muzeylərini, restoranlarını və digər turizm imkanlarını kəşf etməsi həm yerləşmə, həm iaşə, həm də digər xidmət sahələrində əlavə iqtisadi aktivlik yarada bilər.
Bu səbəbdən qarşıdakı aylar üçün əsas gözlənti yalnız ayrı-ayrı tədbirlərin yaratdığı qısamüddətli turist sıxlığı deyil, həmin tədbirlərin Bakı haqqında formalaşdırdığı ümumi turizm marağının mövsüm boyunca davam etməsidir. Payızın sonunda ortaya çıxacaq göstəricilər isə bu tədbir müxtəlifliyinin real turist axınına və şəhərin turizm gəlirlərinə nə dərəcədə çevrildiyini daha aydın göstərəcək.
Elvin Camalov