Şərəfinə Bahadur xan tərəfindən kitabxana tikilən, Həbibullah Şirazinin, Nəcməddin Kübravinin neməti sayılan Qarabağlı
Sulu Çor xaqanın, Qəznəli Mahmudun, Sultan Toğrulun, Çağrı bəyin, Anadolunun qapısını türklərin üzünə açan Alp Arslanın, Xarəzmşahların, dünya fatehi Əmir Teymurun, Baburlar İmperiyasının qurucusu Babur şahın, Səlahəddin Eyyubinin, Sultan Baybarsın , Osman Qazidən, Fateh Mehmetdən, Əmir Teymurdan sonra türkün gücünü, qüdrətini sübuta yetirən Nadir şah Əfşarın boy aldığı Türküstan, Bozqırların sultanı olan təkcə Sərkərdə-xaqanlar deyil, həm də zəngin mədəniyyəti, qüdrətli tarixi ilə bəşəri dəyərlər xəzinəsini zənginləşdirdi.

Ruhunun qida yeri olan bu torpaqlarda Şərqin qüdrətli elm-tədris mərkəzləri quruldu
Məvarünnəhr, Səmərqənd, Buxara , Fərqanə, Xivə, Kokand, Termez, Mərv, Ürgənc, Muynak, Şəhrisəbz, Nukus, Daşkənd kimi antik dövr şəhər mədəniyyəti tarixinə belə imzasını atdı. Bibixanım məscidi, Buxara məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şahi-Zində məqbərəsi, Sərdar mədrəsəsi, Əmir Teymur və onun törəsinin uyuduğu Gur-Əmir məqbərə kompleksi, Ağ Saray, Registan meydanı, İçan- Qala abidələri ilə yanaşı, həm də əzəmətli imperiyalar quran Qaraxanlıların, Qəznəlilərin, Səlcuqların, Xarəzmşahlarının , Teymurluların diyarı kimi dünyaya səs saldı. Əl-Buxari, Əl-Fərqani, Əl-Biruni, İbn Sina, Hüseyn Baykara, Mahmud Kaşğarlı, Babur şah, Xoca Əhməd Yəsəvi, Əlişir Nəvai, Uluqbəy, Xocazadə Rumi, Əli Quşcu, Mirşərif Gürcani, Xoca Əkrar, Lütfi, Xondəmir, kimi fikr və düşüncə sahibləri, təbib-filosoflar, ustad sənətkarlar, təlimləri, traktat və risalələri ilə fəlsəfi cərəyanların təməlini qoyan mütəfəkkir alimlərin dühası ilə dünyanın ruhunun qida yeri olan bu torpaqlarda Şərqin qüdrətli elm-tədris mərkəzləri quruldu. Dünyanın məhşur alimləri qüdrətini, əzəmətini məhz bu müqəddəs məkanın mürşidlərinin hüzurunda təsdiq etmək üçün Səmərqəndə, Buxaraya, Xarəzmə, Ürgəncə, Xivəyə, Mərvə vardı. Onların sırasında Yusif Sultan Qarabaği kimi qüdrətli bir türk, azərbaycanlı da var idi ki, bu gün onun varlığı ilə hər bir azərbaycanlı, qarabağlı qürur duyur!

İlk təhsilini Buxarada aldıqdan sonra Şiraza gedir
Əsərləri Türküstanda, Mərkəzi Asiyada tədris olunan, Bahadur xanın kitabxanasına hədiyyə edilən, Səmərqənddə “Böyük Axund”, Buxarada “Elmin Sultanı” titulunu alan Yusif Sultan Qarabağinin adı çəkiləndə bu gün də Buxara, Səmərqənd, Xarəzm kimi elmi mərkəzlərdə nüfuzlu alimlər səcdəyə durur.
XVI yüz ilin birinci yarısında Qarabağ bəylərbəyliyində doğulan Yusif Sultan Qarabaği ilk təhsilini Buxarada aldıqdan sonra Şiraza gedir. Bəzi mənbələrdə onun Səfəvi-Osmanlı müharibələri zamanı Qarabağı tərk etdiyi məlum olsa da, tarixi faktlar onun Yaxın və Orta Şərqdə məhşur olan Həbibullah Şirazi kimi dövrünün tanınmış alimindən dərs almaq üçün Buxaradan Şiraza getdiyini sübut edir. Şirazda təhsilini tamamladıqdan sonra Səmərqəndə dönən Yusif Sultan Qarabaği əldə etdiyi nailiyyətlərə, gənc yaşında qələmə aldığı məşhur risalə və traktatlarına görə müxtəlif ölkələrin sultanları və universitetləri tərəfindən fəxri adlara layiq görülür. Taleyində mühüm mərhələ olan Səmərqənd dövrü onu Şərqin nüfuzlu alimi kimi dünyada məhşuri-cahan edir. Səmərqənd Universitetində fəlsəfə və din tarixindən mühazirələr oxuyur, “Böyük Axund” titulunu alır.

Cəlaləddin Dəvvaninin “Şərhi-Əqayiqi-Əzudiyyə” əsərinə haşiyə yazır
İlk gənclik illərində, hələ Şirazda Həbibullah Şirazinin müridi olduğu illərdən fəlsəfə və kəlam, müdriklik və müdriklər kimi məsələlərlə məşğul olan alim Cəlaləddin Dəvvaninin “Şərhi-Əqayiqi-Əzudiyyə” əsərinə haşiyə yazır. Dəvvaninin bəzi fəlsəfi düşüncələrini təqdir, bəzilərini isə tənqid edərək elm aləmində “təqdirlər və tənqidlər” adlı cığır açır. Əldə olunan məlumatlar sübut edir ki, Yusif Sultan Qarabaği Kübraviyyə təriqəti ilə bağlı olmaqla yanaşı, sufi şeyxi Nəcməddin Kübravi ilə birlikdə təriqqətin inkişafına və yayılmasına töhfədə bulunmuşdur. Kübravinin irfan gecələrini nurlandıran əsas alimlərdən biri kimi kübravilik təliminin Yaxın və Orta Şərqdə, Anadoluda yayılmasında mühüm rol oynamışdı.
Ötən əsrin tədqiqatçıları Yusif Sultan Qarabağinin fəlsəfi görüşünün, dünyabaxışının mahiyyətinin sufi-panteist xarakter daşıdığının, “Varlığı bütöv halda qəbul etmədiyini” yazsalar da Elmin Sultanı risalə və traktatlarında İbn Sina ənənələrini, işraqilik təlimini təbliğ etdiyini də qeyd etmişlər.

Türküstanı bürüyən şöhrəti Buxara hökmdarı Bahdur xanın diqqətini cəlb edir
Səmərqənddən sonra Buxaraya dəvət alan mütəfəkkir-alim Buraxa Universitetində mühazirələr oxuyur, nüfuz və şöhrət qazanır, çoxsaylı ardıcıllar yetişdirir. Təkcə Buxaranı deyil, Türküstanı bürüyən şöhrəti Buxara hökmdarı Bahadur xanın diqqətini cəlb edir. Qarabağın möhnəti, Səmərqəndin zinəti, Həbibullah Şirazinin, Nəcməddin Kübravinin neməti saraya dəvət alır, fikir və düşüncə sahiblərinin, elmi-irfan bulağından içən və içirən alimlərin sırasında mövqeyini möhkəmləndirir. Buxarada qələmə aldığı risalə və traktatlar sonrakı dövrlərdə Türküstan mədrəsələrində Ürgənc, Xivə, Xarəzm, Səmərqənd, Buxara kimi elmi mərkəzlərdə tədris edilir.

Qarabağinin ən məhşur əsərlərindən biri “Həfti-Cihan”, yəni “Yeddi bağ”dır
1619-cu ildə isə Yusif Sultan Qarabağinin mütəfəkkir-filosof kimi taleyində mühüm hadisə baş verir. Bahdur xan onun şərəfinə kitabxana tikdirir. Şərqin bu mütəfəkkir alimini bu kitabxanaya rəhbər təyin edir. Özbəkistan Şərqşünaslıq İnstutunda 20-dən çox əsəri qorunub mühafizə edilən “Elmin Sultanı”nın Süleymaniyyə kitabxanasında olan yeddi əlyazması onun təkcə mürşidi-kamil deyil, həm də mütəfəkkir filosof olduğunu sübut edir. Əsərlərinin böyük hissəsini dövrün elmi-irfan, saray siyasət dili olan ərəb və fars dillərində yazan Yusif Sultan Qarabağinin ən məhşur əsərlərindən biri “Həfti-Cihan”, yəni “Yeddi bağ”dır ki, bu əsər insan, mənəviyyat, əxlaq və idrak haqqında düşüncələri özündə ehtiva edir.

Abbasqulu ağa Bakıxanov Yusif Sultan Qarabağini Şərqin mütəfəkkir şairi, böyük sənətkarı, söz ustadı adlandırmışdır
1997-ci ildə şərqşünas alim Məsiağa Məhəmmədi tərəfindən Azərbaycan türkcəsinə çevrilən bu əsər Yusif Sultan Qarabaği irsinin ana dilimizdə ilk nümunəsidir. Dünya şöhrətli alimin, mütəfəkkir-filosofun digər qiymətli əsərlərindən biri də “Haşiyələrin tamamlanması və səhvlərin düzəldilməsi”dir ki, o, bu əsəri təxminən 1623-cü ildə Ağa Hüseyn Xalxalinin tənqidlərinə cavab olaraq yazmışdır.
Əldə olunan məlumatlar onu da sübut edir ki, bir mütəfəkkir alim kimi Yusif Sultan Qarabağinin irsi yanlız fəlsəfə və ilahiyyatla, dinşünaslıqla məhdudlaşmayıb. Onun tibb, astronomiya və riyaziyyatla bağlı risalaləri də dünyada məhşur olmuşdur. Üzü köçürülən əlyazmaları müxtəlif Şərq ölkələrində yayılmışdır. Şərqin bütün Elm mərkəzlərində onun əsərlərinə istinad edilmişdir. Şərqin və Azərbaycanın digər bir mütəfəkkir alimi, şair, mütərcim və tarixçi Abbasqulu ağa Bakıxanov Yusif Sultan Qarabağinin ədəbi əsərlərindən söz açmış onu “Şərqin mütəfəkkir şairi, böyük sənətkarı, söz ustadı” adlandırmaqdan belə çəkinməmişdir.

Buxarada, Sultan Sarayı köşkündə, adı ilə bağlı kitabxananın yanında dəfn edilib
Ömrünün son illərini şöhrət çələngini başına qoyduğu Buxarada keçirən mütəfəkkir-alim, filosof, astonom və riyaziyyatçı, Kübravilik təliminin yaranmasında, İşravilik təliminin inkişafında mühüm rol oynayan Yusif Sultan Qarabaği bəzi mənbələrə görə 1644-cü, bəzilərinə görə isə 1645-ci ildə dünyaya vida nəğməsi oxuyaraq Buxarada, Sultan Sarayı köşkündə, adı ilə bağlı kitabxananın yanında dəfn edilib.
Əsərləri XX yüz ilin əvvəlinə qədər Türküstan Universitetlərində tədris olunan alimin irsi ilə bağlı mühüm uğurlara 2023-cü ildə nail olunub. Aparılan araşdırmalar nəticəsində onun “Vacib Varlıq” risaləsi elmi ictimaiyyətə təqdim edilib. 2026-cı il avqustun 25-də Daşkənddə keçirilən Beynəlxalq Media Formunda Azərbaycan-Özbəkistan elmi –mədəni əlaqələrinə həsr olunan seminarda Azərbaycanın bu mütəfəkkir alimi haqqında mühazirə oxunub. Onun bir türk-azərbaycanlı kimi bəşəri dəyərlər xəzinəsini zənginləşdirən risalə və traktatlarından söz açılıb, sivilizasiyaların, mədəniyyətlərin dialoquna verdiyi töhfələrdən danışılıb.
Şərəf Cəlilli