Bir zamanlar ev telefonu Bakı ailələrinin həyatında xüsusi yer tuturdu. Köhnə Bakı evlərində telefonun da öz yeri vardı – dəhlizdə balaca masanın üstündə, qonaq otağının bir küncündə və ya onun üçün ayrılmış kiçik bir rəfdə. Telefonun yanından dəftər və qələm əskik olmazdı. O balaca dəftər ailənin kiçik yaddaş kitabçası idi.
O dəftərin səhifələrində təkcə telefon nömrələri yox, şəhərin tanış ünvanları və adamları da yaşayırdı: “Sevil müəllimə”, “Vaqif usta”, “poliklinika” və s.
Bəzən ad-soyad yazmağa da ehtiyac olmazdı. Məsələn, “Səkinə xala”nın kim olduğunu ailədə hamı bilirdi.
“Bir dəqiqə, qələm tapım…”
Bu sözlər telefon söhbətlərinin ən tanış ifadələrindən idi. Yeni nömrə deyilən kimi qələm axtarılardı. Nömrə əvvəlcə əl altında olan bir kağıza yazılar, sonra telefon dəftərinə köçürülərdi. O illərdə ən vacib nömrələr yaddaşda qalırdı. Qohumların, dostların, valideynlərin iş yerinin nömrəsini çoxları əzbər bilirdi.
“Elçin evdədir?”
O vaxt dostuna zəng etmək indiki qədər asan deyildi. Əvvəl ev telefonu çalardı. Dəstəyin o başından isə çox vaxt tanış bir səs gələrdi:
— Alo?
— Salam, Elçin evdədir?
— Hə, bir dəqiqə, çağırım.
Sonra dəstək stolun üstünə qoyular, dəhlizdən, mətbəxdən, bəzən də həyətə açılan qapının ağzından səs ucalardı:
— Elçin, telefona!
Köhnə Bakı mənzillərində və həyət evlərində bu səslər adi həyatın bir parçası idi. Telefon çalanda evdə hamı istər-istəməz qulaq kəsilərdi. Kimsə mətbəxdən, kimsə eyvandan soruşardı:
— Kimdir?
Bəzən zəng bir nəfər üçün gələrdi, amma söhbətdən bütün ev xəbər tutardı. Dəstəkdən gələn səs, dəhlizdəki ayaq səsləri, bir otaqdan o birinə səslənən adamlar – bütün bunlar köhnə Bakı evlərinin gündəlik səslərindən idi.
Uzaq şəhərdən gələn zəng isə tamam başqa hadisə idi. Dəstək asılardı, amma telefondan gələn xəbər hələ uzun müddət evin içində dolaşardı.
Üstündən xətt çəkilən nömrələr…
İllər keçdikcə telefon dəftəri də köhnəlirdi. Kimsə başqa ünvana köçürdü, kimininsə nömrəsi dəyişirdi. Köhnə nömrənin üstündən xətt çəkilir, yanına yenisi yazılırdı. Bəzən nömrənin sahibi artıq dünyasını dəyişmiş olurdu, amma onun adını dəftərdən silməyə heç kimin əli gəlmirdi.
Sonra mobil telefonlar gəldi. Nömrələr əvvəl SIM-karta, sonra telefonun yaddaşına, daha sonra isə “kontaktlar” bölməsinə köçdü. Telefonun yanında duran dəftərə ehtiyac qalmadı. Bu gün cibimizdə yüzlərlə telefon nömrəsi var, lakin onların çoxunu əzbər bilmirik.
Vaxtilə onlarla nömrənin yazıldığı balaca bir dəftərin səhifələri saralır, üzü köhnəlirdi, amma içərisində bütöv bir ailənin, məhəllənin, dövrün yaddaşı yaşayırdı. Bəlkə də Bakının hansısa köhnə evlərinin birində, siyirmənin bir küncündə o telefon dəftərlərindən biri hələ də qalır. Həmin köhnə dəftərdə rəqəmlərdən daha çox xatirələr yaşayır. Hər nömrə bir səsi, bir insanı, bir dövrü xatırladır…
Hacı Cavadov