Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/03/2026

Paylaşın

Mədəniyyət

Yaşar Nuri – Səhnədən çıxıb həyatımıza qarışan adam

Yaşar Nuri

Bəzi adamlar haqqında yazanda sözlər ehtiyatla seçilməlidir. Çünki onları bir neçə cümləyə sığdırmaq mümkün deyil. Yaşar Nuri də belə adamlardan idi. Onu aktyor adlandırmaq asandır. Xalq artisti, Dövlət Mükafatı laureatı demək də asandır. Filmlərini, tamaşalarını, rollarını sadalamaq da…

Amma Yaşar Nurini anlatmaq, izah etmək, çatdırmaq üçün bunların heç biri kifayət etmir. Çünki Yaşar Nuri ancaq obraz yaratmırdı. O, obrazın içinə – batininə girib, dərisinə bükülüb orada yaşayırdı. Sonra da həmin adamı götürüb bizim evə gətirirdi. Televizorun ekranından keçib ailə söhbətlərimizin arasına qarışır, məclislərimizə gəlir, zarafatlarımızda peyda olurdu.

1951-ci il sentyabrın 3-də Bakıda, aktyor Məmmədsadıq Nuriyevin ailəsində doğulmuşdu. Sənət onun üçün uzaq bir dünya deyildi. Evdə nəfəs alırdı, küçədə qarşısına çıxırdı, atasının səsində, dostlarının söhbətində, Bakının özündə yaşayırdı. Atası da axı kiçik obrazların mahir ifaçısı idi.

Yaşar Nuri

Bir dəfə məktəbdə pəncərə sındırır. Direktor deyir:

– Get atanı çağır.

Məmmədsadıq Nuriyev məktəbə gələndə direktor onu tanıyır və Yaşarı bağışlayır.

İllər sonra Yaşar bu hadisəni özünəməxsus yumorla xatırlayacaqdı: deməli, atasının adı onu xilas etmişdi. Onda belə qərara gəlmişdi ki, aktyor olsun, böyüyəndə etdiyi “böyük xətalar və dələduzluqlar” da öz adına bağışlansın. Bu, əslində, Yaşar Nurinin özüdür. Həyata ciddi baxmağı bacarırdı, amma özünə ciddi baxmırdı.

Yaşar Nuri

On iki yaşında səhnəyə çıxdı…

“Toy kimindir?” tamaşasında Tapdıq rolunu oynayan aktyor xəstələnmişdi. Tamaşaya baxmağa gələn Yaşarın həmin əsəri əzbər bildiyini eşidəndə onu səhnəyə çağırdılar. Beləcə, təsadüf kimi görünən bir hadisə gələcək böyük aktyorun yolunu açdı. Üstəlik, səhnəni kimlərlə bölüşürdü? Nəsibə Zeynalova, Lütfəli Abdullayev və Azərbaycanın başqa böyük sənətkarları ilə. İlk səhnə təcrübəsi, ilk həyəcan, ilk alqış… Bəlkə də həmin gün səhnə də onu tanıdı. Sonra Yaşar böyüdü. Səhnə də onunla birlikdə böyüdü.

Yaşar Nuri

Gəncliyində artıq məşhur idi. Ətrafında qızlar dolaşırdı. Amma Yaşarın özünün dediyinə görə, anasının bir sözü qulağında sırğa idi: “Sənə qızı özüm tapacam.”

Anası sözünün üstündə də durdu. Yaşar bir gün uzaq qohumu Rəhiməni görür, ardınca düşür. Bir-iki gün belə davam edir. Axırda səbri çatmır, qızın qarşısını kəsib deyir:

– Bilirsən nə var? Vaxt yoxdur ssenari qurmağa. Bütün günü səhnədə ssenari ilə oynayıram. Evlənirik. Vəssalam.

Yaşar Nurinin həyatında bəlkə də ən qısa ssenarilərdən biri belə yazıldı. Və əsas odur ki, xoşbəxt sonluqla bitdi.

Amma onun əsl böyük səhnəsi Azərbaycan idi. “Ölülər”də Məşədi Oruc oldu, “Dəli yığıncağı”nda Sərsəm Salman, “Od gəlini”ndə Altunbay, “Mesenat”da Ağamusa Nağıyev, “Sevil”də Əbdüləli bəy… Bir-birindən tamam fərqli adamlar.

Yaşar Nuri

Amma hansı obrazı oynayırdısa, ona Yaşar Nuridən nəsə keçirdi.

Onun komediyası da adi komediya deyildi. İnsan güldükcə özünü görürdü. Bəzən qonşusunu, bəzən qohumunu, bəzən məclisdəki o “çoxbilmiş” adamı, bəzən də özünü…“Ac həriflər”, “Yarımştat”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram” və başqa televiziya tamaşaları bir nəslin yaddaşına elə hopdu ki, həmin obrazların bəziləri aktyorlarından ayrılıb ayrıca həyata başladı: Tamada Surxayzadə, Həsən dayı, Çəkməçi Dadaşov, Fotoqraf Əli bəy… Bunlar adicə personajlar deyildi. Biz onları tanıyırdıq. Sanki hansısa toyda, məhəllədə, qonşuluqda görmüşdük. Yaşar Nuri tamaşaçıya aktyorla obraz arasındakı məsafəni hiss etdirmirdi. O, bizdən biri idi.

Kinoda da başqa-başqa adamların taleyinə girdi: “Ad günü”, “Bəyin oğurlanması”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Qətl günü”, “Fransız”, “Lətifə”, “Yoxlama”…

Hər filmdə başqa sifət, başqa səs, başqa xarakter. Amma eyni Yaşar oldu, özü oldu!

Bəlkə də onun böyük sənətkarlığı elə bunda idi: yüzlərlə adam ola-ola özü olaraq qalmaq.

Yaşar Nuri

Yaşar Nuri həyatın özünü də bir az səhnə kimi yaşayırdı. Məclis adamı idi. Gülməyi, danışmağı, dostlarla oturmağı sevirdi. Bəzən bu həyat tərzi onun üçün ağır nəticələr də doğururdu. Xəstələndi. Uzun illər xəstəliklə mübarizə apardı. Dörd il xəstəxanalarda yatdı. Onun haqqında dəfələrlə ölüm xəbərləri yayıldı. Hər dəfə tamaşaçı narahat oldu, hər dəfə “Yaşar sağdır” xəbəri yayılanda insanlar sanki öz doğmalarından biri qayıtmış kimi sevindilər. Çünki Yaşar Nuri artıq xalqın öz adamına çevrilmişdi. Xəstəlik belə onun teatr sevgisini əlindən ala bilmədi. Türkiyədən müalicədən qayıtdığı günlərdən birində üzərindəki sistemləri çıxarıb birbaşa aeroportdan teatra getməsi haqqında danışılır. Bu, adicə teatr sevgisi deyildi.

Sanki səhnə onun üçün xəstəxanadan daha doğma bir yer idi. Və teatrda sağalacağına inanırdı…

Yaşar Nuri 2012-ci il noyabrın 22-də dünyasını dəyişdi. Amma onun ölümü də bir aktyorun səhnədən çıxışı kimi olmadı.

Xalq onunla vidalaşmağa gəldi.

Dəfn mərasimində tabutunu insanlar əldən-ələ daşıyırdılar. Qızı insanların onunla rahat vidalaşması üçün kənarda dayanmalı olmuşdu.

Bu mənzərə bir şeyi çox aydın göstərirdi:

Yaşar Nuri xalqın sevdiyi aktyor deyildi.

Yaşar Nuri xalqın içindən çıxmış aktyor idi.

Aradakı fərq böyükdür.

Yaşar Nuri

Bu gün onun doğum günüdür. 3 sentyabr. Yaşar Nuri 1951-ci ilin həmin sentyabr günündə Bakıda dünyaya gələndə heç kim bilmirdi ki, bu şəhər bir gün onun səsində danışacaq. Heç kim bilmirdi ki, o, Bakının küçələrindən, məclislərindən, evlərindən, adamlarından bir bütöv aktyor dünyası yaradacaq. Heç kim bilmirdi ki, illər sonra onun ölümündən sonra belə insanlar televizorun qarşısında oturub ona baxacaq və güləcəklər. Bəlkə də ən böyük sənət budur. İnsan gedir, səsi qalır,  baxışı qalır, gülüşü qalır… Və bir gün köhnə bir tamaşada Yaşar Nuri görünür. Ekrandan bizə baxır, bir söz deyir, biz gülürük, sonra bir anlıq susuruq. Anlayırıq ki, əslində biz onun obrazına yox, öz keçmişimizə baxırıq. Yaşar Nuri isə yenə oradadır. Həmişəki kimi.

Bir az dəcəl, bir az kövrək, bir az məclis adamı, bir az köhnə Bakı və çox böyük aktyor. Pərdə çoxdan bağlanıb. Amma Yaşar Nurinin səhnəsi hələ də davam edir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi

Ən son

Mədəniyyət

Amma Yaşar Nurini anlatmaq, izah etmək, çatdırmaq üçün bunların heç biri kifayət etmir.

Mədəniyyət

Amma Yaşar Nurini anlatmaq, izah etmək, çatdırmaq üçün bunların heç biri kifayət etmir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin