Bu gün – 26 avqust Azərbaycanda Laçın Şəhəri Günü kimi qeyd olunur.
Dağların qoynunda qərar tutan Laçın… Bir vaxtlar adı çəkiləndə həsrət, nisgil və itirilmiş yurd duyğusu yada düşürdüsə, bu gün həmin adın yanında Zəfər, qayıdış və quruculuq sözləri dayanır. Laçın artıq yalnız keçmişin xatirələrində yaşayan şəhər deyil. O, öz sakinlərini yenidən bağrına basan, küçələrində həyatın bərpa olunduğu, gələcəyə doğru addımlayan bir yurddur. Laçın Şəhəri Gününün qeyd olunması da məhz bu böyük dəyişimin – həsrətdən qayıdışa uzanan yolun rəmzidir.

26 avqust – Laçının tarixində dönüş nöqtəsi
Laçın Şəhəri Günü Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis olunub. Hər il avqustun 26-da qeyd edilən bu əlamətdar gün Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçdiyi tarixi günə təsadüf edir.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın 30 illik işğala son qoyması ilə nəticələndi. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbələr, xalqın birliyi, Prezident İlham Əliyevin prinsipial mövqeyi, diplomatik məharəti və qətiyyəti Ermənistanı kapitulyasiyaya və işğal etdiyi əraziləri boşaltmağa məcbur etdi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı.

Amma Laçın şəhəri və strateji əhəmiyyət daşıyan Zabux və Sus kəndləri hələ həmin mərhələdə sülhməramlıların nəzarətində qalan ərazidə yerləşirdi. Daha iki il gözləmək lazım gəldi. Və nəhayət, 2022-ci il avqustun 26-sı Laçının tarixində yeni bir səhifə açıldı. Həmin gün Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Şəhərin ən uca nöqtəsində üçrəngli bayrağımız dalğalandı. Bu, sadəcə bayrağın ucaldılması deyildi. Bu, Laçının bütövlükdə və əbədi olaraq öz doğma sahibinə qayıdışının dünyaya elan edilməsi idi.
Həmin gün Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi barədə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə etdi.

Laçın işğaldan əvvəl və işğal illərində
Laçın rayonunun mərkəzi olan Laçın şəhərinin də qədim tarixə söykənən adı və keçmişi var. 1930-cu il avqustun 8-də Laçın rayonu təşkil edilib. Rayonun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarət olub. Lakin 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin Laçını işğal etməsi ilə şəhərin və rayonun taleyində ağır bir dövr başlayıb. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb. 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.
Laçının maddi-mədəni irsinə də ağır zərbə vurulub. Rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisəsi işğalçılar tərəfindən talan edilərək məhv edilib.

Rayondakı tarixi irs də vandalizmdən kənarda qalmayıb. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə zərər görüb.
Laçının təbiəti də işğalın ağır nəticələrindən yan keçməyib. Rayonun meşə fondunun əhəmiyyətli hissəsi məhv edilib, 240 hektar ərazisi olan Qaragöl Dövlət Təbiət Qoruğuna və 20 min hektar ərazisi olan Laçın Dövlət Təbiət Yasaqlığına böyük ziyan vurulub. İşğal dövründə rayonun coğrafi adlarının dəyişdirilməsi, təbii resurslarının talan edilməsi və məqsədyönlü məskunlaşma siyasəti aparılması kimi qanunsuz əməllər də həyata keçirilib. Laçın bütün bunlara baxmayaraq öz yaddaşını itirmədi.

2022-ci il: Bayrağın yenidən dalğalandığı gün
2020-ci ildə Laçın rayonunun azad edilməsi Zəfər yolunun mühüm mərhələsi idisə, 2022-ci il avqustun 26-da şəhərin və Zabux, Sus kəndlərinin nəzarətə götürülməsi həmin yolun tamamlanan səhifələrindən biri oldu. Bundan əvvəl, 2020-ci il noyabrın 9-da Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdi. İki il sonra isə Laçın şəhərində üçrəngli bayrağımız ucaldıldı.

İndi Laçında başqa bir tarix yazılır
İşğaldan azad edilən digər ərazilərimiz kimi, Laçında da yeni həyat qurulur. Bir vaxtlar yalnız xatirələrdə yaşayan küçələr yenidən canlanır. Evlər tikilir, sosial obyektlər yaradılır, istehsalat və xidmət müəssisələri fəaliyyətə başlayır. “Böyük Qayıdış” Proqramı çərçivəsində laçınlı məcburi köçkünlərin doğma yurda mərhələli şəkildə qayıdışı təmin edilir. 2023-cü il mayın 28-dən etibarən Laçın sakinləri doğma şəhərlərinə qayıtmağa başlayıblar. Beləcə, illərlə həsrətlə xatırlanan evlər yenidən sahiblərinin səsinə, küçələr uşaqların addımlarına qovuşur. Laçın təkcə tikilmir – yaşayışına, yaddaşına, gündəlik həyatına qovuşur. Şəhərdə istehsalat, xidmət və tədris müəssisələri yaradılır, yeni iş yerləri açılır, əhalinin məşğulluğunun təmin olunmasına diqqət yetirilir.
Laçın şəhərində Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi, tikiş və ayaqqabı fabrikləri, “Laçın” İstirahət Kompleksi, “Hoçazfilm” kinostudiyası istifadəyə verilib. Ötən il isə Laçın kanat yolunun təməli qoyulub.
Laçının yeni qapısı – hava limanı
Laçının bugünkü həyatında şəhərin yalnız yaşayış məkanı kimi deyil, Azərbaycanın mühüm strateji və nəqliyyat məkanlarından biri kimi formalaşması da diqqət çəkir. Laçın Azərbaycanın hava qapılarından birinə çevrilib. Ötən ilin 28 mayında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Bu hava limanı Laçının yeni həyatının simvollarından biri kimi şəhərin ölkənin digər bölgələri və xarici dünya ilə əlaqələrinin genişlənməsinə imkan yaradır.

Bir şəhərin taleyində bütöv bir xalqın hekayəsi
Laçının tarixində işğal da var, ayrılıq da, müharibə də, Zəfər də. Amma bu gün Laçının hekayəsinin əsas sözü artıq “həsrət” deyil. Bu söz “qayıdış”dır.
Bir vaxtlar məcburi köçkün ailələrinin yalnız xatirələrində yaşatdığı şəhər bu gün yenidən sakinlərini qarşılayır. Dağların qoynunda yerləşən Laçın yeni binaları, yolları, müəssisələri və qayıdan ailələri ilə öz gələcəyini qurur. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Laçında da genişmiqyaslı bərpa və yenidənqurma işləri davam edir. Ərazilər minalardan təmizlənir, yeni infrastruktur yaradılır, şəhər və kəndlərə həyat qayıdır.
Prezident İlham Əliyev Laçın rayonuna dəfələrlə səfər edib, burada müxtəlif açılış və təməlqoyma mərasimlərində iştirak edib, həyata keçirilən layihələrlə tanış olub. Laçın artıq bir sıra yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhərə də çevrilib. Müxtəlif toplantılar, forumlar və mədəni tədbirlər onun ictimai həyatının yenidən formalaşdığını göstərir. Bu gün Laçında hər yeni küçə bir qayıdışın, hər yeni bina bir gələcəyin, hər qayıdan ailə isə Böyük Qayıdışın canlı ifadəsidir. 26 avqust Laçının təkcə təqvimdəki günü deyil. Bu tarix bir şəhərin işğaldan azad olunaraq yenidən həyata qayıtmasının, dağıntıların yerini quruculuğun, həsrətin yerini doğma yurda qovuşmağın aldığı günün simvoludur.
Laçın bu gün keçmişinə sahib çıxaraq gələcəyə baxır. Dağların qoynunda yenidən həyat qaynayır. Və Laçın artıq öz doğmalarına yalnız “qayıdın” demir. Laçın doğmalarını qarşılayır.
Xanım Aydın