Şəhərin səs-küyü, raqəmsal striminq platformaları və cibimizdə daşıdığımız milyonlarla mahnı… Bu gün istədiyimiz ifanı bir toxunuşla tapmaq nə qədər rahatdırsa, 90-cı illərdə musiqiyə çatmaq bir o qədər fədakarlıq, səbir və əsl sevgi tələb edirdi.
O dövrün insanları üçün musiqi sadəcə fonda səslənən səs deyildi; toxunula bilən, lenti dolaşanda qorxudan, səliqə ilə qorunan bir xəzinə idi.
Karandaşın musiqi ilə imtahanı
Maqnitofonun “Rewind” düyməsini basıb batareyanı bitirmək böyük israfçılıq sayılırdı. Ən böyük xilaskar isə adi altıbucaqlı karandaş və ya çəhrayı örtüklü diyircəkli (şarikovıy) qələm idi.
Kaseti qələmin ucuna keçirib barmaq arasında sürətlə fırlatmaq xüsusi bir məharət idi. Lentin çarxa yığılarkən çıxardığı o xışıltılı səs uşaqlığımızın və gəncliyimizin ən doğma melodiyalarından birinə çevrilmişdi. Bəzən də aparat lenti “yeyərdi”… Həmin an vaxt dayanardı. Ehtiyatla, iynə ucu ilə o nazik qara lenti çıxarmaq, hamarlamaq və karandaşla yerinə sarımaq əsl cərrahiyə əməliyyatını xatırladırdı.
“Aparıcı, xahiş edirəm, danışma…”
Radiodan mahnı yazmaq dövrün ən həyəcanlı ovçuluq prosesi idi. Əlimiz “Record” və “Play” düymələrinin üstündə, gözümüz radioda, nəfəsimizi dərib gözləyərdik. Sevimli mahnı başlayan kimi düymələri eyni anda basmaq lazım gəlirdi.
Ən böyük bəla isə aparıcının mahnının tam ortasında danışması və ya mahnını vaxtından əvvəl kəsməsi idi. Sanki bizi eşidirmiş kimi, böyük həyəcan və narazılıqla deyirdik ki, “aparıcı, xahiş edirəm, danışma!” Mahnının əvvəlinə düşən qısa radio xışıltısı və ya aparıcının bir cümləlik səsi kasetdə əbədi qalar, hər dəfə dinləyəndə insanı həm güldürər, həm də bir qədər əsəbiləşdirərdi. O dəqiqə deyirdik: “Gərək elə danışardın?!”
Musiqi köşkləri və əldən-ələ keçən sərvət
Şəhərin müxtəlif yerlərindəki, xüsusilə də yeraltı keçidlərdə, dayanacaqlarda olan kaset köşkləri gənclərin əsas görüş yeri idi. Vitrinlərdən boylanan xarici və yerli ifaçıların albomları, üstünə xüsusi qələmlə mahnı siyahısı yazılmış ağ “TDK”, “SONY” və ya “MAXELL” kasetləri…
İstədiyin albomu tapmayanda boş kaset alıb satıcıya siyahı verərdin: “Xahiş edirəm, B tərəfinə bu mahnıları yazarsınız”. Bir gün sonra həmin kaseti götürməyə gedəndə yaşanan o səbirsizlik təsvir olunmaz idi. Dostlara kasset bağışlamaq, bəyəndiyin insana xüsusi seçilmiş mahnılardan ibarət “Mix Tape” hazırlamaq isə o dövrün ən səmimi sevgisi idi.
İndi musiqi hər yerdədir, amma o kasetlərin verdiyi həyəcan, lentin fırlanarkən gətirdiyi sərinlik və karandaşın ucundakı o sadə xoşbəxtlik keçmişdə qaldı. Bəlkə də biz musiqinin özündən çox, onun üçün çəkdiyimiz o səmimi əziyyəti darıxırıq.
Xanım Aydın