Teatrlar müxtəlifdir hər birinin öz spesifikası, öz istiqaməti, öz tamaşaçısı var. Amma Bakıda bir teatr da var ki, onun yaşını binasının divarları yox, içində qorunub saxlanılan nağıllar müəyyən edir. Azərbaycan Dövlət Kukla Teatrına daxil olan kimi də ilk hiss etdiyim məhz bu oldu. Teatrın strategiya və kommunikasiya şöbəsinin müdiri Həmidə Rüstəmova bizi gülər üzlə qarşılayır. Və teatrın qarderobdan – elə girişdən başlandığını görürük. Girişdə dayanan kuklalar, dəhlizlərdə Toğrul Nərimanbəyovun möhtəşəm əsərləri, emalatxanadan gələn iş səsi, səhnənin arxasında gedən hazırlıq prosesi, yeni tamaşalar üçün gedən məşqlər göstərirdi ki, burada 95 il əvvəl başlayan nağıl hələ də yaşayır. Bu teatr təkcə uşaqların sevimli məkanı deyil, həm də nəsilləri bir-birinə bağlayan, Azərbaycan kukla sənətini ölkə sərhədlərindən kənarda tanıdan böyük bir məktəbdir. Bu gün onun kollektivi artıq beynəlxalq festivallarda qazandığı uğurlarla, topladığı təcrübə ilə və yeni yaradıcılıq axtarışları ilə 95 illik tarixə yeni səhifələr əlavə edir.

Teatrın geyim və səhnə tərtibatı şöbəsinin müdiri İqbal Əliyevlə 95 yaşlı teatrın uğurlarından, problemlərindən danışdıq. O deyir ki, Kukla Teatrı artıq 95 ildir ki, uşaqlarla addım-addım yol gəlir: “95 il el diliylə desək, bir igidin ömrüdür. bu baxımdan, bizim teatrın deyəcək çox sözüm var.
Bu gün bizim əziyyət çəkdiyimiz əsas məsələ hazır kadrların olmamasıdır. Ona görə də Kukla Teatrı bu gün həm də akademiya rolunu oynayır. Baxmayaraq ki. Azərbaycanda beş Kukla Teatrı var, nə İncəsənət Universiteti, nə Rəssamlıq Akademiyasında kukla sənəti fakültəsi yoxdur. Bu baxımdan “aktyorluğu” bitirənlər bura gələndə yenidən addım-addım universitet oxuyurlar. Çünki kukla sənətini o qədər spesifik cəhətləri var ki. Kukla Teatrında aktyor işi həm də fiziki, ənəvəi baxımdan fərqlidir. Çünki buranın aktyorları, rəssamları demək olar ki, həmişə pərdəarxasında qalırlar, heç vaxt üzdə görünmürlər. Son dövr tamaşalarda “açıq kukla oyunu”ndan istifadə olunur. Artıq aktyorlarımız tamaşaçılarla təmasda ola bilirlər”.

“Kukla rəssamı olmaq isə bir ayrı cür çətindir”, deyə İqbal bəy davam edir: “Çünki uşaqların dünyasını duymaq, müasir dövrün uşaqlarının zövqünü oxşamaq. O qədər həssas bir məqamdır ki. Xatırlayıram ki, quruluşçu rejissoru Saida Haqverdiyeva olan “Üç donuz balası” tamaşası nümayiş olunurdu. Qonağımız fiziki imkanları məhdud şəxslər idi. Tamaşa bitəndən sonra müəllimləri bizə yaxınlaşıb təşəkkür etdi, fəsillərin dəyişməyini onlara öyrətmək üçün çox yaxşı bir vasitə olduğunu bildirdi: “Dekorasiyalarla, rənglərlə və ümumilikdə tamaşanın özü ilə sanki uşaqlara həmin dərsi keçmiş oldunuz!” Bu, bizim üçün böyük uğur idi. Bəzən deyirlər ki, əşi uşaqdır da. Xeyr! Elə deyil. Uşağı aldatmaq mümkün deyil. Bizim tamaşaların müddəti 45 dəqiqədir. Bu müddət xüsusi seçilib. Ondan artıq müddət olarsa, uşaqlar səs salar, diqqəti yayınar. Həmin bu 45 dəqiqədə kuklaçılar uşaqların diqqətini çəkməli, tamaşaya maraq yaratmalıdırlar. Bilirsiz, böyük adamlar tamaşaya gedəndə bəyənməyəndə sakitcə çıxırlar və ya etika xətinə oturub axıra kimi izləyirlər. Amma uşaqla bunu etmir, onlar səs-küy salır, qarışıqlıq yaradırlar. Yəni bununla bəyənmədiklərini bildirirlər. Tamaşa ilk 10 dəqiqədə maraq doğurmadısa, deməli, alınmadı. Ona görə səhnə açılan kimi gərək uşaqları cəlb edə biləsən. Rənglər, hərəkət hamısı mükəmməl olmalıdır. Kukla adam deyil, kuklanın öz mexanizmi, öz menyusu var. Qulağı, əli, gözü, qaşı, başı tərpənə bilər. Bundan artıq heç nə. Buna görə də rəssam kuklaların hər birini individual işləməlidir. Kuklalar üzərində işi isə aktyor icra edir. Rəssam aktyora elə kukla verməlidir ki, o kukla üzərində işləyə bilsin.
Müasir uşaqların hətta rəng duyumu da başqadır. O qədər fərqli neon rənglər var ki… Onları bizim öyrəşdiyimiz sadə rənglərlə təəccübləndirmək olmur. Hər rəngin müxtəlif çalarlarını, daha açıq, daha parlaq rənglərini istəyirlər. Deməyim odur ki, bu günün uşağının tamaşa zövqü və tələbi də başqadır, daha yüksəkdir. Biz də ona yaxşı tamaşa təqdim etməliyik”.

Teatrın dəhlizi ilə addımlayarkən zallardan birində məşqin getdiyini də eşitdik. Astaca qapını aralayıb, məşq prosesini izləmək istədik. Burada Yaradıcılıq şöbəsinin müdiri, rejissor Anar Məmmədov aktyorlarla yeni tamaşa hazırlayırdı. Bu gün burada əllərində kağız ssenarini oxuyan, obrazları başa düşmək, onların yaşantısını anlamaq məqamından sonra yeni mövsümdə bu tamaşa gözəl dekorasiya, kuklalar və quruluş ilə uşaqların görüşünə gələcək. Bu gün isə hələ ilk toxumlar səpilir. Məşqdən sonra fürsət tapıb Anar bəylə də söhbətləşdik:
“Teatrın 95 illik fəaliyyətinə nəzər salanda ən böyükuğurlarımızdan biri odur ki, bu gün kukla sənətinin demək olar bütün növlərinə teatrımızda yer verə bilirik. Artıq həm aktyorlarımız, həm də kukla seximiz müxtəlif növ kuklalarla peşəkar şəkildə işləmək imkanına malikdir. Bu illər ərzində teatrımıza çoxlu dəvətli rejissorlar gəlib və onların bütün yaradıcı istəklərini həm kukla ustalarımız, həm də aktyorlarımız yüksək səviyyədə reallaşdıra biliblər. Dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olmuşuq. Orada həmkarlarımız kuklalarımıza böyük maraq göstərir, onların hazırlanma texnologiyası ilə maraqlanırlar. Biz də həm öyrənirik, həm də artıq öz təcrübəmizi bölüşürük. Son 10–15 ildə iştirak etdiyimiz beynəlxalq festivallar və qastrol səfərləri bunu bir daha təsdiqləyir. Bu mövsüm iki dəfə Qazaxıstanda, Türkiyədə və Rusiyanın Sankt-Peterburq şəhərində festivallarda iştirak etdik. Hər səfərdə maraqlı təcrübələr qazandıq. Sevindirici haldır ki, artıq Azərbaycan Kukla Teatrına böyük maraq göstərilir. Rəssamlarımızın, rejissorlarımızın, aktyorlarımızın işi ilə maraqlanır, təcrübəmizi öyrənmək istəyirlər.
Məqsədimiz Azərbaycan kukla sənətini dünyada daha geniş tanıtmaqdır. İndiyədək iştirak etdiyimiz heç bir festivaldan və ya qastrol səfərindən əliboş qayıtmamışıq. Bu, kollektivimizin zəhmətinin nəticəsidir. İnanıram ki, 95 illik yubileyimizdə bundan da böyük uğurlara imza atacağıq”.

“Bu il ərzində yeddi tamaşanı təhvil vermişik”, deyir Anar bəy. “Hansının daha uğurlu olduğunu isə biz yalnız tamaşaçı reaksiyasından sonra müəyyənləşdiririk. Adətən premyeradan sonra tamaşa bir neçə dəfə nümayiş olunur, daha sonra teatrın Bədii Şurasında müzakirəyə çıxarılır. Tamaşaçının onu necə qəbul etdiyi təhlil edilir. Əgər tamaşa gözlənilən marağı doğurmursa, repertuardan çıxarılır. Burada inciməyə əsas yoxdur. Çünki tamaşanı əvvəlcə Bədii Şura qiymətləndirir, amma bizim əsas tamaşaçımız uşaqlardır. Uşağın zövqü fərqli ola bilər və biz hansısa detalı nəzərdən qaçıra bilərik. Buna görə də tamaşa hazırlayarkən ən xırda məqamlara qədər diqqət yetiririk.
İlin sonuna qədər daha üç tamaşanı təqdim etməyi planlaşdırırıq. Bunlar “Balaca səyahətçi”, Səidə Haqverdiyevanın “Turac və sehrli daraq” və Abdulla Şaiqin əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşalarıdır. Bundan sonra artıq 2027-ci ilin repertuarı üzərində işləməyə başlayacağıq”.

“Ən böyük ehtiyac keyfiyyətli dramaturji materialdır” deyən Anar bəy bunun səbəbini də açıqlayır: “Çünki uşaq dramaturqları çox azdır. Üstəlik, böyüklər uşaq psixologiyasını müəyyən qədər bilsələr də, uşağın nə istədiyini tam dərk etmək həmişə çətindir. Biz özümüz də bəzən bunu tam anlaya bilmirik. Elə buna görə də bəzən ilk baxışdan uğurlu görünən tamaşa uşaqlar tərəfindən qəbul edilmir. Biz tamaşaya peşəkar gözü ilə baxırıq: quruluş, dekorasiya, işıq, geyim – hər şey yerində görünür. Amma uşaq onu qəbul etməyə bilər. Deməli, problem dramaturji materialda və ya təqdimatdadır.
Teatrımızın öz meyarları var. Dramaturji əsər həmin meyarlardan keçməlidir. Məsələn, ölüm, ağır sevgi xətti, uşağın yaşına uyğun olmayan mənfi münasibətlər kimi mövzulardan uzaq durmağa çalışırıq. Mənfi qəhrəman varsa belə, onu uşaqda qorxu yaradan obraz kimi təqdim etmirik. Məsələn, div və ya əjdaha qorxulu yox, daha yumşaq təqdim olunur. Çünki uşağın travma almasını istəmirik.
Əslində, biz gələcək teatr tamaşaçısını yetişdiririk. Əgər uşaq ilk teatr təcrübəsində qorxsa, böyüyəndə digər teatrlara da getmək istəməyəcək. Ona görə də məsuliyyətimiz çox böyükdür. Bununla yanaşı, yalnız uşağın deyil, valideynin də zövqünü nəzərə almalıyıq. Axı uşağı teatra gətirən valideyndir. Ola bilər ki, uşaq tamaşanı çox bəyənsin, amma valideyn razı qalmasın. Buna görə tamaşalarımız həm maraqlı, həm də tərbiyəvi olmalıdır.
Bu gün sürət əsridir. Valideynlər gündəlik qayğılar içində bəzən uşaqları ilə vacib söhbətlər etməyə vaxt tapa bilmirlər. Kukla teatrında uşaq hansısa mövzu ilə qarşılaşanda onunla maraqlanmağa, öyrənməyə başlayır, valideynlərində suallar verir. Deməli, bizim işimiz təkcə əyləndirmək deyil, həm də uşağın dünyagörüşünü formalaşdırmaq, valideynlə övlad arasında ünsiyyəti gücləndirməkdir.
Kənardan baxanda elə görünə bilər ki, kukla teatrı sadəcə uşaqlar üçün tamaşa hazırlayır. Əslində isə burada uşağın şəxsiyyətinin formalaşmasına təsir edən çox dərin məqamlar var.”

Digər zalda rejissor Saida Haqverdiyevanın da aktyorlarla yeni tamaşaya hazırlığını gördük. Səhnədə də müəyyən işlər gedirdi. Ümumiyyətlə yay olmasına baxmayaraq, teatrın hər yerində iş qaynayırdı. Emalatxanada da hazırlıq prosesləri tam sürətilə davam edirdi. Teatrın direktorun Rəşad Əhmədzadə də teatrda gedən bütün işlərlə maraqlanır, təbəssümünü və qayğısını heç kimdən əskik etmirdi. Beləcə, bütün teatrı gəzəndən sonra yeni mövsümə hazırlaşan yaşı qocaman, özü uşaq olan teatrla sağollaşıb çıxdıq. Yeni tamaşaçı yetişdirən bu teatra sonsuz bir ömür arzulayırıq.
Xanım Aydın
https://www.instagram.com/reel/Da-VIIDId39/?igsh=MWpta2QxNnIwdmVycA==