Vaqif Poeziya Günləri Azərbaycanda il ərzində baş verən ən mühüm ədəbi hadisələri öz ətrafında birləşdirən əhəmiyyətli mədəni platformaya çevrilib.
Bu fikirləri Baki-baku.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi səsləndirib.
O bildirib ki, il ərzində ölkədə qeyd olunan əlamətdar yubileylər və ədəbi hadisələrin əksəriyyəti Vaqif Poeziya Günləri çərçivəsində də öz əksini tapır.
“Vaqif Poeziya Günləri ölkədə baş verən bütün ədəbiyyat hadisələrinin bir növ mərkəzinə çevrilir. Bir sıra əlamətdar yubiley və ədəbi hadisələr bu poeziya bayramı çərçivəsində də qeyd olunur”, – deyə İlqar Fəhmi vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi qeyd edib ki, builki proqram da zəngin və rəngarəng tədbirlərlə yadda qalır.
İlqar Fəhmi diqqətə çatdırıb ki, Vaqif Poeziya Günləri çərçivəsində Mehmandarovların Ev Muzeyində dahi Azərbaycan şairi Xaqani Şirvaniyə həsr olunmuş konfrans keçirilib.
O bildirib ki, tədbirin maraqlı cəhətlərindən biri onun ənənəvi rəsmi konfrans formatından fərqli olaraq, bərpa edilmiş tarixi muzeydə daha sərbəst və yaradıcı atmosferdə təşkil olunması olub.
İlqar Fəhmi əlavə edib ki, Həsən bəy Zərdabinin xatirəsinə, Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının yubileyinə, eləcə də Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş tədbirlər də builki Vaqif Poeziya Günlərinə xüsusi rəng qatır və proqramı daha maraqlı edir.