Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi baş tutub.
Baki-baku.az xəbər verir ki, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi qarşısında təşkil olunan mərasimdə mədəniyyət naziri Adil Kərimli, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, eləcə də Azərbaycandan və türk dünyasından yazıçı və şairlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Vaqif Poeziya Günlərinin Azərbaycan ədəbiyyatının təbliği, milli-mənəvi dəyərlərin qorunması və türk dünyası ilə ədəbi-mədəni əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Xalq şairi Vahid Əziz çıxışında Vaqif Poeziya Günlərinin ildən-ilə daha da geniş vüsət aldığını qeyd edərək, bu ənənənin Azərbaycan mədəniyyətinin gücünü və davamlılığını nümayiş etdirdiyini bildirib. O, belə mötəbər tədbirlərin azad Qarabağ torpağında keçirilməsinin qürurverici olduğunu söyləyib.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid isə Türk Dünyası Gənc Şairlər Festivalının artıq ənənəvi platformaya çevrildiyini bildirib. Onun sözlərinə görə, festival gənc şairləri bir araya gətirməklə yanaşı, ortaq ədəbi dəyərlərin qorunmasına və türk xalqları arasında mədəni bağların möhkəmlənməsinə də xidmət edir.
Açılış mərasimində Türk Dünyası Gənc Şairlər Festivalının qalibləri mükafatlandırılıb.
Tədbirin bədii hissəsində Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Sözün ovçusu – Könlüm keçir Qarabağdan” adlı kompozisiya təqdim edilib.
Həmçinin Səməd Vurğunun “Vaqif” dramı əsasında hazırlanmış səhnə kompozisiyası nümayiş olunub. Rəsmi proqram musiqi nömrələri ilə davam edib.