“Bank VTB Azərbaycan” ASC bu ilin I yarısını 5,826 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 6,319 milyon manat mənfəətlə çıxmışdı.
Baki-baku.az xəbər verir ki, yanvar-iyun aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 26,053 milyon manat (1 il əvvələ nisbətən 8,1 % az), xərcləri 21,393 milyon manat (4 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 554 min manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 612 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il iyulun 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 336,851 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % azdır. Bunun 247,35 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 19,8 % böyüyüb.
Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 3,7 % azalaraq 220,669 milyon manata, o cümlədən depozit portfeli 13,3 % azalaraq 121,778 milyon manata düşüb, balans kapitalı isə 7,7 % artaraq 116,164 milyon manata çatıb.
Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.