14 iyul 1969-cu il Azərbaycanın müasir tarixində ən çox istinad edilən dönüş nöqtələrindən biridir. Həmin tarixdən etibarən ölkədə baş verən siyasi, iqtisadi və sosial proseslər sonrakı onilliklərin inkişaf trayektoriyasına təsir göstərib. Milli Məclisin deputatı Hikmət Babaoğlu Baki-baku.az-a müsahibəsində Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən dəyişikliklər və onların müstəqil Azərbaycanın quruculuğu ilə əlaqəsi, həmçinin bu mərhələnin əsas xüsusiyyətlərindən danışıb.
– Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsi ölkəmizin dövlətçilik tarixində hansı dəyişikliklərin başlanğıcı oldu?
– Sovet dövrü Azərbaycanın, Azərbaycanın dövlətçilik tarixinin mühüm tərkib hissəsidir. Biz 70 il eyni siyasi sistemin içərisində yaşadıq, lakin həmin dövrdə Azərbaycandakı inkişafı da müxtəlif mərhələlərə bölmək olar. Əgər biz bu kontekstdə qiymətləndirsək görəcəyik ki, Sovet dövrü Azərbaycanın tarixində ən mühüm mərhələ 1969-cu ilin 14 iyul tarixidir. Ona görə ki, 14 iyul 1969-cu ildə Azərbaycanda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin seçkiləri keçirildi və Heydər Əliyev Azərbaycan Sovet Sosialist Respublikasına birinci katib seçildi. Bu, mühüm bir tarixi hadisə idi.
Əvvəlcə istəyirəm ki, bu tarixi iki il geriyə – 1967-ci ilə aparaq. Azərbaycan XI Qızıl Ordu tərəfindən işğal edildikdən sonra, ölkəyə həm azərbaycanlılar, həm də qeyri-azərbaycanlılar rəhbərlik etmişdilər. Sovet dövrünün ideoloji, siyasi tələbləri kontekstində Azərbaycanda hələ də milli hakimiyyət formalaşa bilmədi, çünki bunun üçün çox böyük maneələr var idi. O maneələrdən biri də o vaxtın Dövlət Təhlükəsizlik Komitəsi idi. Heydər Əliyev ilk azərbaycanlı idi ki, həmin dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) rəhbər təyin edildi və 1937-ci ildə Azərbaycan xalqına qarşı repressiyalara imza atan Xalq Daxili İşlər Komissarlığının (“NKVD”) mirası olan anti-Azərbaycan, inqilabçı düşüncələri Komitədən iki il ərzində təmizləyə bildi. Orada çalışan qeyri-azərbaycanlılar “NKVD”də fəaliyyət göstərən, Azərbaycana nifrət edən müxtəlif etnik qrupların, ermənilərin və yaxud ermənilər tərəfindən idarə olunan digər xalqların nümayəndələrinin kadr bazası idi. Heydər Əliyev həyatı boyu onlara qarşı mübarizə apardı, 1967-ci ildən 1969-cu ilə qədər bu mühüm təşkilata rəhbərlik etdiyi dövrdə azərbaycanlı kadr bazası, Azərbaycanın mənafeyini müdafiə edən peşəkar kadrlar yetişdirməyi bacardı, sistemi Azərbaycana uyğunlaşdırdı.
1969-cu ildə Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gələndə, ölkə bütün parametrləri üzrə (iqtisadi göstəricilərinə, intellektual və mədəni həyatına görə) 15 müttəfiq respublika içərisində 14-cü yerdə qərarlaşmışdı. Yalnız Tacikistan bizdən geridə qalırdı.

– 1969–1982-ci illər arası iqtisadi mənzərəni necə təsvir edərdiniz?
– Heydər Əliyev 1969-cu ildə Azərbaycanı aqrar bir ölkə kimi qəbul etdi və 1982-ci ildə Moskvaya – mərkəzi hakimiyyətə gedəndə inkişaf etmiş bir Azərbaycan formalaşmışdı. Bu interval çox mühümdür, çünki sovet dövründə Azərbaycan dövlətçiliyinin inkişafı, tərəqqisi dövrüdür və Azərbaycanın aqrar ölkədən sənaye ölkəsinə çevrilməsi mərhələsidir.
Ölkədə maşınqayırma sənayesi yaradıldı. Neft maşınqayırması sənayesi ayrıca bir istiqamət kimi formalaşdı. Elektron avadanlıqlar zavodlarının tikintisi, Gəncədə büllur zavodunun, Sumqayıtda çoxsaylı kimya sənayesi zavodlarının tikintisi və s. layihələr reallaşdı. Bu şübhəsiz ki, iqtisadi inkişaf idi.
Bu inkişafın həm də bir kadr bazası var idi. Ulu Öndər iki məsələni birdən həll etdi: həm Azərbaycanı sənayeləşdirdi, həm də Azərbaycanın ürəyi olan paytaxt Bakı şəhərinin kosmopolit mühitini dəyişdirərək azərbaycanlılaşdırdı. Əgər biz bu gün 1969-cu ilə dönüb o dövrdə Azərbaycanın demoqrafik sosiologiyasına baxsaq, görəcəyik ki, azərbaycanlılar əsasən Bakının ətrafındakı kəndlərdə, Abşeron yarımadasında məskunlaşmışdılar. Şəhərin mərkəzi, bütün müəssisələr, bütün idarəetmə orqanları isə digər xalqlardan ibarət idi.
Heydər Əliyev böyük sənaye müəssisələrinə kadrları Azərbaycanın bölgələrindən və kəndlərindən gətirdi, onlar əmək qüvvəsinə çevrildi və Bakıda məskunlaşmağa başladılar. Bakı ətrafında və Abşeronda mikrorayonlar, 8-ci kilometr qəsəbəsi, yeni yaşayış massivləri yaradıldı, Bakının milli tərkibi bizim lehimizə dəyişdi. Bu da çox böyük bir xidmətdir.
Eyni zamanda ölkənin mədəni və sosial mühitinin zənginləşdirilməyə, azərbaycanlılar təltif edilməyə, irəli çəkilməyə və bununla da Azərbaycan müttəfiq respublikalar arasında seçilməyə başladı. Heydər Əliyevin dövründə mədəniyyət və incəsənət sahəsi üzrə SSRİ mükafatına ən çox layiq görülənlər məhz azərbaycanlılar oldu və onlar önə çıxmağa başladılar. Bütün bu əlamətdar hadisələr Azərbaycan xalqına rifah gətirdi. Bu da bəzi ölkələri qıcıqlandırırdı – “necə olur ki, 6 milyonluq Azərbaycandan bu qədər çoxsaylı insanlara Sosialist Əməyi Qəhrəmanı adı verilir?” kimi suallar səslənirdi.
— Kənd təsərrüfatı sahəsində görülən işlərdən danışaq. Bu, sadəcə istehsal göstəricilərinin artması idi, yoxsa büdcə bölgüsü baxımından daha geniş bir mübarizənin parçası idi?
– Böyük dövlət xadimi Heydər Əliyev 1970-80-ci illərdə SSRİ Nazirlər Kabinetinin bir sıra mühüm qərarlar qəbul etməsinə nail oldu. Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı qərar, ölkəmizdə üzümçülük və şərabçılığın ixtisaslaşdırılması ilə bağlı digər qərar da bu qəbildəndir. Bu qərarlar SSRİ büdcəsindən Azərbaycana külli miqdarda vəsaitin ayrılması demək idi və Azərbaycanda aqrar-sənaye kompleksinin inkişafı mərhələsi idi. Həmin dövrdə pambıq becərilməsinin həcmi artdı, neft emalı zavodları tikilməyə başladı, üzümçülük plantasiyaları inkişaf etdirildi və şərabçılıq sənayesi genişlənməyə başladı. Həmin ərəfədə Dərin Özüllər Zavodunun əsası qoyuldu, hansı ki, “Əsrin müqaviləsi” kontekstində Heydər Əliyevin Azərbaycana əvəzsiz xidməti oldu.
Ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi şübhəsiz ki, kəndlilərin rifahını yaxşılaşdırdı. Əldə olunan məhsullar SSRİ bazarına çıxarılıb satılırdı və əvəzində Azərbaycan kəndlərinə rifah gəlirdi. Hazırda gördüyümüz kəndlərin böyük qismi 1970-1980-ci illərdə formalaşdı. Əksər bölgələrin sakinləri həmin dövrə qədər qazma evlərdə yaşayırdılar. Sonralar gözəl evlər tikildi, azərbaycanlı kəndlilərin arasından Sosialist Əməyi Qəhrəmanları seçildi. Heyvandarlıq sahəsi sürətlə inkişaf etməyə başladı. Mühüm yaylaq potensialı olan Kəlbəcər, Laçın və digər rayonlar da Azərbaycan xalqının rifahına, heyvandarlığın inkişafına xidmət etdi.
Bir məqama da toxunmaq lazımdır ki, SSRİ-də büdcənin düzgün bölünməməsi kimi bir ədalətsizlik var idi və ölkələrin milli gəliri hesablanmırdı. Müttəfiq respublikaların əldə etdiyi gəlirlər SSRİ büdcəsinə gedirdi və Moskvada bölgü aparılırdı – Dövlət Plan Komitəsinin vasitəsilə planlaşdırılıb bölünürdü. Məlum olmuşdu ki, Ermənistana və Gürcüstana daha çox pul ayrılırmış, nəinki Azərbaycana. Sovet dövründə iqtisadi termin kimi “milli gəlir” anlayışı yox idi və bu anlayış sonradan yarandı. Milli gəlirin hesablanması metodları o dövrdə yalnız Baltikyanı ölkələrdə, xüsusilə Estoniyada mövcud idi, çünki bu ölkələr SSRİ-yə İkinci Dünya Müharibəsindən sonra qatıldıqları üçün onlarda hələ də milli gəlirin hesablanması modeli qalırdı.
Böyük dövlət xadimi Heydər Əliyev SSRİ rəhbərliyini fakt qarşısında qoymaq üçün bir qrup azərbaycanlı iqtisadçını “milli gəlir məsələsi nədir, necədir və necə hesablanır?” suallarına cavab tapmaq və bunu öyrənmək məqsədilə Estoniyaya göndərir. Onlar geri qayıtdıqdan sonra Azərbaycanın təxmini milli gəliri hesablanır. Heydər Əliyev Moskva rəhbərliyi qarşısında çıxış edərkən Azərbaycanın milli gəliri ilə mərkəzdən aldığı vəsaitin bir-birinə uyğun gəlmədiyini konkret faktlarla göstərirdi. Bundan sonra Moskva məcbur qalaraq Azərbaycanın büdcəsini onun iqtisadiyyatına uyğun şəkildə formalaşdırdı. Bu addımı başqa heç kəs ata bilməzdi, çünki SSRİ rəhbərliyinə təzyiq göstərmək heç bir müttəfiq respublikanın birinci katibinin işi deyildi.

– Elm, dil və sənaye brendləri kimi görünüşcə fərqli sahələr sizin təsvirinizdə bir-birinə bağlanır. Bu əlaqəni və Qorbaçov dövründəki geriləməni necə izah edərdiniz?
– Azərbaycanda akademik mühitin, elmin inkişafı çox zəruri idi və bunun üçün də müxtəlif addımlar atılırdı. Sovet dövründə akademik “lokomotiv”, şübhəsiz ki, nə Azərbaycan, nə də digər müsəlman ölkələri idi. SSRİ-də akademik mühit daha çox slavyan ölkələrində formalaşırdı və onlar bu sahədə daha çox irəlidə idilər. Ona görə də, bu akademik mühitin Azərbaycana köçürülməsi, Azərbaycanın bir elm mərkəzinə çevrilməsi üçün Ulu Öndər Heydər Əliyev azərbaycanlı kadrları xaricdə təhsil almaq məqsədilə məhz həmin slavyan ölkələrinə göndərirdi və hər il ənənə kimi bu iş davam etdirilirdi. Yüzlərlə azərbaycanlı gənc Rusiyanın ən aparıcı ali məktəblərində təhsil almağa gedir və geri qayıtdıqdan sonra Azərbaycanda elmi mühiti yenidən formalaşdırırdılar.
Ümummilli Lider daim digər bir mühüm məsələni də diqqət mərkəzində saxlayırdı ki, bu da dil mühiti, dil məsələsi idi. SSRİ dövründə Ukrayna və Rusiya daxil olmaqla, bütün respublikalarda rəsmi dövlət dili rus dili idi.
1978-ci ildə Konstitusiya qəbul edilərkən, Azərbaycan dilinə diqqəti artırmaq, Azərbaycan dilinin öyrənilməsini təşviq etmək üçün Heydər Əliyev Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına “Azərbaycanda dövlət dili Azərbaycan dilidir” adlı bir maddə əlavə etdirdi. Bu, çox mühüm bir hadisə idi, çünki xüsusilə böyük şəhərlərdə, Bakıda Azərbaycan dilində danışanlara qarşı olan aşağılayıcı mövqe ortadan qalxdı. Millətin millət olmasının birinci göstəricisi onun dilidir. Dil yoxdursa – ən əhəmiyyətli identifikasiya yoxdur. Qalan digər identifikasiyalar da dil fonunda əriyib yoxa çıxır. Dil həm də milli mənsubiyyət məsələsidir, milli varlığın qorunmasında ən fundamental şərtdir. Biz sonrakı mərhələdə – müstəqillik dövründə də bunun bəhrəsini gördük.
Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə əhəmiyyətli hadisələrdən biri də “Azərbaycan brendləri”nin ortaya çıxması oldu. Azərbaycan süfrə üzümü, şərabçılıq üzümü, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və SSRİ bazarına göndərilməsi bu qəbildəndir. Şərabçılığın yaradılması isə Azərbaycan iqtisadiyyatına böyük maliyyə axını gətirdi, inkişafa təkan verdi. Çox sayda spirtli içkilər istehsal edən zavodların açılması, onların bazarının təşkili böyük rəqəmlər demək idi. Bu da, şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının, həm də gələcəyinin təyin olunmasında mühüm rol oynayırdı.
Məhz Mixail Qorbaçov 1985-ci ildə hakimiyyətə gəldikdən sonra görülən işləri sıfırlamaq, Azərbaycanda üzümçülüyün və şərabçılığın ləğv olunması, spirtli içkilərin istehsalının qarşısının alınması ilə bağlı qərarlar verdi. Sərxoşluğa qarşı mübarizə tədbirləri adı altında Azərbaycanda bütün üzüm plantasiyaları məhv edildi. Özbəkistan, Azərbaycan kimi varlı ölkələrə ermənilərdən və slavyanlardan ibarət yoxlamalar göndərildi. Telman Qdlyan adlı məşhur erməni prokuror var idi (red. SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi). Onun rəhbərlik etdiyi heyətin iştirakı ilə “yoxlamalar” keçirilməsinə, “Qdlyan işi” deyilən qondarma işin Azərbaycanda açılmasına çalışdılar ki, formalaşmış maliyyəni, iqtisadiyyatı, əldə edilmiş ehtiyatları guya rüşvət kimi qələmə verib özləri ilə aparsınlar.
Özbəkistanda planlarını həyata keçirə bildilər, lakin Ulu Öndərin sayəsində Qıdılyan Azərbaycandan qovuldu və bir daha bura gələ bilmədi. Həmin illərdə Heydər Əliyev artıq Kremldə idi.
– Heydər Əliyevin Kremldəki dövrünə keçək. Orada gördüyü işlər yalnız Azərbaycanın maraqları ilə məhdudlaşırdımı, yoxsa daha geniş bir coğrafiyaya təsir edirdi? 20 Yanvar hadisələri zamanı mövqeyi bu kontekstdə hansı yer tutur?
Sadaladığımız bütün görülən işlər, atılan addımlar şübhəsiz ki, Heydər Əliyevi Azərbaycan xalqının qəlbində Liderə çevirdi. Heydər Əliyevin xidmətləri həm dövlətimizi inkişaf etdirirdi, həm də onu SSRİ-nin əsas liderlərindən birinə çevirirdi.
Ümummilli Lider Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib, sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Rəhbərliyə gələn kimi Sovet iqtisadiyyatının məntiqini dəyişdirəcək mühüm islahatlar aparmağa başladı. Heydər Əliyev SSRİ iqtisadi münasibətlərinin optimallaşdırılması və nəqliyyat-kommunikasiya sisteminin təkmilləşdirilməsi üçün bütün sahələrə nüfuz edəcək addımlar atdı: Baykal-Amur Magistralının (BAM) tikintisinə bilavasitə rəhbərlik etdi, SSRİ-də dəmir yolu şəbəkəsinin yenidən qurulmasına nail oldu. Sovet İttifaqında dəmir yolunun idarə olunması daim böyük problemlər yaradırdı. Heydər Əliyev bu idarəetməni operativləşdirmək üçün ilk dəfə “selektor müşavirəsi” deyilən mexanizmdən istifadə etməyə başladı. Bunun sayəsində o, Sovet İttifaqı kimi ucu-bucağı görünməyən nəhəng bir ölkənin dəmir yollarından cavabdeh olan bütün məsul şəxslərlə eyni vaxtda danışa bilir, vəziyyəti birbaşa öyrənib yerindəcə həll edirdi.
Heydər Əliyevin Kremldəki ən böyük xidmətlərindən biri, şübhəsiz ki, diqqətdən kənarda qalan türk və müsəlman respublikalarının inkişafına xüsusi qayğı göstərməsi idi. Məhz buna görə də bu gün həmin ölkələrdə onun adı çəkiləndə ağıllara ilk növbədə ədalət və böyük bir himayədar obrazı gəlir. Qazaxıstanda Mərkəzi Komitənin birinci katibi Dinməhəmməd Kunayevin yerinə Mixail Qorbaçovun sinif yoldaşı Gennadi Kolbin adlı rus kadrın gətirilməsi 1986-cı ilin dekabrında böyük etiraza səbəb oldu. Heydər Əliyevin Siyasi Bürodakı çıxışları və həmin dövrdə qazax xalqının maraqlarını müdafiə etməsi bu gün də qazaxların milli yaddaşındadır.
Heydər Əliyev Özbəkistanda İslam Kərimovu və özbək xalqını “Qdlyan işi” adlandırılan qondarma rüşvətxorluq ittihamlarından xilas etmək üçün onlara əvvəlcədən xəbərdarlıq etmişdi. Moskvadan gələn yoxlamaların məqsədinin özbək xalqının sərvətini talamaq olduğunu bildirmişdi ki, bu tarixi kömək də qardaş özbək xalqı tərəfindən heç vaxt unudulmur.
Heydər Əliyevin böyük dövlət xadimi, uzaqgörən siyasətçi olması, Vətənə və xalqa sonsuz sevgi bəsləməsi məhz qanlı 20 Yanvar hadisələri zamanı qətiyyətli qərar qəbul etməsi ilə də bir daha sübuta yetdi. Bakıda rus-daşnak birlikləri Sovet ordusu adı altında qətliamlar törətdilər, lakin heç kəs cəsarət edib səsini çıxara bilmirdi. Məhz Ulu Öndər Heydər Əliyev ciddi nəzarət altında olmasına baxmayaraq, Moskvada Azərbaycanın daimi nümayəndəliyinə getdi, partiya biletindən imtina etdi, Qorbaçovu Azərbaycan xalqına qarşı cinayət törətməkdə ittiham etdi. Burada bir məqama diqqət yetirmək lazımdır ki, həmin zaman onun yanında Azərbaycan Prezidenti İlham Əliyev var idi. Hər ikisi həyatını riskə ataraq qəti mövqe nümayiş etdirmişdilər. Biz müasir dövrün prizmasından dönüb həmin illərə baxsaq, orada siyasi varisliyin, dövlətçilik ənənələrinin ötürülməsinin ilk vizual görüntüsünü görərik, hansı ki, Azərbaycan xalqının sosial yaddaşında, siyasi şüurunda özünə layiqli yer tutan bir hadisə idi.
Bu addım, həm də sonrakı mərhələdə Azərbaycanın inkişafı, tarixi Zəfərimiz üçün keçiləcək yolun başlanğıcı kimi qəbul edilə bilər.
– Sonda müstəqillik dövrünə gəlmək istəyirəm. 1969-cu ildən bugünkü Zəfərə qədər uzanan bu xətti necə bir-birinə bağlayırsınız?
– Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri kimi böyük və mühüm milli təfəkkürün formalaşmasını vurğulamaq lazımdır. Ulu Öndər 1969-cu ildə birinci katib seçilən zaman, həmin il Bakı Dövlət Universitetinin yaradılmasının 50 illiyi qeyd olunurdu. Həmin tədbirdə iştirak edən Heydər Əliyev Azərbaycan dilində çıxış etdi Azərbaycanın elm adamları qarşısında Azərbaycan Xalq Cümhuriyyətinə istinad edərək “əcdadlarımızın yaratdığı bu ali təhsil müəssisəsi” ifadəsini işlətdi. O illərdə Xalq Cümhuriyyətini yaradanlara “əcdad” demək bir növ özünün siyasi karyerasını məhv olmaq təhlükəsi ilə üz-üzə qoymaq idi. Heydər Əliyev bunu dedi və ondan sonra illər keçdi, Azərbaycan Respublikasının Konstitusiyasında məhz Heydər Əliyevin dediyi kimi “müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” yazıldı. Sonralar Prezident İlham Əliyev müstəqillik tariximizi 18 oktyabrdan deyil, 28 maydan başlatmaqla Azərbaycan dövlətçiliyinin çox dərin köklərə malik olduğunu göstərdi.
Hər bir xalqın dövlətçilik tarixinin mərhələləri zəncirvari olaraq bir-birinə bağlıdır. Azərbaycan SSRİ əsarətindən xilas olduqdan, 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra dövlətçilik tariximizin tamamilə yeni bir mərhələsi başladı. Bu mərhələdə daha çox təhlükəsizliyimiz təmin olunmalı, rifahımız yüksəlməli idi, lakin bunlar baş vermədi, çünki 1991-1993-cü illərdə xalq öz liderini, dövlət adamını ölkənin zirvəsinə gətirə bilmirdi və nəticədə torpaqlarımız işğal olunurdu, iqtisadiyyatımız dağılırdı, dövlət özünün bütün funksiyalarını itirirdi, Azərbaycanda etnik və regional separatçılıq baş qaldırdı.
Çox sevindirici haldır ki, belə bir çətin vaxtda Azərbaycan xalqı dövlətçilik şüuru ilə hərəkət etməyi bacardı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsini ictimai sifarişə, siyasi zərurətə çevirdi və açıq şəkildə Ulu Öndərin Naxçıvandan Bakıya gəlməsini istədi. Bu, müstəqil Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu.
Şübhəsiz ki, 1993-cü il 15 iyun tarixində Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə sədr seçilməsi 2020-ci ildə qazandığımız Zəfərə gedən yolumuzun başlanğıcı idi. Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi dövrdə müstəqil iqtisadiyyat quruldu, siyasi sistem yenidən formalaşdırıldı, dövlətin institutlarının funksionallığı bərpa olundu, bununla da xaotiklikdən həmrəyliyə və inkişafa qədəm qoyduq. Məhz o təməllər üzərində qurulan Azərbaycan 2003-cü ildə artıq müəyyən bir inkişaf mərhələsini tamamlamışdı.
2003-cü ildə isə Prezident İlham Əliyevin hakimiyyətə gəlməyi tamamilə yeni bir dövr yaratdı. Heydər Əliyevin qoyduğu möhkəm təməllər üzərində dövlətimizi daha da inkişaf etdirən Prezident İlham Əliyev cəmi 17 ildən sonra elə bir güclü ordu qurdu ki, əldə etdiyimiz tarixi Zəfərdən 6 il keçməsinə baxmayaraq, hələ də xeyli sayda dünya ölkələri bizim təcrübəmizi öyrənməyə davam edir, bizim qələbəmizdən danışır.
Bizim tarixi zəfərimiz həm də 100 ilə yaxın davam etmiş ədalətsizliyə son qoydu. Azərbaycan Xalq Cümhuriyyəti işğal edildikdən sonra, ölkəmizin ayrılmaz hissəsi olan Qarabağda yaşayan ermənilərə muxtariyyət statusunun verilməsi ilə bağlı qərarın 1923-cü ildə qəbul edilməsi səhv addım idi. 2023-cü ildə Ali Baş Komandan bu məsələni də kökündən həll etdi.
Bu tarixi Qələbə həm də Azərbaycan xalqının 1993-cü il 15 iyun tarixində qəbul etdiyi müdrik qərarın nə qədər haqlı olduğunu bir daha sübuta yetirdi. Biz bu gün qalib ölkəyə çevrilmişik, Qarabağdakı Zəfərimizlə, Azərbaycanın inkişafı ilə fəxr edirik.
Söhbətləşdi: Hacı Cavadov