Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/27/2026

Paylaşın

HƏR ŞEYDƏN

WhatsApp-dan əvvəl Bakının öz “çat qrupu” vardı: kandarsöhbəti

Kandarsöhbəti

Bakının elə söhbətləri vardı ki, onları evin içində etmək mümkün deyildi. Nə stol arxası lazım idi, nə rahat kreslo, nə də xüsusi səbəb. Bir stul qapının ağzına qoyulurdu, biri divara söykənirdi, kimsə eyvandan boylanırdı, kimsə qonşu həyətdən səslənirdi və söhbət başlayırdı. Buna “kandarsöhbəti” deyirdilər.

Adı da elə özünə oxşayırdı: nə tam evin içində idi, nə küçədə. Bir ayağı evdə, biri həyatda olan söhbət idi bu.

Qapının ağzında bir stul, bir də uzun söhbət…

İndi fikirləşəndə adamın ağlına gəlir: niyə məhz qapının ağzı? Axı evdə stol var idi. Divan var idi. Çaydan, armudu stəkan, mürəbbə də hazır idi. Amma qapının ağzında başlayan söhbətin başqa dadı vardı. Xüsusən yay axşamlarında… Gün çəkiləndən sonra Bakı bir az nəfəs alırdı. Divarlar günün istisini hələ də özündə saxlayırdı. Küçənin səsi yavaş-yavaş azalır, həyətlərdən qab-qacaq cingiltisi gəlirdi. Bir yerdə radio açıq qalırdı, o biri həyətdən uşaqların səsi eşidilirdi. Və qapıların ağzında stullar görünməyə başlayırdı. Bir qadın əlində yelpik, biri yaylığını başına salıb, digəri də elə ev geyimində çıxardı. “Bir az hava alım” deyə qapının ağzına qoyulan stul çox vaxt gecənin ən uzun söhbətinin başlanğıcı olurdu.

– Ay qız, sənə bir söz deyim…

Bu cümlə ilə başlayan söhbətin hara gedib çıxacağını heç kim bilmirdi. “Bir söz deyim…” – və söhbət iki saat uzanırdı

Kandarsöhbətinin qəribə bir qanunu vardı: heç vaxt bir mövzu ilə başlamır, bir mövzu ilə də bitmirdi. Əvvəl qonşunun qızı haqqında danışılırdı. Sonra bazarda pomidorun qiymətinə keçilirdi. Ardınca kimsə deyirdi:

– Mənim bacımın gəlini də elə etmişdi…

Vəssalam. Söhbət artıq başqa yerə gedirdi.

Birinin oğlunun işindən danışılırdı, o birinin qızının nişanından. Kiminsə qohumu kənddən gəlmişdi. Kimsə Bakının hansı mağazasında yaxşı parça satıldığını bilirdi. Bir qadın “filan həkim yaxşıdır” deyirdi, digəri dərhal öz təcrübəsini danışırdı. Amma bu söhbətlərin ən maraqlı tərəfi heç də danışılan mövzular deyildi. Əsas məsələ birlikdə olmaq idi. Bir-birinin gününü bilmək, halını soruşmaq, evdə baş verənləri bölüşmək, bir az gülmək, bir az şikayətlənmək, bir az da “sən bilirsən nə olub?” demək…

Uşaqlar oynayırdı, analar danışırdı

Kandarsöhbətinin başqa bir gözəl tərəfi də bu idi: uşaqlar ayrıca dünyada, böyüklər ayrıca dünyada deyildi. Uşaqlar küçədə qaçışırdı, analar isə qapının ağzından göz qoyurdu.

– Bala, çox uzağa getmə!

– Eşidirsən?

– Filankəsin həyətinə girmə!

Uşaq “hə” deyirdi. Beş dəqiqə sonra yenə yoxa çıxırdı. Ana da söhbətinə davam edirdi. Çünki məhəllədə hamı bir-birinin uşağını tanıyırdı. Uşaq bir qonşunun qapısının ağzında yıxılsa, onu qaldıracaq biri mütləq tapılardı. Acsa, bir dilim çörək verən olardı. Susasa, su içirərdilər.

Məhəllə uşağın ikinci evi idi. Bəlkə də buna görə o illərin uşaqları böyüyəndə “mənim uşaqlığım” deyəndə təkcə öz evlərini yox, bütün məhəlləni xatırlayırlar.

Evdəki söhbətdən fərqli idi…

Ən maraqlısı isə budur ki, kandarsöhbəti çox vaxt evdəki söhbətdən daha uzun çəkirdi. Evdə oturanda adamın fikri başqa şeylərə gedirdi. Süfrə yığışmalı idi, çay təzələnməli idi, kimsə otaqdan çağırırdı. Qapının ağzında isə vaxt başqa cür keçirdi.

Söhbətin ortasında küçədən biri keçirdi:

– Axşamınız xeyir!

– Sağ ol, ay bala, sənin də aqibətin xeyir!

Sonra yenə söhbət.

Bir qonşu gəlib dayanırdı:

– Nə danışırdız?

– Heç, filan məsələni…

O da söhbətə qoşulurdu. İndi söhbət daha da uzanırdı.

Bir azdan kimsə evdən səslənirdi:

– Çay hazırdır!

– Gətir bura, bala!

Çay qapının ağzına gəlirdi. Və artıq heç kimin tələsdiyi yox idi.

Bakı qadınının öz “xəbər agentliyi” vardı

Köhnə məhəllələrdə qadınların xəbərləri sosial şəbəkədən gəlmirdi.

Birinin qohumu rayonundan gəlirdi – xəbər.

Bazarda yeni satıcı peyda olmuşdu – xəbər.

Filan mağazaya yaxşı parça gəlmişdi – xəbər.

Kimin qızı universitetə qəbul olmuşdu – xəbər.

Kimin oğlu iş tapmışdı – böyük xəbər.

Amma bütün bunların içində bir də Bakı qadınının o məşhur cümləsi vardı:

– Mən heç nə demirəm! Mənim nəyimə lazım? Özləri bilər!

Bu cümlədən sonra adətən çox şey deyilirdi.

Kandarsöhbətində qadınlar həm gülürdü, həm dərdləşirdi, həm də bir-birinə məsləhət verirdi. Birinin ürəyində qalan söz o birinin yanında çıxırdı. Bəzən bir qadın gün ərzində deməyə imkan tapmadığı bütün sözləri məhz o qapının ağzında deyirdi.  Çünki qarşısında onu anlayan biri vardı.

Söhbətin sonu da qəribə olurdu

Kandarsöhbətinin ən maraqlı tərəflərindən biri də onun rəsmi sonunun olmaması idi. Heç kim “söhbəti bitirək” demirdi. Sadəcə gecə bir az da düşürdü. Küçədə uşaqlar azalırdı. Bir-bir evlərin işıqları yanırdı.

Sonra qadınlardan biri ayağa qalxırdı:

– Yaxşı, mən gedim, evdə işim var.

Amma bundan sonra daha on dəqiqə danışırdı.

Sonra o biri:

– Mən də gedim.

O da daha beş dəqiqə danışırdı.

Çünki kandarsöhbətinin bitməsi də söhbətin bir hissəsi idi.

Nəhayət, söhbətlər bitir, hamı evinə yığışır, həyət sakitləşir, qapılar örtülürdü.

Amma ertəsi gün yenə həmin bu “müqəddəs” ritual qaldığını nöqtədən davam edirdi.

İndi insanların vaxtı azalıb. Məhəllələr dəyişib. Həyətlər yerini çoxmərtəbəli binalara verib. Qonşular bir-birini bəzən illərlə görmür. Bir-birimizin qapısına getmək əvəzinə telefonda “WhatsApp” qruplarında yazışırıq. O da çox vaxt elə qısa olur. Əsasən də, nəsə soruşmaq, dəqiqləşdirmək üçün yazırıq.

Bəlkə də kandarsöhbətinin gözəlliyi elə bunda idi: onun heç bir məqsədi yox idi. Nə nəsə həll etmək üçün edilirdi, nə iş danışılırdı, nə də vaxt qazanmaq üçün. Sadəcə insanlar bir-birinin yanında olmaq istəyirdi…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev 2026-cı ildə Bakı şəhərində keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı

Ən son

GÜNDƏM

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

GÜNDƏM

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin