Azərbaycan kinosunun canlı tarixini danışan insanlar getdikcə azalır. Onlardan biri də ömrünü milli kino salnaməsinin araşdırılmasına həsr etmiş kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadədir. Onun yaddaşında təkcə filmlər deyil, həmin filmlərin necə çəkilməsi, hansı maneələrlə üzləşməsi, kinostudiyanın ən gur günləri, kino adamlarının həyat hekayələri yaşayır.
Aydın Kazımzadə ilə söhbətimizdə Azərbaycan kinosunun dünəni və bu günü, “Azərbaycanfilm”in taleyi, “Arşın mal alan”ın dünya uğuru, ssenari problemi, senzura, Bakı xatirələri və milli kinonun gələcəyi haqqında danışdıq.
– Azərbaycan kinosunun bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
– Orta səviyyədə. Çünki Azərbaycan kinosu vaxtilə bütün Sovet İttifaqında tanınırdı. Müstəqilliyin ilk illərində ölkədə böyük qarışıqlıq yarandı. Dövlət idarəçiliyində boşluq vardı, müharibə başladı, özbaşınalıq hökm sürdü. Kino sahəsi də bundan ciddi zərər gördü. İllərlə qurulan, inkişaf etdirilən Azərbaycan kinosu dağılma səviyyəsinə gəldi. Kinostudiya, Kino Komitəsi və kino ilə bağlı qurumlar demək olar ki, məhv oldu.
– Sonra özəl studiyalar yarandı…
– Bəli. Müxtəlif zavod və fabrik rəhbərləri düşündülər ki, xaricdə olduğu kimi pul qoyub film çəkəcəklər və qazanc əldə edəcəklər. Amma kino sənayedir. Bizdə bu sistem qurulmadığı üçün alınmadı. Sonra saysız-hesabsız kiçik studiyalar yarandı. Amma peşəkar baza olmadığından çox da böyük nəticə vermədi.
– Sizcə dönüş nöqtəsi nə vaxt başladı?
– Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra.

Kino yenidən dövlət diqqəti gördü. O, film çəkilişləri üçün maliyyə ayırdı, diqqət və qayğısını əsirgəmədi. Və hər şey sıfırdan başladı. Mən həmişə deyirdim ki, qoy işləsinlər. Çəkə-çəkə öyrənəcəklər. Bu gün kim deyirsə Azərbaycanda kino yoxdur, razı deyiləm. “Cavad xan”, “Hökmdarın taleyi” kimi filmlər göstərdi ki, Azərbaycanda film çəkə bilirlər.
– Tarixi filmlərin çəkilməsi sovet dövründə niyə çox çətin idi?
– Çünki Moskva buna imkan vermirdi. Məsələn, “Babək” filmi hələ 1939-cu ildə çəkilməli idi. Ssenari hazır idi. Müharibəni bəhanə edib layihəni dayandırdılar. İlkin ssenari də itib-batdı. Yalnız qırx ildən sonra – 1979-cu ildə icazə verdilər. Amma cəmi 600 min rubl ayırmışdılar. Bu qədər məbləğə qəhrəmanlıq epopeyası çəkmək mümkün deyildi. Heydər Əliyev Moskvanın razılığı olmadan respublika büdcəsindən əlavə 1 milyon rubl ayırdı. Və filin büdcəsi 1 milyon 600 minə çatdı. Məhz buna görə “Babək” yüksək səviyyədə çəkilə bildi.
– Azərbaycan kinosunun qızıl fondu deyəndə ilk ağlınıza hansı filmlər gəlir?
– Əlbəttə, ilk növbədə “Arşın mal alan”,, “O olmasın, bu olsun”, Rasim Ocaqovun filmləri, Vaqif Mustafayevin ekran əsərləri. Onlar bizim kino məktəbimizin zirvələridir.
– “Arşın mal alan” haqqında bilmədiyimiz hansı faktları danışa bilərsiniz?
– Bu film dünya tarixində xüsusi hadisədir. Moskva əvvəlcə onun nümayişinə qarşı çıxırdı. Deyirdilər müharibə gedir, siz isə şən film çəkirsiniz, bəylərdən, tacirlərdən danışırsız, bunun Sovet ittifaqına nə dəxli var axı?!. Stalin isə o vaxt bütün çəkilən filmlərə baxırdı. Jdanov həm o filmin nümayişinin qarşısı alınması söhbətində, həm də nümayiş olunmasında iştirak edirdi. Stalin filmə baxanda oxuyur, gülür, xoşuna gəlir. Jdanov görür ki, Stalin filmə başqa cür baxır, xoşuna gəlir, dərhal sözünü dəyişir və qulağına pıçıldayır: “Mən uşaqlara iclasda deyirdim ki, film yaxşı filmdir, amma onlar razılaşmırdılar”. Stalin filmi bəyənəndən sonra 1945-ci ildə film iki kinoteatrda nümayiş olunur, biletlər əldə-ələ çatmır. Kino nümayişinin sayı dayanmadan artır. Və eyni zamanda da çıxarılan nüsxələrinin sayı da artır və o qədər çoxalır ki, qədəri itir. Moskvada “Soveksportfilm” vardı. Mən orada olanda “Arşın mal alan” filminin kassa gəlirini soruşdum. Dedilər, bu film dünyanın 130-dan çox ölkəsinə satılıb və sovet hökumətinin xəzinəsinə saysız-hesabsız gəlir gətirib. Amma biz təəssüf ki, “Arşın mal alan”ın etalon nüsxəsini saxlaya bilmədik. O qədər nümayiş edildi ki, sıradan çıxdı – lent cırıldı. Təsəvvür edin orijinal lent 200 yerdən cırılıb.
– Siz filmin rənglənməsi prosesində də iştirak etmisiniz…
– Bəli. Film dövlət xətti ilə Hollivuda göndərilmişdi. “Titanik” filminin üzərində çalışan rəssamlar onun rənglənməsində iştirak edirdilər. Mən onlara bütün rəng həllərini izah edirdim. Bütün geyimlər o dövrə uyğun hissə-hissə rənglənirdi. Onu da deyim ki, həm onların geyimləri, həm otaqların işıqlandırılması – yəni bütün rənglərin orda öz mənası vardı. Məsələn, diqqət etsəz, soltan bəyin otağı alaqaranlıq idi. Bu, kapitalizmin gəlişi ilə bəylərin, xanların süqutu, enişi demək idi. Hər bir geyimin rənginin də öz mənası vardı. Mən bunları o filmləri çəkən operatorlar, rejissorlardan müsahibə alan zaman öyrənmişdim gənc yaşlarımda. Rənglənmədə səhvlər də olurdu. Bir səhnədə tutun rəngini göy etmişdilər. Biz ağ tutun fotosunu çəkib göndərdik və o hissəni onlar yenidən rənglədilər. Bu işdə mənim də əməyimin olması ilə fəxr edirəm.

– Azərbaycan kinosunun ən böyük problemlərindən biri ssenaridirmi?
– Təəssüf ki, Azərbaycan kinosu yaranan gündən həmişə belə olub. Baxmayaraq ki, İsa Hüseynov, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov kimi böyük müəlliflər vardı. Amma ümumi mənzərədə ssenari həmişə problem olub. Amma o dövrdə bir şey vardı ki, ssenari dəfələrlə oxunurdu. Birinci variant, ikinci variant, üçüncü variant… Düzəlişlər edilirdi. İndi isə necə yazılıbsa, eləcə də çəkilir.
– Sizcə, senzuraya ehtiyac var?
– Bəli. İndi bizə senzura mütləq lazımdır. Azadlıq “nə istəyirsən çək” demək deyil.
Sənətdə məsuliyyət olmalıdır. Məsələn, “Ayıq sürücü” filmində Buzovna qəsəbəsinin adı çəkilir, konkret ünvan göstərilir və həmin yer əxlaqsız bir qadınla əlaqələndirilir. Mən o filmi görəndə möhkəm əsəbiləşdim. Belə olmaz axı.
– Azərbaycan kinosunun yenidən yüksələcəyinə inanırsınız?
– Əlbəttə. Kino dəniz kimidir. Qabarma da olur, çəkilmə də.1960–1980-ci illər Azərbaycan kinosunun intibah dövrü idi. Sonra inkişaf dayandı. Çünki dövlət qayğısı azaldı. İstedad təkbaşına kifayət etmir. Stimul da lazımdır. Vaxtilə yaxşı ssenari müəllifi bir filmə görə avtomobil ala bilirdi. İndi isə ssenari yazmaqla dolanmaq mümkün deyil. Amma inanıram ki, Azərbaycan kinosu yenidən yüksələcək. Sadəcə, bunun üçün həm peşəkar yanaşma, həm də davamlı dövlət dəstəyi lazımdır.
– Bakı sizin üçün nə deməkdir?
– Bakı mənim evimdir. Mən Bakısız yaşaya bilmirəm. Bir dəfə Finlandiyaya getdik deleqasiya ilə. 2-3 gündən sonra mən artıq darıxmağa başladım, Bakını istədim. Dedim, hanı mənim Bakım?! O ki aeroportda təyyarədən düşürsən, “nöyütün” (neftin) iyi gəlir e… hayıf deyil?.. Mən o “nöyütdü” Bakıda daha çox və daha yaxşı yaşayaram, nəinki başqa yerdə. Kubinkada böyümüşəm mən. Onun o torpaqlı küçələrində “kalyaska”, “sanka” düzəldirdik, sürürdük. Elə maraqlı idi bizim uşaqlığımız. Vedrəyə su doldurub Kömürçü bazarı yaxınlığında alver üçün meydan vardı, orada “krujka” (fincan) ilə satırdıq. Bilirsiniz haradı o, “Bizim Cəbiş müəllim” filmində bazar var a, bax oranı deyirəm. Şənbə-bazar günləri orda böyük bazar olurdu. Mən də dostumla orada su satırdım. Qazandığımız pulla təndir çörəyi alırdıq, kabab alırdıq, ləzzətlə yeyirdik. Həmin o günlər, o saat, o dəqiqələri mən indi də yaşayıram. Mən Bakını indiki zamanla yox, bax elə o həmin dövrlə yaşayıram. İndi Bakı əvvəlkindən gözəldir, təmizdir, küçələr, yollar asfaltdır, pilətə düzülüb, gül-çiçək, yaşıllıq, yeni binalar, parklar… Amma mən o küçələrdə də gedəndə elə bilirəm ki, həmin o tozlu yollarla gedirəm. Ruhum orada canlı qalıb…
Söhbətləşdi: Xanım Aydın