Bəzən insanı illərlə geriyə aparmaq üçün nə köhnə bir şəkil lazımdır, nə də uzun-uzadı xatirələr… Bəzən bir qoxu kifayət edir. Təzəcə bişmiş kartoflu pirojkinin isti buxarı, yağın iştahaaçan ətri, qızarmış xəmirin qoxusu… O qoxu bir anda adamı uşaqlığına, köhnə Bakının mehriban küçələrinə aparır.
Bir zamanlar Bakının müxtəlif küçələrində, meydanlarında, metro çıxışlarında – insanların ən gur hərəkət etdiyi yerlərdə xüsusi pirojki arabaları dayanardı. Onlar şəhərin ayrılmaz mənzərəsinə çevrilmişdi. Elə bil Bakının ritmi ilə nəfəs alırdılar. Kimisi işə gedərkən, kimisi məktəbdən çıxanda, kimisi bazardan qayıdarkən mütləq həmin arabanın yanında bir anlıq dayanardı.
Satıcılar da yaddaşlarda xüsusi bir nəzakət və səliqə ilə qalıblar. Üzərlərində tərtəmiz ağ xalat, başlarında ağ kolpak… Arada bir satıcı qışqırardı: “Qaynar pirojkilərdən qalmadı!” Küçədə satış etsələr də, səliqə-sahmanları bir çox restoranlara nümunə ola biləcək qədər yüksək idi. Arabaların üstü həmişə təmiz saxlanılar, pirojkilər xüsusi qutularda isti-isti qorunardı. Satıcı qutunun qapağını açan kimi isti buxar havaya qarışar, elə bir qoxu yayılardı ki, sanki bütün küçə birdən-birə acardı.
Ən maraqlısı isə o idi ki, həmin qoxunun qarşısında tox adam da tab gətirə bilməzdi. Elə bil pirojki adamı özünə çağırırdı. “Bir dənə alım, gedim” deyə yaxınlaşanlar çox vaxt ikisini, üçünü də alırdı. Çünki ilk dişləmədən sonra dayanmaq olmurdu.
İçlik seçimi də kifayət qədər zəngin idi. Ətli, ciyərli, düyülü, noxudlu, kartoflu… Hər kəsin öz sevimlisi vardı. Amma onların arasında bir tac vardı – kartoflu pirojki. Yumşaq kartof püresi, yüngülcə qızardılmış soğanla qarışan o sadə içlik, nazik və zərif xəmirin içində tamam başqa bir ləzzətə çevrilirdi. Bəzən ən sadə yeməklər ən böyük xoşbəxtliyi yaşadır. Kartoflu pirojki də elə həmin xoşbəxtliklərdən biri idi.
O pirojkiləri fərqləndirən yalnız dadı deyildi. Onlarda ev qoxusu vardı. Ana mətbəxinin istiliyi, nənənin bişirdiyi yeməyin səmimiyyəti hiss olunurdu. Elə bil kimsə onları böyük zavodlarda yox, ev sobasında sevə-sevə bişirib gətirmişdi. Hər tikəsində doğmalıq, hər loxmasında qayğı duyulurdu.
Bəlkə də buna görə o pirojkilər adi küçə yeməyi deyildi. Onlar bir dövrün dadı idi. Bakının gündəlik həyatının ayrılmaz hissəsi idi. İnsanlar onları tələsik yeyirdilər, amma xatirələri tələsmədən yaddaşlarına yazılırdı. İllər keçdi, küçələr dəyişdi, insanlar dəyişdi, şəhərin siması yeniləndi. Lakin o isti pirojkinin qoxusu yaddaşın hansısa küncündə olduğu kimi qaldı.
Bu gün Bakıda istənilən zövqə uyğun onlarla çörək evi, kafe, restoran və şirniyyat mağazası fəaliyyət göstərir. Dünyanın müxtəlif mətbəxlərinə aid saysız-hesabsız təamlar təqdim olunur. İsti pirojkini də indi rahatlıqla tapmaq mümkündür. Keyfiyyət, xidmət, gigiyena və çeşid baxımından şəhərin iaşə mədəniyyəti əvvəlki dövrlə müqayisədə xeyli inkişaf edib. Müasir Bakı bu sahədə regionun ən gözəl və ən zəngin şəhərlərindən birinə çevrilib.
Amma ağzımızda, bəlkə də yaddaşımızda qalan o dadın yerini heç nə vermir. Çünki o dad yalnız mətbəxin deyil, zamanın dadıdır. Uşaqlığın, qayğısız günlərin, köhnə küçələrin, tanış simaların, mehriban Bakının xatirəsidir. Hər nə qədər şəhər böyüsə, gözəlləşsə, yenilənsə də, köhnə Bakının o əl yandıran, ürək isidən pirojkiləri yaddaşımızda həmişə isti qalacaq. Elə buna görə də onların qoxusu illər keçsə belə, xatirələrimizin küçələrində dolaşmaqdan əl çəkməyəcək.
Xanım Aydın