1960-cı il avqustun 19-da Baykonur kosmodromundan sovetlərin “Korabl-sputnik-2” aparatı, daha çox tanınan adı ilə “Sputnik-5” kosmosa buraxıldı. Onun göyərtəsində Belka və Strelka adlı iki qarışıq cinsli it var idi. Aparat 25 saat ərzində Yer ətrafında 17 dövrə vurdu və avqustun 20-də heyvanlar sağ-salamat geri qayıtdılar. Onlar kosmosa göndərilən ilk itlər deyildi. Hələ 1957-ci ildə Layka orbitə çıxarılmışdı, lakin onun geri qaytarılması nəzərdə tutulmamışdı. Belka və Strelka isə orbital uçuş həyata keçirərək Yerə sağ qayıdan ilk itlər oldular.
Namizədlər əsasən kiçik ölçülü küçə itləri arasından seçilirdi. Onların daha dözümlü və çətin şəraitə uyğunlaşa bilən olduğu düşünülürdü. Orbital sınaqlar üçün 12 it seçilmişdi. Aylarla davam edən hazırlıq zamanı onları hermetik kabinələrə, səs-küyə, titrəyişə, sentrifuqaya, avtomatik qidalanmaya, xüsusi geyimlərə və tibbi cihazlara öyrəşdirirdilər. İtlərin əvvəlki adları da fərqli idi: Belkanın adı əvvəlcə “Vilna”, Strelkanın isə “Kaplya” olmuşdu.
Risk olduqca böyük idi. Uçuşdan cəmi üç həftə əvvəl — iyulun 28-də raket qəzası zamanı “Lisiçka” və “Çayka” adlı itlər həlak olmuşdular. Buna görə yeni missiyanın məqsədi yalnız çəkisizliyin canlı orqanizmə təsirini öyrənmək deyildi. Eyni zamanda gələcəkdə insanın kosmosa uçuşu üçün lazım olan sistemlər də sınaqdan keçirilirdi.
Belka və Strelka kosmosa tək getməmişdilər. Onlarla birlikdə orbitə 40 siçan, siçovullar, həşəratlar, bitkilər, toxumlar, göbələk kulturları və digər bioloji nümunələr də göndərilmişdi. Beləliklə, kosmik aparat kiçik bir laboratoriyaya çevrilmişdi. Yerdəki alimlər telemetriya və televiziya sistemi vasitəsilə heyvanları izləyir, onların necə hərəkət etdiyini, qidalandığını və çəkisizliyə necə reaksiya verdiyini müşahidə edirdilər.
Dördüncü dövrə zamanı Belka narahat olmağa başladı, hürdü, bağlandığı yerdən çıxmağa çalışdı və onda ürəkbulanma yarandı. Bunun ciddi nəticələri olmadı. Lakin bu hadisə uzun müddət çəkisizlik şəraitində qalmağa ehtiyatla yanaşmağın vacibliyini göstərdi. Belə təcrübələrdən əldə olunan məlumatlar insanın orbital uçuşa hazırlanması zamanı nəzərə alındı. Yuri Qaqarin 1961-ci il aprelin 12-də Yer ətrafında cəmi bir dövrə vurdu.
Yerə qayıdış zamanı itlərin yerləşdiyi konteyner eniş aparatından katapult vasitəsilə ayrıldı. Enişdən sonra Belka və Strelkanın vəziyyəti qənaətbəxş idi. Tezliklə onlar əsl məşhurlara çevrildilər: televiziyada göstərilir, müxtəlif görüşlərə və mətbuat konfranslarına aparılırdılar.
Bu hekayənin gözlənilməz diplomatik davamı da oldu. Strelka iki dəfə sağlam bala dünyaya gətirdi. Onun balalarından biri — Puşinka — Nikita Xruşşov tərəfindən ABŞ Prezidenti Con Kennedinin ailəsinə hədiyyə edildi.
Belka və Strelkanın uçuşu göstərdi ki, canlı orqanizm orbital uçuşa tab gətirə və Yerə sağ-salamat qayıda bilər. Onların geri dönüşündən səkkiz ay keçməmiş Yuri Qaqarin kosmosa uçdu.
Hacı Cavadov