Bakı bağları haqqında danışanda ilk yada düşən dəbdəbəli villalar, hovuzlar və ya landşaft dizaynı deyil. İlk yada düşən uşaqlıqdır. Günəşdən yanmış ayaqlar, qum qoxusu, samovarın tüstüsü, nənənin səsi, dənizdən gələn meh və külafirəngidə günorta mürgüsü…
Bir vaxtlar Bakı bağları elə-belə istirahət məkanı deyildi. Onlar bütöv bir həyat idi. Yay tətili başlayan kimi şəhər boşalardı. Bilgəh, Mərdəkan, Buzovna, Şüvəlan, Pirşağı, Novxanıda bağı olan ailələr bir neçə aylıq ora köçərdi. Hətta bağı olmayanlar da qohumların, tanışların bağ evlərinə üz tutardılar. Çünki Bakı yayı bağsız təsəvvür olunmurdu. Və həm də bağ qonaqlı-qaralı olanda maraqlı olurdu.
Bağ həyətlərinin ilk xüsusiyyəti isti qum idi. Elə qum ki, günorta saatlarında ayaqyalın onun üstü ilə yerimək mümkün olmurdu. Uşaqlar kölgədən kölgəyə qaçır, ayaqlarını yandırmamaq üçün hoppana-hoppana gəzirdilər. Amma nənələrimiz buna imkan verməzdilər. “Yeriyin, qorxmayın. İsti qum dərmandır”, – deyərdilər.
O vaxtlar belə bir inam vardı ki, xüsusilə Abşeronun məşhur qızılqumu revmatizmə, oynaq ağrılarına və bədənin müxtəlif ağrılarına yaxşı təsir edir. Yaşlılar qumun üstündə gəzir, hətta ayaqlarını quma basdırırdılar. Biz uşaqlar isə bunun müalicə olduğunu yox, sadəcə ayaqlarımızın necə yandığını hiss edirdik.
Ayaqyalın gəzməyin başqa bir “bəlası” da vardı – tikan.
Bağ həyətində qaçarkən ayağa tikan batması adi hadisə idi. Sonra evdə kiçik bir “əməliyyat” başlanardı. Nənə tikiş iynəsini alovda qızdırar, lupaya oxşayan eynəyini taxıb diqqətlə ayaqdakı tikanı çıxarmağa çalışardı. Biz ağrıdan gözümüzü yumardıq, o isə sakit səslə “bir az döz” deyərdi. Tikan çıxandan sonra da iş bitməzdi. Bir neçə saat, bəzən bir gün axsaya-axsaya gəzərdik. Amma ertəsi gün yenə ayaqyalın həyətə qaçardıq.
Köhnə Bakı bağlarının ən gözəl guşəsi isə külafirəngi idi.
İndi onu çox az yerdə görmək mümkündür. Halbuki bir vaxtlar demək olar ki, hər bağın bəzəyi məhz külafirəngi idi. Dörd tərəfi açıq olduğundan Bakı küləyi hər tərəfdən əsər, yayın ən isti günündə belə orada sərinlik hökm sürərdi.
Günorta yeməyindən sonra hamı orada salınan döşəklərdə uzanar, başının altında mütəkkə qoyardı. Böyüklər mürgüləyər, uşaqlara isə “səs salmayın” tapşırılardı.
Samovar isə Bakı bağlarının ayrılmaz hissəsi idi.
Bağda samovar qaynamayan gün olmurdu. Axı hər bir azərbaycanlı üçün çay söhbətin, qonaqpərvərliyin, ailə birliyinin rəmzi idi. Axşamlar samovar qaynar, armudu stəkanlarda çay süzülər, mürəbbələr açılar, söhbətlər gecənin qaranlığına qədər davam edərdi. Samovarın yanında isə mütləq nəsə bişərdi.
Ən çox da qutab…
Sacın üstündə bişən qutabların qoxusu bütün həyətə yayılardı. Nənə bişirdikcə nəvələr bir-bir sıraya düzülər, isti-isti qutabları növbə ilə götürüb yeyərdilər. O qutabın dadını bu gün ən bahalı restoranlarda belə tapmaq çətindir.
Bağ həyətinin başqa bir gözəlliyi üzüm meynələri idi.
İndiki kimi hündür talvarlar yox idi. Meynələr çox vaxt torpağın, isti qumun üstü ilə uzanardı. Günəş bütün gün salxımları qızdırar, üzüm daha şirin, daha ətirli yetişərdi.
Yazda yarpaqları yığılardı. Təzə yarpaqdan ləziz dolma bişər, qalan yarpaqlar isə qış üçün duza qoyular və ya xüsusi qaydada saxlanardı. Salxımlar hələ tam yetişməmişkən nənələr qora yığar, ondan təbii abqora hazırlayardılar. O abqoranın turşməzə dadı həm yeməklərə xüsusi ləzzət verər, həm də qış tədarükünün vacib hissəsi sayılardı. Onun da müalicəvi əhəmiyyəti az deyildi. Nənələr deyirdi ki. Təzyiqi aşağı salır.
Bağ həyətinin bir başqa sevinci isə dəniz idi
Səhər tezdən və günortadan sonra uşaqlar ayaqyalın Xəzərə tərəf qaçardılar. O vaxt dənizlə bağ arasında nə böyük hasarlar vardı, nə də avtomobillərin sıx hərəkəti. Dəniz həyatın təbii davamı idi. Günün ən gözəl saatları məhz Xəzərin sərin sularında keçərdi.
Axşam düşəndə isə ulduzlar sayılardı…
Hamı həyətdə “setka” çarpayılarda uzanıb göyə baxardı. O da arabir cırıldayardı. Ulduzlar isə indiki kimi şəhərin işıqları arasında itmir, bütün səmanı bəzəyirdi. Uşaqlar ulduz saymağa başlayardılar. El arasında belə bir inam vardı ki, kim nə qədər çox ulduz saysa, ömrü də bir o qədər uzun olar. Biz də böyük həvəslə sayar, bir yerdən sonra ulduzları qarışdırıb yenidən başlayardıq.
İllər keçdi… Bakı bağları da dəyişdi…
İndi həyətlərdə isti qumun yerini daş plitələr tutub. Ayaqları yandıran o məşhur qızılqum artıq çox yerdə görünmür. Uşaqlar ayaqyalın qumun üstündə yox, ayaqqabıda dekorativ örtüklərin üzərində gəzir.
Meynələr artıq torpağın üstü ilə uzanmır. Səliqəli talvarlarda böyüyür, landşaft dizaynının bir hissəsinə çevrilib. Bağlarda meyvə ağaclarından çox dekorativ bitkilərə rast gəlinir. Külafirənginin yerini qapalı besedkalar, kondisionerli yay mətbəxləri tutub. Samovarın tüstüsü əvvəlki kimi hər həyətdən qalxmır. Onun yerini elektrik çaydanları alıb.
Ən böyük dəyişiklik isə dənizlə bağlıdır
Bir vaxtlar insanlar isti yay günündə tərəddüd etmədən Xəzərə qaçırdılarsa, indi çoxları həyətdəki hovuzu seçir. Dəniz bir az uzaqlaşıb, hovuz isə həyətin mərkəzinə gəlib. Müasir bağlar daha rahat, daha dəbdəbəli, daha funksionaldır. Amma nədənsə həmin rahatlığın içində köhnə bağların səmimiyyəti, qonşuların hasarın o üzündən etdiyi söhbətlər, isti qumun ayaqları yandıran hərarəti və bəlkə də elə o zamanlar çox adi gələn əsən külək çatışmır. Bəlkə də zaman hər şeyi dəyişir. Amma insanın yaddaşında uşaqlığın yayı heç vaxt köhnəlmir.
Köhnə Bakı bağları bu gün bəlkə də əvvəlki görkəmində yoxdur. Ancaq isti qumun qoxusu, ayağa batan tikanın ağrısı, sacdan yeni götürülən qutabın ətri, samovarın tüstüsü, Xəzərin sərin suyu və ulduzlu yay gecələri həmin dövrü yaşamış hər bir bakılının qəlbində hələ də yaşayır…
Xanım Aydın