Türbədə Əhməd İbn Əyyub əl Hafiz Naxçıvaninin dəfn olunduğunu bildirən dəlillər “Nuri-Osmaniyə” kitabxanasında bu gün də qorunmaqdadır
Milli-mənəvi dəyərlər tariximizdə mühüm məqama sahib olan Tanrı evləri, Peyğəmbər və övladlarının, pirlərin, övliyaların uyuduqları müqəddəs məkanlar çoxdur Odlar Yurdu Azərbaycanda. Cərcis peyğəmbərin üzünü söykədiyi Beyləqan torpağı bizim üçün nə qədər əziz, dəyərlidirsə, Bibiheybət və Nardaran pirlərində haqqa qovuşan Peyğəmbər əleyhissəlamın nəvələrinin məqamı da bir o qədər əzizdir. Gəncə İmamzadəsi ilə bir sırada dayanan, üzərinə iki yüzdən çox Allah kəlamı yazılan “Əhməd İbn Əyyub əl Hafiz Naxçıvani”, yaxud “Allah, Allah” türbəsi də dediklərimizə əyani sübutdur. Lənkəranın Şıxakəran, Qəbələnin Həzrə, Şamaxının Dədəgünəş müqəddəsliklərində hüzur bulan insanlar Bərdəyə varanda Tanrı adına açdığı ilk qapı “Allah, Allah” türbəsi olur.
Bərdə qülləsi, Nüşabə qalası kimi də əziz və müqəddəs sayılan Əhməd İbn Əyyub əl Hafiz Naxçıvani türbəsi milli mənlik və milli kimlik tariximizdə mühüm məqama sahib olan yaddaş saxlancıdır.

Qafqaz Albaniyasına bağlı məzarın ünvanı
Şura hökuməti illərində dağılmaq təhlükəsi ilə üzləşən, üzərində iki yüzdən çox “Allah” kəlamı həkk edilən, 1322-ci ildə Memar Əcəmi Naxçivani məktəbinin davamçısı Əhməd İbn Əyyub əl Hafiz Naxçıvani tərəfindən təməli qoyulan türbə, həm də, Yaxın və Orta Şərqin memari incilərindəndir. Təməlindəki məzarın Qafqaz Albaniyasına bağlı müqəddəs şəxslərdən birinə aid olduğu qeyd edilən türbədə Əhməd İbn Əyyub əl Hafiz Naxçıvaninin dəfn olunduğunu bildirən dəlillər “Nuri-Osmaniyə” kitabxanasında bu gün də qorunmaqdadır. Makedoniyalı İsgəndərin Bərdəyə yürüşü zamanı təşkil olunan ziyafətdə iştirak edən Əhməd İbn Əyyub əl Hafiz Naxçıvani onun diqqətini cəlb edib. Dünya fatehi Bərdədən ayrılarkən özü ilə onun layihələrinin bir neçəsini götürdüyü barədə faktlar əldə olunan məlumatlar sırasındadır.
Türbədəki məzarın üzərində qeyd olunmasa da, bu gün də ziyarətə gələnlər “Ya İbni Əl-Əhməd” deyib, dərdinə dərman arayır. İşinə hacət istəyib salavat çevirir. Daha çox şəfa ziyarətgahı kimi qəbul edilən türbədəki məzarın başına səkkiz dəfə dolanan ziyarətçilər iki yüz dəfə Allah kəlamını pıçıldadıqdan sonra bu müqəddəs məkandan ayrılırlar. Onu da deyirlər ki, indiyədək buradan şəfasız ayrılan, dərdinə dava, yarasına məlhəm bulmayan bir kimsə yoxdur.

“Allah, Allah türbəsi” adlandırılması onun bədii tərtibatı ilə bağlıdır
Əhməd İbn Əyyub əl Hafiz Naxçıvani türbəsi və yaxud Nüşabə qalası kimi tanınan türbə memari quruluşuna görə müşahidə qalasını xatırlatdığına, Bərdə hökmdarı Nüşabənin zamanında təməli qoyulduğuna görə həm də mühafizə qalası kimi məşhur olmuşdur. Türbənin adının “Allah, Allah türbəsi” deyə adlandırılması isə şübhəsiz ki, onun bədii tərtibatı zamanı daha çox kufi xətti ilə yazılan Allah kəlamından istifadə olunması ilə bağlıdır. İki yüz dəfə təkrarlanan bu kəlam islamdan öncəki yaddaşı və dəyərləri özündə ehtiva edən memari amil kimi bu gün də alimlərin diqqət mərkəzindədir. Əldə olunan məlumatlardan bəlli olur ki, kəlam türbənin divarlarını diaqonal şəkilində – bu küncdən o küncə örtür.

Mürəkkəb həndəsi və nəbati ornamentlərlə bəzədilən bişmiş pilətələrdən hazırlanmışdır
“Türbənin “Torpaqqala” müdafiə divarları, istehkamı ərazisində yerləşməsi də, onun həqiqətən də, öncə müşahidə və mühafizə xarakterli bir tikili olmasını göstərir. Tədqiqatçı alimlərin gəldiyi qənaətə görə, kürsüdən, əsas həcm və günbəz hissədən ibarət olan qala – türbənin hündürlüyü 14, xarici diametri isə 10 metrə yaxındır. Şimal-Cənub istiqamətdən iki giriş qapısı olan türbənin sərdabəyə birbaşa girişi Şimal tərəfdən olması da, onun həm müqəddəs, həm də mühafizə, müşahidə məkanı olduğunu sübut edir”.
Alimlərin digər qənaətinə görə, mürəkkəb həndəsi və nəbati ornamentlərlə bəzədilən türbənin bəzəkləri iri ölçülü, şirəli, bişmiş pilətələrdən hazırlanmışdır.

Repressiyanın qanlı-qadalı illərində belə bura insanlar üçün müqəddəs hesab olunmuşdu
Şura hökumətinin ilk illərində Qafqaz və Türküstan türklərini ələ almaq üçün Vladimir İliç Lenin “Dini etiqad azadlığı haqqında direktiv”i qəbul etmişdi. 30-cu illərin dəhşətli repressiyaları zamanı isə İosif Stalin həmin direktivi ləğv edərək Dini abidələrin sökülməsi, müqəddəs kitabların yandırılması, Tanrı evlərinin bağlanması, din xadimlərinin sürgün edilməsi haqqında qərar vermişdi. Bu dəhşətli qərarın qara buludları Əhməd İbn Əyyub əl Hafiz Naxçıvani türbəsini də almışdı.
Repressiyanın qanlı-qadalı illərində türbənin sənduqələri dağılsa da, kitabələrin böyük bir qismi silinsə də bura insanlar üçün daima müqəddəs hesab olunmuşdur. Yalnız 1960-cı ildə Vəli Axundovun siyasi hakimiyyəti illərində Əhməd İbn Əyyub əl Hafiz Naxçıvani türbəsi, yaxud Nüşabə qalasında ilk dəfə bərpa işləri aparılmışdır. Bərpaçı memar və mühəndislərin ki, onların ikisi erməni kökənli gürcü, biri isə rus idi. Bu layihə üçün Moskvadan göndərilmişdilər. Onların sayəsində memari inci əsl görkəmini itirmişdir.

Yalnız 2012-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın iradəsi ilə qala-türbənin bərpasına başlanılmış və tarixi əzəməti özünə qaytarılmışdır. 2018-ci ildə türbədəki təmir-bərpa işləri ilə yaxından tanış olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ziyarətgah-kompleksin qapılarını insanların üzünə açmışdır. Bu sivilizasiyaların, mədəniyyətlərin dialoquna, dinlərin tolerantlıq ünvanı olan Odlar Yurdu Azərbaycanın dəyərlər tarixində atılan mühüm imzalardan biri idi.

Mülkü, malikanəsi Şuşada olsa da, Bərdədə – “Allah, Allah türbəsi”nin ətəyində dəfn olunmağı vəsiyyət etmişdi
Tarixdə, tarixi sənədlərdə, rəsmi mənbələrdə “İbn Əl-Əhməd”, el arasında “Əhməd Naxçıvani türbəsi”, xalqın yaddaşından “Nüşabə qalası” kimi boylanan “Allah, Allah türbəsi” təməli qoyulandan illər, əsrlər sonra cəmi bir dəfə XIX yüzildə Qacar şahzadəsi Bəhmən Mirzə Qacar tərəfindən bərpa edilmişdir. Bəhmən Mirzə onun bərpası üçün üç kiloqram qızıl, iki kiloqram gümüş, üç yüz çervon xərcləmişdir. Mülkü, malikanəsi Cıdır düzündə, Şuşa qalasında olsa da, Bərdədə “Nüşabə qalası”nın, “Allah, Allah türbəsi”nin ətəyində dəfn olunmağı vəsiyyət etmişdir. Bəhmən Mirzə Qacarın istəyi nəzərə alınmış, son məqamda onun cənazəsi Şuşadan, Nizami Gəncəvinin dili ilə desək, “Yayı da, qışı da bahar, al lalələr olan”, Qafqaz Albaniyasının paytaxtlarından birinə, müdrikliyi ilə Makedoniyalı İsgəndəri belə heyrətləndirən əfsanəvi Nüşabənin diyarına, Bərdəyə gətirilmişdir.

Dünya bina olandan bir İlahi nizama, düzənə bağlıdır
Qəribəsi, daha maraqlısı isə odur ki, 2012-ci ildə türbənin bərpası üçün qərar alan tarixi şəxsiyyət, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da ata tərəfdən soyu, soy-kökü, şəcərə dəftəri ilə Qacarlar sülaləsinə, Qacarlar İmperiyasına bağlıdır. Dünya bina olandan bir İlahi nizama, düzənə bağlıdır. Allah hər kəsi, hər bir soyu yer üzünə böyük və müqəddəs missiya ilə göndərməz. Mizan, düzən yaradanları, duyğuları, sevgiləri ilə, yeni dünya quranları isə sevərək seçər, əyninə şah, sultan, sərkərdə-xaqan libası, Elçi xalatı, xirqəsi biçər!
Şərəf Cəlilli