Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/28/2026

Paylaşın

HƏR ŞEYDƏN

Barselonanı qoruyan qalxandan şəhəri atəşə tutan silaha çevrilən qala: Montjuikin tarixi

Montjuik, Montjuik dağı, Монтжуик

Barselonanı yuxarıdan seyr edən Montjuik dağının zirvəsində yerləşən bu qala adi hərbi tikilidən daha çox keşməkeşli tarixə şahidlik edir. Şəhəri düşməndən qorumaq üçün inşa olunan qala illər sonra Barselonanın özünə qarşı istifadə olundu və onun topları şəhəri atəşə tutdu.

Montjuik adı qalanın tikilməsindən əsrlər əvvəl məlum idi. IX əsr mənbələrində bu ərazi Mons Judeiqus — “Yəhudi dağı” kimi qeyd olunur. Adın dağın yamaclarında yerləşən orta əsr yəhudi qəbiristanlığı ilə bağlı olduğu bildirilir. Sonrakı dövrlərdə zirvədə müşahidə qülləsi quruldu və şəhərin dəniz tərəfdən təhlükəsizliyinə nəzarət edildi. Buradan gündüz bayraqlarla, gecə isə tonqal yandırmaqla sahilə yaxınlaşan gəmilər haqqında şəhərə xəbər verilirdi.

Qalanın özü 1640-cı ildə, Oraqçılar müharibəsi (red. – ispan dilində Guerra de los Segadores) zamanı meydana gəldi. Barselonanın təcili müdafiəyə ehtiyacı vardı və köhnə qüllənin ətrafında kiçik bir istehkam təxminən bir aya tikildi. Cəmi bir neçə ay sonra, 1641-ci ilin yanvarında istehkam ilk ciddi sınağından uğurla çıxdı və kral ordusunun irəliləyişinin qarşısının alınmasında mühüm rol oynadı.

Montjuik, Montjuik dağı

Zaman keçdikcə Montjuikin rolu tamamilə dəyişdi. Qala İspaniya hakimiyyətinin nəzarətinə keçəndən sonra artıq yalnız Barselonanı qoruyan istehkam deyildi, şəhəri nəzarətdə saxlamaq üçün də istifadə olunurdu. Bu tarixin ən ağır səhifələrindən biri 3 dekabr 1842-ci ildə yaşandı. General Baldomero Esparteronun əmri ilə qaladan Barselona top atəşinə tutuldu. Bir neçə saat ərzində şəhərə mindən çox mərmi yağdı, yüzlərlə bina zədələndi.

Sonrakı illərdə Montjuik hərbi həbsxana kimi istifadə olunmağa başladı. Burada siyasi məhbuslar, fəhlə hərəkatının fəalları və anarxistlər saxlanılırdı. Qalanın ən faciəli səhifələrindən biri 1909-cu ildə pedaqoq Fransesk Ferrer-i-Quardianın, 1940-cı il oktyabrın 15-də isə Kataloniya prezidenti Luis Kompanisin burada güllələnməsi oldu.

Montjuik, Montjuik dağı

Montjuikin tarixində maraqlı bir tarixi səhifə də var. XVIII əsrin sonlarında fransız astronomu Pyer Meşen burada Yer meridianını ölçmək üçün tədqiqatlar aparıb. Bu ölçmələr sonradan metrin uzunluğunun müəyyənləşdirilməsində istifadə olunan böyük elmi layihənin bir hissəsinə çevrilib.

Vətəndaş müharibəsi zamanı qalada ağır Vikkers silahları (Vickers machine gun) yerləşdirildi. Onlardan dördü bu günə qədər qorunub saxlanılıb.

Bu gün Montjuik artıq Barselona üçün təhlükə deyil. Qala muzeyə, tarixi abidəyə və şəhərin ən gözəl mənzərələrinin açıldığı məkana çevrilib. Bu sakitliyin arxasında ziddiyyətli bir tarixi keçmiş dayanır: Barselonanı qorumaq üçün tikilən qala müəyyən bir dövrdə həbsxanaya, sonralar şəhərə qarşı yönəlmiş silaha çevrildi, sonda isə yenidən Barselonanın simvollarından biri oldu.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Ən son

GÜNDƏM

Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin

GÜNDƏM

Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin