Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/20/2026

Paylaşın

HƏR ŞEYDƏN

Telefonsuz, internetsiz, amma xoşbəxt: o yayların sirri nə idi?

Yayın həmişə özünəməxsus bir səsi olub. Həyətdə yelləncəyin asta cırıltısı, pəncərənin altından gələn dost-tanış gülüşləri, sevimli kitabın vərəqlərinin xışıltısı və ananın mehriban və tanış “Bax ha, gecikmə, hava qaralmamış evdə ol!” sözü… O vaxtlar yay tətili telefon ekranına sığmırdı.

Rəqəmsal uşaqlıq dönəmindən, telefonlardan və qadcetlərdən getdikcə daha çox danışdığımız bir vaxtda, internetsiz keçən yay tətilləri daha çox nostalji oyadır. O illərin xatirələrində qəribə bir doğmalıq var. Yetişmiş meyvələrin ətri, həyətlərdən gələn uşaq, dost-tanış səsləri, sevimli kitablar, axşamlar dinlənilən  hekayələr, nağıllar və sanki heç vaxt bitməyəcəkmiş kimi görünən o uzun yay günləri… Bütün bu xatirələr fərqli nəsilləri görünməz bir tellə bir-birinə bağlayır.

Son zənglə başlayan yay

Yay son zənglə birlikdə gəlirdi. Məktəbin son günü bitən kimi evdə şirin bir təlaş başlayırdı. Çamadanlar yığılır, yay paltarları hazırlanır, sevimli kitablar və dəftərlər də mütləq yol çantasına qoyulurdu. Kimisi bağ evinə, kimisi nənə-babasının yanına, kimisi isə rayonlarda yaşayan qohumlarının evinə yollanırdı. Qarşıda isə uşaq gözündə sonu görünməyən üç aylıq tətil bərq vururdu…

Kitablarla keçən sakit günortalar

Yayın öz sakit saatları da vardı. Günorta istisi küçədə oynamağa imkan verməyəndə uşaqlar kölgəli otaqlara çəkilir, kitab rəflərinə üz tuturdular. Nağıllar, macəra romanları, məktəb ədəbiyyatı yay günlərinin ayrılmaz hissəsinə çevrilirdi. Bəzən oxunan kitablar o qədər təsir edirdi ki, onların təsiri ilə ilk şeirlər yazılır, kiçik hekayələr qələmə alınır, uşaq düşüncələri səliqə ilə dəftərlərə köçürülürdü. Bəzən isə elə bircə səhifə çevirmişkən, kitabı tələsik örtmək və yenidən həyətə – uşaqların qaçışdığı o rəngli dünyaya qayıtmaq arzusu yaranırdı.

Həyətlərdə qurulan kiçik dünyalar

Axşamüstü düşən kimi həyətlər canlanırdı. Qonşu uşaqları bir-birini səsləyir, saatlarla bitmək bilməyən oyunlar başlayırdı. “Gizlənqaç”, “ortadaqaldı”, “evcik-evcik”, “7 şüşə”. Yarpaqlardan, çiçək ləçəklərindən və torpaqdan xəyali yeməklər hazırlanır, adi bir həyət, maraqlı, rəngli ev formasında tikilən oturacaqlar uşaqların təsəvvüründə bəzən restoran, bəzən məktəb, bəzən də nağıl dünyasına çevrilirdi.

Bağ evlərindəki kiçik otaqlar isə əsl səhnə rolunu oynayırdı. Uşaqlar şeirlər deyir, mahnılar oxuyur, öz aralarında hazırladıqları tamaşaları böyüklərə təqdim edirdilər. Alqışlar isə onlar üçün ən böyük mükafat sayılırdı.

Dəniz ətirli günlər

Yay həm də dəniz demək idi. Səhərdən axşama qədər dənizdə çimmək, qumda oynamaq, günəşdən qızarmış yanaqlarla evə qayıtmaq həmin günlərin ən gözəl xatirələrindən biri idi. Bəzən isə ailələr təbiətin qoynuna üz tutur, rayonlarda, bağlarda, meyvə ağaclarının kölgəsində günlərini keçirirdilər.

Meyvələr yetişəndə uşaqlar da böyüklərlə birlikdə yığım işlərinə qoşulur, özlərini ailənin vacib bir üzvü kimi hiss edirdilər. Əriklərin, tutun, əncirin əsl dadı da elə bil yalnız həmin aylara məxsus idi.

Axşamların öz nağılı vardı

Gün batdıqca həyətlər sakitləşir, ailələr bir süfrə ətrafında toplaşırdı. Uşaqlar babalarıyla domino, şahmat oynayır, nənələrin və böyüklərin danışdığı nağılları maraqla dinləyirdilər. Televizorda hind filmləri başlayanda isə evdə xüsusi bir ab-hava yaranırdı. İsti yay axşamı uzanır, həyətdə isə ailə süfrəsi ətrafında samovar başında toplaşan söhbətlər gecənin sakitliyinə qarışırdı. Açıq havada içilən samovar çayının tanış dadı isə sanki o anlara xüsusi, əvəzolunmaz bir rahatlıq bəxş edirdi.

Kiçik sevinclərin böyük mənası

O illərdə ən adi hadisələr belə bayram kimi qarşılanırdı. Məhəlləyə gələn şirin pambıq, şirinquş satanı görmək, sərin şirə almaq, dostlarla bölüşərək şirniyyat yemək uşaqlar üçün böyük sevinc idi. Günlər oyunlarla, kitablarla, dəniz ətri ilə, axşam nağılları və uşaq gülüşləri ilə ölçülürdü.

Bəlkə də məhz buna görə internetsiz keçən o yay tətilləri bu gün də müxtəlif nəsillərin yaddaşında eyni istiliklə yaşayır. Çünki həmin yaylar sadəcə üç aylıq istirahət deyildi. Onlar xatirələr, ailə söhbətləri, dostluqlar və uşaqlığın ən saf, ən qayğısız günləri idi.

Nəzrin Mahu

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Türk mifologiyasında bu uca varlıq Ulukayın, Bayterek və ya Aal Luuk Mas adları ilə tanınır. O, həm də

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Xalq yazıçısı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun (1935-2016) uşaqlıqdan sevilən qəhrəmanları

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Xalq yazıçısı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun (1935-2016) uşaqlıqdan sevilən qəhrəmanları
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin