“Behbud xanın qətli Xan Xoyskidən sonra məni incidən ən məşum terror aktı idi. Bolşeviklər içərisində bir Cümhuriyyətçini də itirmək ağır oldu”
Şura hökuməti gəldikdən, Cümhuriyyət iflasa uğradıqdan sonra ölkənin səadətinin Bolşevik Rusiyasında görən saysız-hesabsız azərbaycanlı oldu. Onlardan biri də Stepan Şaumyanın dostu olan Daxili İşlər naziri Behbud xan Cavanşir idi. Daxili İşlər nazirinin öldürülməsi xəbəri Sovet Azərbaycanında şok effekti yaratdı. 44 yaşında terror qurbanı olan nazir Qarabağ xanı İbrahimxəlil xanın nəslinə bağlıydı. O, 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyonlu kəndində anadan olmuşdu. Tiflisdə alman dili təmayüllü realni məktəbdə Stepan Şaumyanla 8 il bir sinifdə oxumuşdu. Sonralar Behbud xan Şaumyanı bir neçə dəfə işə düzəltmiş, onu sürgündən, təqib və həbslərdən xilas etmişdi. Behbud xan Cavanşir sıradan bir tarixi şəxsiyyət deyildi. Azərbaycanda Milli Polis orqanlarının yaradılması onun adı ilə bağlı idi. Behbud xan az-az Cümhuriyyət qurucularından idi ki, o , Bolşevik işğalından, Şura hökumətinin gəlişindən sonra da ölkəni tərk etməmişdi.

1921-ci ildə komissar Nərimanovun tapşırığı ilə Ankaraya ezam olunan Behbud xan Cavanşir yolüstü İstanbula gedir. İyulun 17-də, gecə vaxtı “Təpəbaşı” kozinosundan çıxıb “Pera Palas” otelinə gedərkən arxadan açılan atəşlə qətlə yetirilir. Beşikdağda Yəhya Əfəndi dərgahında dəfn edilir.
Sonralar aparılan araşdırmalar nəticəsində bəlli olur ki, onun qatili Daşnaq Sütyun Partiyasının və Erməni Terror Hərəkatının üzvü Misak Torlekyan olub. O, bu cinayətə görə saxlanılsa da, həbsdə uzun müddət qalmayıb. Digər çoxsaylı qətllər törətməsinə, türklərə qənim kəsilməsinə baxmayaraq, bəraət alaraq Amerikaya qaçırılıb.
Behbud ağa Cavanşirin qətli ilə bağlı düşüncələrini “Varlıq” dərgisinidə qələmə alan Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Behbud xanın qətli Xan Xoyskidən sonra məni incidən ən məşum terror aktı idi. Bolşeviklər içərisində bir Cümhuriyyətçini də itirmək ağır oldu”.
Şərəf Cəlilli