Taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan Azərbaycan Anadolunun, Borçalının, Dərbəndin işğalından, “Gülüstan”, “Türkmənçay” dəhşətlərindən sonra Sovet hakimiyyəti illərində tarixi torpaqlarında qurulan Ermənistana da torpaq vermək məcburiyyətində qaldı.
Donunu Şura hökumətinə dəyişən Çar Rusiyası bununla kifayətlənmədi. 1954-cü ildə Azərbaycanın bir çox bölgələri İrana verildi. SSRİ tərəfindən Azərbaycandan qoparılıb İrana verilən torpaqların kədər tarixi 1954-cü il dekabrın 4-ü ilə bağlıdır.
“Tehran müqaviləsi”nin şərtlərinə uyğun olaraq iki ölkə arasında delimitasiya, demarkasiya məsələlərinə uyğun olaraq Azərbaycandan İrana Naxçıvan Muxtar Respublikasının bir sıra kiçik əraziləri verildi. Nəmin şəhərinin yaxınlığında yerləşən torpaqlar, Sərxəsə yaxın yerlər, Səngərtəpə ilə Atrek çayı ətrafındakı bəzi torpaqlar, Deman və Yeddievlər kəndi, Muğanın İranla sərhəddində – Araz çayı vadisində yerləşən ərazilər, Astaraçay hövzəsindəki tarixi Azərbaycan torpaqları İrana verildi. Həmin torpaqların iki İmperiya arasında işğal edilməsi ilə yeni demarkasiya xətləri çəkildi. Bunun üçün 1957-ci ildə xüsusi komissiya yaradıldı.
SSRİ tərəfindən verilən Azərbaycan torpaqlarının əvəzində Sovet hökuməti İrandan hələ 1881-1891-ci illərdə Qacarlar İmperiyası ilə imzalanan müqavilələrə əsasən İranın Türkmənistanla sərhəddə yerləşən bəzi strateji əhəmiyyətli yüksəklikləri ələ keçirərək Xəzər hövzəsində möhkəmləndi ki, bu da “Əsrin” müqaviləsi imzalanan zaman Rusiya Federasiyasını ciddi pay sahibinə çevirdi.
Şərəf Cəlilli