Bu çağırış yalnız böhrandan sonra şəhərlərin yenidən qurulması ilə bağlı deyil, eyni zamanda insanların həyatlarının, icmalarının və gələcəyə ümidlərinin bərpasını da əhatə edir. Azərbaycan üçün bu məsələ xüsusi məna daşıyır. Təxminən 30 il ərzində məcburi köçkünlər öz doğma evlərinə və icmalarına qayıdacaqları günü gözləyiblər. Azad edilmiş ərazilərdə yerləşən şəhər və kəndlər tamamilə dağıdılıb, bəzi rayonlarda isə dağıntıların miqyası o qədər böyük olub ki, geridə yalnız xarabalığa çevrilmiş yaşayış məntəqələri və çökmüş mənzil infrastrukturu qalıb.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov World Urban Forum 13 çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, yenidənqurma prosesi yalnız tikinti materialları və infrastrukturlarla məhdudlaşmır. Əsl bərpa insanların öz doğma torpaqlarında gələcəyi yenidən təsəvvür edə bildiyi anda başlayır və bu, “aidolma hissi” ilə bağlıdır.
Emin Hüseynov qeyd edib ki, hazırda Azərbaycan regionda ən genişmiqyaslı yenidənqurma və qayıdış proqramlarından birini həyata keçirir. Onun sözlərinə görə, bərpa və yenidənqurma işlərinə böyük həcmdə maliyyə vəsaiti yönəldilib.
Xüsusi nümayəndə vurğulayıb ki, təmsil etdiyi Ağdam, Füzuli və Xocavənd rayonlarında şəhər və kəndlər uzunmüddətli baxış əsasında – davamlılıq, inklüzivlik və dayanıqlılıq prinsipləri nəzərə alınmaqla tamamilə yenidən qurulur.