Hazırda şəhərlər həm iqlim risklərinin təsir mərkəzində, həm də iqlim həllərinin əsas platformalarından biri kimi çıxış edir. BMT Məskunlaşma Proqramının məlumatına əsasən, şəhər əraziləri dünyada istehlak olunan enerjinin təxminən 78 faizini istifadə edir və qlobal istixana qazı emissiyalarının 60 faizdən çoxunu formalaşdırır. Halbuki bu ərazilər Yer səthinin cəmi 2 faizini əhatə edir. Bununla yanaşı, şəhərlər daşqınlar, istilik dalğaları, quraqlıq, fırtınalar və iqlim dəyişiklikləri nəticəsində yaranan infrastruktur pozuntuları kimi risklərlə daha çox üzləşir. Bu problemlər artıq gələcəyin deyil, bugünün reallığıdır və hazırda milyonlarla insanın gündəlik həyatına, iqtisadiyyata, ictimai sağlamlığa və enerji sistemlərinə təsir göstərir. Məhz bu səbəbdən dayanıqlı yanaşmaların əhəmiyyəti getdikcə daha da artır.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev World Urban Forum 13 çərçivəsində keçirilən “Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)” mövzusunda sessiyada videomüraciəti zamanı səsləndirib.
Muxtar Babayev bildirib ki, dayanıqlı yanaşmalar dayanıqlılığı abstrakt anlayışdan konkret, ölçülə bilən və praktik fəaliyyət mexanizminə çevirir.
Onun sözlərinə görə, bu yanaşmalar hesabatlılığın artırılmasına, institusional potensialın gücləndirilməsinə, dövlət və özəl sektorlarda resurslardan daha səmərəli istifadənin təşviqinə xidmət edir.
O qeyd edib ki, Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanması mühüm mərhələ hesab olunur. Bu yanaşma dayanıqlı inkişafın yalnız strategiya və bəyanatlarla məhdudlaşmamalı, eyni zamanda planlaşdırma proseslərinə, layihələrin idarə edilməsinə və gündəlik institusional fəaliyyətə inteqrasiya edilməli olduğunu nümayiş etdirir.