Müasir şəhərlərin inkişaf səviyyəsini müəyyən edən əsas meyarlardan biri inklüzivliyin təmin olunması, yəni bütün insanlar üçün bərabər imkanların yaradılması və maneəsiz mühitin formalaşdırılmasıdır. İnklüzivlik cəmiyyətin bütün təbəqələrinin, xüsusilə həssas qrupların sosial, iqtisadi və ictimai həyatda bərabər hüquq və imkanlarla iştirakını təmin edən əsas prinsiplərdən hesab olunur.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin təşkil etdiyi “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim zamanı çıxışında səsləndirib.
Aygün Əliyeva bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən, dünyada təxminən 1,3 milyard insan, başqa sözlə hər altı nəfərdən biri əlilliklə yaşayır və bu fakt inklüziv şəhər siyasətinin qlobal prioritet olduğunu bir daha göstərir.
Onun sözlərinə görə, inklüziv şəhər anlayışı yalnız fiziki infrastrukturun əlçatanlığı ilə məhdudlaşmır: “Bu yanaşma əlçatan nəqliyyat sistemlərini, maneəsiz ictimai məkanları, görmə və eşitmə məhdudiyyətli şəxslər üçün uyğunlaşdırılmış informasiya resurslarını, eləcə də rəqəmsal xidmətlərə bərabər çıxışı əhatə edir. Beləliklə, bütün vətəndaşların şəhər həyatında tam və səmərəli iştirakına şərait yaradılır”.
A.Əliyeva vurğulayıb ki, Azərbaycan da bu istiqamətdə məqsədyönlü və ardıcıl siyasət həyata keçirir. Son illərdə ictimai məkanların əlçatanlığının artırılması, sosial xidmətlərin daha inklüziv formaya gətirilməsi və şəhər mühitinin müasir standartlara uyğunlaşdırılması sahəsində mühüm addımlar atılıb.
“Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan işarə dilinin tanınması, həmçinin sosial müdafiə sistemində aparılan islahatlar dövlətin bu sahəyə sistemli yanaşmasının göstəricisidir”, – deyə o qeyd edib.
Agentlik sədri əlavə edib ki, inklüziv cəmiyyətin qurulmasında vətəndaş cəmiyyəti institutlarının iştirakı xüsusi rol oynayır. Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları və ictimai təşəbbüs qrupları əlilliyi olan şəxslərin, qadınların, gənclərin, yaşlıların və digər həssas qrupların hüquqlarının müdafiəsi istiqamətində mühüm layihələr həyata keçirir, eyni zamanda ictimai iştirakçılığı və bərabər imkanları təşviq edirlər.
“Maarifləndirmə kampaniyaları, inklüziv təhsil və məşğulluq proqramları, əlçatan mühit təşəbbüsləri, sosial inteqrasiya layihələri və ictimai monitorinq mexanizmləri vasitəsilə bu təşkilatlar dövlətlə cəmiyyət arasında körpü funksiyasını yerinə yetirir. Bununla yanaşı, könüllülük fəaliyyəti, ictimai dialoq platformaları və yerli icmaların, xüsusilə gənclərin qərarvermə proseslərinə cəlb olunması inklüziv inkişafın daha dayanıqlı və iştirakçı modelini gücləndirir”, – deyə Aygün Əliyeva əlavə edib.