Azərbaycan səhnəsinin və ekranının unudulmaz simalarından biri olan Arif Quliyev milli komediya sənətinə özünəməxsus nəfəs gətirən sənətkarlardan idi. O, yaratdığı obrazlarla təkcə tamaşaçıları güldürməyi bacarmır, həm də gündəlik həyatın ağrılarını yumor dili ilə insanlara çatdırırdı. Təbii oyun üslubu, mimikası, improvizasiya bacarığı və xalq dilinə yaxın ifadələri onu milyonların sevimlisinə çevirmişdi.
1950-ci il mayın 16-da Əli-Bayramlı şəhərində dünyaya gələn aktyor sənətə erkən yaşlarından maraq göstərmişdir. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun “Dram və kino aktyorluğu” fakültəsinə daxil olan Arif Quliyev təhsilini başa vurduqdan sonra Mingəçevir Dövlət Dram Teatrında fəaliyyətə başlamışdır. Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu üzrə ali təhsil almış, 1975-ci ildən Musiqili Komediya Teatrında çalışmışdır.
Onun yaradıcılığı əsasən komediya janrı ilə yadda qalsa da, aktyor dramatik və xarakterik rollarda da peşəkarlıq nümayiş etdirmişdir. “Qaynana”, “Məşədi İbad”, “Durna”, “Hicran” kimi tamaşalarda yaratdığı obrazlar Azərbaycan teatr tarixində xüsusi yer tutur. Tamaşaçılar onu xüsusilə gündəlik həyatdan götürülmüş canlı və səmimi personajları ilə sevirdi.
Arif Quliyev televiziya və kinoda da geniş fəaliyyət göstərmişdir. “Bəyin oğurlanması”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Yarımştat”, “Şans”, “Evləri köndələn yar” və digər filmlərdə canlandırdığı obrazlar bu gün də maraqla izlənilir. Onun yaratdığı qəhrəmanlar xalq yumorunun ən canlı nümunələrindən hesab olunur.
Sənətkarın fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1989-cu ildə “Əməkdar artist”, 1993-cü ildə isə “Xalq artisti” fəxri adına layiq görülmüşdür. “Humay”, “Qızıl Dərviş”, “Zirvə” kimi nüfuzlu mükafatların laureatı olmuş, Prezident təqaüdçüsü kimi fəaliyyət göstərmişdir.
Azərbaycan tamaşaçısı Arif Quliyevni yalnız bir aktyor kimi deyil, xalqın içindən çıxmış səmimi sənət adamı kimi xatırlayır. Onun zarafatları, baxışları və yaratdığı obrazlar illər keçsə də aktuallığını itirmir.
Sənətkar 2021-ci il mayın 7-də koronavirus infeksiyası səbəbindən vəfat edib. O, Bakıdakı “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Arif Quliyev Azərbaycan komediya sənətində silinməz iz qoyaraq xalq yaddaşında əbədi yaşayansənətkarlardan birinə çevrilib.
Xanım Aydın