Vaxtilə bir-biri ilə qonşu olan şəhərlərdə saatlar fərqli vaxtı göstərə bilərdi və heç kim onları nasaz hesab etməzdi. İnsanlar vaxtı Günəşə görə müəyyənləşdirdikləri üçün hər şəhərin öz vaxtı, saatı var idi. Qatarlar meydana çıxanda isə bir neçə dəqiqəlik fərq ciddi problemə çevrildi. Hər stansiyada vaxt fərqli olduğu halda hərəkət cədvəlini necə tərtib etmək olardı?
Tədricən saatları uyğunlaşdırmaq zərurəti yarandı. Bu məsələdə Londonun Qrinviç rayonu mühüm rol oynadı. Kral Rəsədxanası məhz bu ərazidə yerləşir. Astronomlar burada ulduzları müşahidə edir, dənizçilərə gəmilərin dənizdəki mövqeyini müəyyənləşdirməyə kömək edirdilər.

1884-cü ilin oktyabrında 25 ölkənin nümayəndələri vahid sıfır meridianını — coğrafi uzunluğun hesablandığı başlanğıc xətti seçmək üçün Vaşinqton şəhərində toplaşdılar. Qrinviçin lehinə səsvermə oktyabrın 13-də keçirildi, yekun qətnamələr isə oktyabrın 22-də qəbul olundu.
Bəs niyə məhz Qrinviç? Bunun praktik səbəbi vardı: dənizçilərin əksəriyyəti artıq coğrafi uzunluğun Qrinviçdən hesablandığı xəritələrdən istifadə edirdi. Yeni başlanğıc nöqtəsi müəyyənləşdirməkdənsə, alışılmış istinad nöqtəsini saxlamaq daha rahat idi.
Meridian Şimal və Cənub qütblərini birləşdirən şərti xətdir. Qrinviç meridianı sıfır nöqtəsi kimi qəbul edildi: ondan şərqə və qərbə doğru coğrafi uzunluq dərəcələrlə hesablanmağa başlandı. Vahid istinad nöqtəsi xəritələrdən istifadəni asanlaşdırdı.

Hər birimizə tanış olan GMT (Greenwich Mean Time) abreviaturası — Qrinviç üzrə orta vaxt anlayışı da bu məkanla bağlıdır. O, müxtəlif ölkələrdə vaxtın uzlaşdırılması üçün əsas rolunu oynayıb. Bütün dünya ölkələri öz yerli vaxtlarını eyni anda dəyişməyib: ümumi qaydalara keçid tədricən baş verib.
Rəsədxananın həyətində tarixi meridian zolaqla işarələnib. Ziyarətçilər eyni anda həm Şərq, həm də Qərb yarımkürəsində olmaq üçün ayaqlarını xəttin ayrı-ayrı tərəflərinə qoyurlar.
Burada nə çay, nə dağ silsiləsi, nə də həqiqi sərhəd var. Sadəcə, insanların vaxtilə razılaşaraq müəyyən etdikləri bir xətt var. Buna baxmayaraq, həmin xətt gəmilərə yol tapmaqda, xəritəçilərə bir-birini anlamaqda, dünyaya isə vaxtını daha uyğun şəkildə tənzimləməkdə kömək edir.
Hacı Cavadov