Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda 17-22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü (WUF13) Sessiyası zamanı səyyar laboratoriya təşkil edəcək.
Baki-baku.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Tədbirə hazırlıq çərçivəsində qonaqların yerləşdiriləcəyi hotellərin qida bloklarında qiymətləndirmələr aparılıb Yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlarla bağlı obyektlərə icrası məcburi göstərişlər verilib və metodiki dəstək göstərilib. Təkrar qiymətləndirmələr nəticəsində nöqsanların aradan qaldırıldığı müəyyən edilib.
Bununla yanaşı, şəhər mərkəzində və otellərə yaxın ərazilərdə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində, eləcə də iri ticarət mərkəzlərində ümumilikdə 300-ə yaxın obyektdə monitorinq aparılıb. Həmin müəssisələrdə sağlamlaşdırma tədbirləri həyata keçirilib.
Həmçinin Bakı Olimpiya Stadionu ərazisində fəaliyyət göstərəcək 2 keytrinq şirkəti və 28 ticarət və ictimai iaşə obyektində də mütəmadi nəzarət tədbirləri görülür və məhsulların tələblərə uyğunluğu qiymətləndirilir. Bütün menyular, xammal və məhsullar Agentliklə razılaşdırılmaqla istifadə edilir. Etiketlərdə dolğun məlumatların əks etdirilməsi xüsusi diqqətdə saxlanılır.
Daha operativ və çevik nəticələrin əldə olunması məqsədilə tədbir müddətində AQTA-nın tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək və məhsullar yerində müayinədən keçiriləcək.