Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/12/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Tarın səsinə ömür həsr edən sənətkar – Səid Rüstəmov

Azərbaycan musiqi mədəniyyətinin inkişafında silinməz iz qoyan sənətkarlardan biri də Səid Rüstəmov olub. Bəstəkar, dirijor, pedaqoq və musiqi təşkilatçısı kimi çoxşaxəli fəaliyyəti ilə tanınan sənətkar təkcə yaratdığı əsərlərlə deyil, milli musiqi məktəbinin formalaşmasına verdiyi töhfələrlə də Azərbaycan mədəniyyət tarixində xüsusi yer tutur.

1907-ci il mayın 12-də İrəvanda dünyaya gələn Səid Rüstəmovun əsl adı Mircabbar Seyidrüstəmzadə idi. Uşaqlıq illəri faciəli hadisələr və köçlərlə keçən gələcək bəstəkar erkən yaşlarında atasını itirmiş, ailəsi ilə birlikdə əvvəlcə Gəncəyə, daha sonra Ağdaşa, sonda isə Bakıya köçmüşdü. Onun musiqiyə sevgisinin formalaşmasında böyük qardaşı Mirhüseyn Rüstəmov mühüm rol oynayıb. Tar ifa edən qardaşının təsiri ilə musiqiyə bağlanan Səid Rüstəmov hələ yeniyetmə yaşlarından piano və truba çalmağı öyrənmişdi.

Onun həyatında dönüş nöqtəsi isə təsadüf nəticəsində Üzeyir Hacıbəyov ilə tanışlığı oldu. Musiqi texnikumunda təhsil alan gənc Səid Rüstəmov burada Üzeyir bəyin not, Mirzə Mansur Mansurovun isə muğam dərslərində iştirak etdi. Bu məktəb gələcək sənətkarın yaradıcılıq istiqamətini müəyyənləşdirdi.

Səid Rüstəmovun fəaliyyəti yalnız bəstəkarlıqla məhdudlaşmırdı. O, uzun illər pedaqoji fəaliyyət göstərərək Azərbaycan musiqi təhsilinin inkişafına böyük töhfələr verdi. 1935-ci ildə yazdığı “Tar məktəbi” dərsliyi bu gün də tar ifaçılığının əsas tədris vəsaitlərindən biri hesab olunur. “Tar üçün melodik etüdlər”, “Not savadı”, “Skripka əlifbası” kimi kitabları isə neçə-neçə musiqiçinin yetişməsində mühüm rol oynayıb.

Azərbaycan xalq çalğı alətləri orkestrinin inkişafı da birbaşa Səid Rüstəmovun adı ilə bağlıdır. 1931-ci ildə yaradılan ilk notlu xalq çalğı alətləri orkestrində əvvəlcə dirijor köməkçisi kimi çalışan sənətkar, daha sonra orkestrin bədii rəhbəri və baş dirijoru oldu. Onun rəhbərliyi altında kollektiv həm Azərbaycanda, həm də ölkə xaricində böyük uğurlar qazandı.

Səid Rüstəmov milli musiqinin müxtəlif janrlarında uğurlu əsərlər yaradıb. Onun “Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” kimi musiqili komediyaları Azərbaycan teatr musiqisinin dəyərli nümunələri sayılır. Xüsusilə “Beş manatlıq gəlin” müasir mövzuda yazılmış ilk Azərbaycan musiqili komediyalarından biri kimi tarixə düşüb.

Bəstəkarın mahnıları isə onu xalqın yaddaşında daha doğma edib. “Sürəyya”, “Oxu, tar”, “Hardasan”, “Gəlmədin”, “Nə deyim”, “Şeir deyilmi” kimi əsərlər Azərbaycan musiqisinin klassik nümunələrinə çevrilib. Onun melodiyalarında həm xalq ruhu, həm lirizm, həm də milli musiqi ənənələrinin zənginliyi duyulur.

İkinci Dünya müharibəsi illərində də Səid Rüstəmov yaradıcılığını dayandırmadı. “Şanlı ordumuz”, “İrəli”, “Sərhədçilərin mahnısı” kimi vətənpərvərlik ruhlu əsərləri ilə cəbhədə döyüşən insanlara mənəvi dəstək verdi. O, hətta hərbi hissələrdə xalq çalğı alətləri orkestri yaradaraq əsgərlər qarşısında çıxışlar təşkil etmişdi.

Səid Rüstəmov həm də böyük musiqi təşkilatçısı idi. O, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri kimi milli musiqi həyatının inkişafında fəal iştirak edib. Uzun illər konservatoriyada çalışaraq Azərbaycan musiqisinə yeni sənətkarlar bəxş edib. Onun tələbələri arasında Ağabacı Rzayeva, Hacı Xanməmmədov kimi tanınmış musiqiçilər də var idi.

1973-cü ildə professor adına layiq görülən sənətkar ömrünün sonuna qədər pedaqoji fəaliyyətini davam etdirdi. 1983-cü ildə ağır infarkt keçirən bəstəkar həmin ilin 10 iyun tarixində Bakıda vəfat etdi və I Fəxri Xiyabanda dəfn olundu.

Bu gün Səid Rüstəmov adı Azərbaycan musiqi tarixində təkcə bəstəkar kimi deyil, milli musiqi məktəbinin qurucularından biri kimi yaşayır. Onun yaratdığı melodiyalar, yetişdirdiyi sənətkarlar və musiqi irsi Azərbaycan mədəniyyətinin ən qiymətli sərvətlərindən biri olaraq qalır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda mayın 12-də havanın 30 dərəcə isti olacağı gözlənilir.

Ən son

Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrında rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında eyniadlı uşaq tamaşasının

Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrında rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında eyniadlı uşaq tamaşasının
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin