Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/28/2026

Paylaşın

TARİXİMİZ

Sarvan döyüşü – Qızıl ordunun Qırmızı terroruna qarşı ilk etirazımız

Sarvan döyüşü

Mixail Yefremov və Mixail Levandoskinin rəhbərlik etdiyi XI Qızıl ordunu gətirən zirehli qatar gecə yarısı Yalama stansiyasında sərt müqavimətlə üzləşdi

İstiqlaliyyət hər bir xalqın haqq etdiyi ən böyük səadət, həm də nemətdir. Ötən əsrin əvvəlində Tiflisdə “İstiqlal Bəyannaməsi”nə imza atan tarixi şəxsiyyətlər 1918-ci ilin 28 mayını Millət, Məmləkət olaraq alın yazımıza çevirdilər. Üstündən 23 ay ötəndən sonra 1920-ci ilin 28 apreli nisgil tariximizə yazıldı. 28 aprelin, XI Qızıl ordunun Qırmızı terrorunun gəlişi ilə Cümhuriyyətlə birlikdə Cümhuriyyət qurucularının kədər salnaməsi yarandı.

1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyasının işğalı nəticəsində süqut etdi. Azərbaycanın XX əsr tarixinin növbəti mərhələsi quruluşun, zamanın, bolşevik Rusiyasının diktəsi ilə yazmağa başladı. Bir qayda olaraq 28 aprel 1920-ci ildə XI Qızıl ordunun heç bir müqavimətlə üzləşmədən xalqın böyük qisminin dəstəyi ilə Bakıya gəlib çıxdığını və Bakıda gülçiçəklə qarşılandığını təbliğ etdilər.

Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra 20-ci illər dövrü üzərindən pərdələr götürüldü, acı gerçəklər gün işığına çıxdı. Aydın oldu ki, bolşevik Rusiyasının işğalçı ordusu Bakıya nəinki adi və sadə şəkildə daxil olmayıb. Hətta Rusiya Azərbaycan sərhəddini keçdiyi andan bəri bir neçə dəfə ordu bölmələrimizin və yerli əhalinin sərt müqaviməti ilə üzləşib.

Sarvan döyüşü

Yüzlərlə Azərbaycan oğlu 70 minlik bolşevik ordusuna qarşı vuruşub şəhid oldu

27 aprel 1920-ci ildə XI ordunun zirehli qatarı gecə yarısı Samur körpüsünü keçərək Azərbaycan ərazisinə daxil olduqdan az sonra Yalama stansiyasında Cümhuriyyət ordusunun Quba alayının 350 nəfərlik bölüyünün komandanı Ağalı Babazadənin rəhbərliyi ilə işğalçı ordunun qüvvələrinə görünməmiş müqavimət göstərib və demək olar ki, bütün əsgərlərimiz bu qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olublar.Lakin çoxları bu gün də bilmir ki, bolşevik ordusunu gətirən zirehli qatar aprelin 28-ni keçən gecə Bakıya tərəf hərəkət edərkən ona daha iki dəfə sərt müqavimət göstərilib. Yüzlərlə Azərbaycan oğlunun 70 minlik bolşevik ordusuna qarşı vuruşaraq şəhid olduğu bu qeyri-bərabər döyüşlərdən biri, daha doğrusu birincisi haqqında çox bilib, az danışdığımız Sarvan döyüşüdür ki, onun Milli Müqavimət hərəkatında mühüm yeri var.

Sarvan döyüşü

Mayıl ağanın, Həmdullah əfəndinin cəsarəti, Qəzənfər Musabəyovun xəyanəti

Xaçmazla Şabran arasında, Sarvan adlanan yerdə Dərbənd-Bakı dəmir yolu üzərində baş verən bu döyüş Mixail Yefremov və Mixail Levandoskinin rəhbərlik etdiyi XI Qızıl ordunu gətirən zirehli qatarın önünə çıxaraq tarix yaratdılar. Gecə yarısı Yalama stansiyasında sərt müqavimətlə üzləşdikdən sonra zirehli qatar Xudat stansiyasından sürətlə keçərək Xaçmaza tərəf yol alsa da  Azərbaycan xalqının güclü iradəsi ilə baş-başa qaldı. Baxmayaraq ki,  qatarda gələnlər arasında Sergo Orconikidze, Anastas Mikayan, erməni və gürcü bolşeviklərlə bərabər həm də qısa müddət sonra eynən komissar Nəriman Nərimanov kimi aldanışını dərk edib bir çox məsələlərə etiraz edən vətən xaini damğası vurularaq bolşevik Rusiyası tərəfindən öldürülən Qəzənfər Musabəyov və Osmanlı ordusunun zabiti Nejdət Paşa da vardı.

Knyaz Tumanovun rəhbərliyi ilə zirehli qatarın artıq Xudatdan keçdiyi barədə məlumat alan, Azərbaycan ordusunun bölmələri gecə ilə Xaçmaz stansiyası yaxınlığındakı körpünü yandırıb dəmir yol xətlərinin bir hissəsini söksələr də təəssüf ki  bu, bolşevik ordusu qatarının hərəkətini yalnız az bir müddət dayandırıb. Zirehli qatar bərpa olunan dəmir yolu ilə hərəkətinə davam etdirib. Qarşıda isə Sarvan stansiyası vardı. Qubalı Mayıl ağanın Cümhuriyyət ordusunda xidmət edən oğlu İbrahim bəyin təşəbbüsü ilə Mayıl ağa silah tutan hər kəsi işğalçı bolşevik ordusunun önünü kəsmək üçün gecə ilə toplamağa nail olmuşdu  Mayıl ağa Zirehli qatarın Xaçmazı keçdiyi xəbərini alan kimi, toplanan dəstə sürətlə Sarvan tərəfə yol almışdı.

Sarvan döyüşü

Qəzənfər Musabəyov: “Bizimlə vuruşsanız özünüzə ziyan edəcəksiniz. Qırmızı orduya qalib gəlmək mümkün deyil”

Bu səbəbdən də  Bolşevik ordusunu gətirən qatarın Xaçmazda ləngiməsi Mayıl ağaya dəstəsini Sarvan yaxınlığında dəmir yol xətlərini sökməyə, müdafiə səddini qurmağa və qatarı dayandırmaq üçün mövqe seçməyə məcbur etmişdi. Səhər açıldıqdan bir qədər sonra XI Qızıl ordunu gətirən III İnternasional zirehli qatar gəlib çıxmış,  yolun kəsildiyini, dəmir yol xətlərinin söküldüyünü və silahlı dəstənin onları gözlədiyini görən XI Ordu komandanlığı qatarın səs gücləndiricisi vasitəsilə qarşı tərəfə müraciət etmişdi.

Az sonra qatarın öndəki paravozunun qapısı açılmış, Mayıl ağanın oğlu İbrahim, və onun məktəb yoldaşı, eyni zaman da Şimal bölgəsində çox insanın hörmət bəslədiyi Dulla Əfəndinin oğlu Qəzənfər Musabəyov əlində səs gücləndirici ilə çölə çıxıb ətrafdakılara səslənmişdi: “Mən Qəzənfərəm. Yol verin keçək, bizim sizinlə işimiz yoxdur. Siz də bilirsiniz ki, önümüzü kəsməyiniz doğru deyil. XI Ordu Anadoluya köməyə gedir. Yanımızda türk zabiti Nejdət Paşa da var, yolu açın!”

Bu sözlər Mayıl ağanın dəstəsində bir qədər çaşqınlıq yaradıb. Paravozun önündə yanbayan asılmış oraq-çəkicli bolşevik bayrağı və ay-ulduzlu türk bayrağına baxan İbrahim bəy atası Mayıl ağaya deyib: “Buna inanmayın, bu bolşevikdir.” Qəzənfər Musabəyov çaşqınlıqdan istifadə edərək İbrahimə tərəf baxaraq dedi: “Bizimlə vuruşsanız özünüzə ziyan edəcəksiniz. Qırmızı orduya qalib gəlmək mümkün deyil. Yolu açın, geri çəkilin. Əsgərlər xətləri düzətsinlər.”

Bu məqamda Mayıl ağa və Həmdullah Əfəndi stansiyadan paytaxt Bakıdakı hökumətlə əlaqə saxlayıb onlardan durumu öyrənmək istəyiblər. Onlar qərar verənə kimi, Qəzənfər Musabəyov sözünü bitirib cəld qatarın içinə daxil olub. Gənc İbrahim bəy isə Qəzənfərin ağ yalan danışdığını başa düşüb qəzəblə üzünü çevirib: “Bədbəxt, satqın, əclaf!” deyərək Qəzənfərin arxasıyca güllə atıb. Atılan güllə paravozun qapısına dəyib. Bu zaman zirehli qatardan qarşı tərəfə pulemyotlardan atəş açılmağa başlayıb.

Sarvan döyüşü

Mayıl ağa dəstəsi və ətrafına toplaşan əksinqilabçılarla Babadağa çəkilib, “Qaçaq Mayıl” adı ilə tanınaraq uzun müddət bolşevik hökumətinə qarşı mübarizə aparıb

Mayıl ağanın dəstəsi dərhal atəşə atəşlə cavab verib və döyüş başlayıb. Müqavimət göstərən dəstənin top və pulemyotları olmadığı üçün bolşevik ordusu qüvvələri onlara qarşı qeyri-bərabər döyüşə girib bu dəstəni topların və pulemyotların sayəsində çox keçmədən dağıdıb. Qatardan tökülən çoxsaylı əskərlər isə Mayıl ağanın dəstəsini sıxışdırıb.

Üç saatdan artıq çəkən döyüşdə itkilərin çoxaldığını və dəstəsinin tükəndiyini görən Mayıl ağa ilə Həmdullah Əfəndi döyüşçülərə geri çəkilmək əmrini verib və sağ qalan dəstə Siyəzən tərəfə çəkilib. Bakıda hakimiyyətin devrilməsindən və bolşeviklərin iqtidara gəlməsindən sonra Mayıl ağa dəstəsi və ətrafına toplaşan əksinqilabçılarla birlikdə Babadağa çəkilib, orada möhkəmlənib. “Qaçaq Mayıl” adı ilə tanınaraq uzun müddət bolşevik hökumətinə qarşı mübarizə aparıb.

Sarvan döyüşü

Məğlub olacaqlarını bilə-bilə ölümün gözünə dik baxaraq Vətənin azadlığı, İstiqlalı yolunda canlarını fəda etməkdən çəkinmədilər

Bütün bu faktlar sübut edir ki, Sarvan döyüşü Bolşevik Rusiyasına qarşı Azərbaycan xalqının ilk böyük dirəniş, etirazı olub. Nəticənin necə olmasından asılı olmayaraq, 10 minlərlə bolşevik əsgərini daşıyan, toplarla silahlanmış zirehli qatarı dayandırmaq, onları tələfata uğratmaq, ümumiyyətlə belə böyük qüvvəyə qarşı az saylı qüvvə ilə döyüşə girmək böyük hadisə idi.

Düzdür, Sarvan döyüşü nəticə etibarilə Azərbaycanın XI Ordu tərəfindən işğal edilməsini dayandırmadı. Bakıda bolşevik çevrilişi baş verdi və Azərbaycan bolşevik Rusiyasının işğalına məruz qaldı. Bütün bunlara baxmayaraq qürur hissiylə qeyd edə bilərik ki, Şura hökumətinin təpədən-dırnağa silahlanmış, o dövr üçün böyük üstünlük sayılan zirehli qatarına, güclü artilleriyası olan 70 minlik ordusuna qarşı 350 nəfərlik dəstə saatlarla vuruşub və xeyli sayda bolşevik əsgərini məhv edib.

Sarvan döyüşünün qəhrəmanları məğlub olacaqlarını bilə-bilə, ölümün gözünə dik baxaraq, donunu Şura Hökumətinə dəyişən Çar Rusiyasına qarşı əlində silah, cəsarətlə mübarizə aparıb, Milli müqavimət hərəkatının mücahidləri kimi Vətənin azadlığı, İstiqlalı yolunda canlarını fəda etməkdən çəkinməyiblər.

Dünyanın ən qüdrətli Bayraq meydanının, İstiqlal abidəsinin ünvanına çevrildilər

Ötən əsrin əvvəlində, “Bir kərə yüksələn Bayraq, bir daha enməz!” nidası ilə yoxdan bir Bayraq yapıb, Dövlət quran Cümhuriyyət qurucuları müasir, müstəqil Azərbaycan Respublikasının bütün atributlarını, idarəçilik sisteminin təməl prinsiplərini müəyyən etdilər. Üstündən 106 il ötəndən sonra belə sonsuz hörmət və ehtiramın simgəsinə, bəlgəsinə döndülər. Dünyanın ən qüdrətli Bayraq Meydanının, İstiqlal Abidəsinin ünvanına çevrildilər. Onların sonsuz, hüdudları məlum olmayan Vətən və İstiqlal sevgilərinin ilk Şəhidləri isə Cümhuriyyət ordusunun Quba Alayının 350 nəfərlik heyəti oldu. Ağayıl Babazadənin, Mayıl Ağanın, Həmdullah Əfəndinin, İbrahim Ağanın igidləri Sarvan döyüşündə “Öldü var, döndü yoxdur!” deyib, Azərbaycan Xalq Cümhuriyyətinin qatilləri – Mixail Yefremovu, Mixail Levandoskini, Sergo Orconikidzeni, Anastas Mikoyanı, Qəzənfər Musabəyovu, Nejdət Paşanı gətirən zirehli qatarın önünə çıxdılar.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya

Ən son

GÜNDƏM

Bakının 4 rayonunda sel və daşqınların təhlükəlisi ilə əlaqədar istinad divarları tikiləcək.

GÜNDƏM

Bakının 4 rayonunda sel və daşqınların təhlükəlisi ilə əlaqədar istinad divarları tikiləcək.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin