Səlməxatunun eşqinə tikilən sarayın ünvanı…
Bakının köhnə məhəllələri təkcə daşdan və torpaqdan ibarət deyil. Onların hər biri bir tarix, bir xatirə, bir insan taleyidir. Bu gün şəhərimizin ən məşhur və tarixi yerlərindən biri olan “40 pilləkən” haqqında danışmaq istəyirik. Bu ərazinin, pilləkənlərin tarixini anlamaq üçün əvvəlcə onların yerləşdiyi məkanın keçmişinə nəzər salaq.
Köhnə Bakının bir hissəsi olan və hazırda “Sovetski” kimi tanınan ərazi əslində bir zamanlar “Sonbala açıqlığı” adlanırdı. Əraziyə bu adın verilməsi heç də təsadüfi olmayıb. “Sonbala” deyilən şəxsin əsl adı isə Hüseynbala Ələsgəroğlu olub, Bakının Corat kəndində dünyaya gəlib. Hüseynbala Ələsgəroğlu XIX əsrin sonlarında Hacı Zeynalabdin Tağıyevin kontorunda maliyyə müdiri işləyirdi.

Məhz Hüseynbalanın təşəbbüsü ilə həmin ərazidə evlərin tikilməsinə, yaşayış məskəninin salınmasına başlanılıb. Demək olar ki, gələcək “Sovetski” məhəlləsinin təməlini qoyanlardan biri və birincisi məhz Hüseynbala Ələsgəroğlu olub. Maraqlı bir fakt da ondan ibarətdir ki, 1950-ci illərdə, ömrünün ahıl çağında həmin Hüseynbala bir zamanlar özünün qurmuş olduğu “Sovetski” ərazisində süd və qatıq satmaqla məşğul olurdu.
Haqqında söz açdığımız “40 pilləkən”in tikintisinin tarixi də elə həmin illərə, məhz XIX əsrin sonlarına gedib çıxır. “Sovetski”nin yuxarı və aşağı məhəllərinin birləşdirmək, onların arasında rahat əlaqəni təmin etmək üçün tikilən bu pilləkənlərin təməli 1886-cı ildə qoyulub və elə həmin il də tikinti işləri tamamlanıb. Hazırda bizim üçün çox sadə görünən bu addımın atılması əslində həmin dövr üçün həyat əhəmiyyəli idi və Bakının infrastrukturunda mühüm rol oynayırdı.
“40 pilləkən” adını eşidən və bu ərazidən keçən hər kəsdə maraqlı bir sual yaranır – niyə məhz “40 pilləkən”? Görünən odur ki, pillələrin sayı 40 deyil, 180-ə yaxın pillə var. Bu ad rəmzi məna daşıyır, çünki xalq arasında 40 rəqəmi qədim zamanlardan müqəddəs hesab edilib. 40 rəqəmi böyüklük, əzəmət, bütövlük, tamamlanmaq mənalarını ifadə edib və “40 pilləkən” həm pillələrinin sayının çoxluğuna görə böyüklüyünə, həmçinin tikilib tamamlanmasına görə belə adlandırılıb.

Bir məqamı da xüsusilə vurğulamaq istəyirik ki, bəzən Bakıda “Duma pilləkəni” adlanan ərazi də səhvən “40 pilləkən” kimi təqdim olunur. Əslində “Duma pilləkəni” Bakının qala divarında 1906-cı ildə, adından da göründüyü kimi Bakı Şəhər Duması (hazırda Bakı Şəhər İcra Hakimiyyətinin binası) ilə Realnı məktəbinin (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin binası) binaları arasında inşa edilib. Tarixi və əsl “40 pilləkən” məhz “Sovetski” ərazisində yerləşir.


“40 pilləkən” təkcə gündəlik həyatın bir hissəsi olmayıb, həm də Azərbaycanın mədəniyyət və incəsənət yaddaşında da iz qoyub. “Azərbaycanfilm” studiyasının bir çox filmlərinin kadrları məhz orada çəkilib. “Telefonçu qız” filmini izləyənlər xatırlayır ki, Zakir və Mehriban obrazlarının görüş səhnələrindən biri məhz bu pilləkənlərdə lentə alınıb.

“40 pilləkən” həm də oktyabr inqilabından əvvəl bolşeviklərin gizli görüş yeri kimi istifadə olunurdu və məhz bu ərazidə sənədlər və gizli materiallar bir-birinə ötürülürdü.
Tarixə nəzər saldığımız zaman Bakıda bolşevik-daşnak dəstələrinin törətdiyi qırğınları da qeyd etmək lazımdır. Belə ki, 1918-ci ilin mart-aprel aylarında erməni daşnak – rus bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırım zamanı Bakı qoçuları qadınları, uşaqları və dinc sakinləri qırğından xilas etmək üçün onları aşağı məhəllələrdən yuxarı məhəllələrə məhz bu pilləkənlərlə daşıyırdılar.
Pilləkənin yerləşdiyi ərazidə sağ tərəfdə Hacı Zeynalabdin Tağıyevin qış malikanəsi, sol tərəfində isə Cabbar Qaryağdıoğlunun mülkü olub.
Cabbar Qaryağdıoğlunun Bakıdakı evinin maraqlı tarixçəsi var. Şuşada xanəndə kimi məşhur olan Cabbar Qaryağdıoğlu Bakıya gəlir. Öz evi olmadığından kirayədə yaşamağa başlayır. Qonşuluqda Səlməxatun adlı bir qıza vurulur və ona elçi düşür. Səlməxatunun atası isə inad edir və deyir ki, öz ev-eşiyi olmayan bir adama qız verməyəcək. Cabbar Qaryağdıoğlu da bundan sonra üçmərtəbəli bir mülk tikdirir. Bir sıra mənbələrdə mülkün 1899-cu, bəzi mənbələrdə isə 1908-ci ildə tikildiyi deyilir. Binanın tikintisində sementdən yox, yalnız yumurtadan istifadə olunur. Bundan sonra Səlmaxatunu ona ərə verirlər.
Bütün bunları nəzərə alsaq, “40 pilləkən” sadəcə daşlardan tikilmiş bir keçid deyil. Bu yer həyatın, kədərin, sevincin və yaddaşın birləşdiyi nöqtədir. Sanki hər pillə bir hekayə danışır. Bu gün də insanlar buradan keçir, lakin addımlayarkən bir anlıq dayanıb keçmişi duymaq lazımdır, çünki bu daşlar bir zamanlar oradan keçən bir çox dəyərli insanların izlərini qoruyur.
Hacı Cavadov